AZ

Makron: İran nəzarətsiz gərginliyin yaratdığı xaosun əvəzini ödəyir...

Fransa prezidenti Tehranı Yaxın Şərq ölkələrinə zərbələri dayandırmağa və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini bərpa etməyə çağırıb...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apardığını bildirib. Makron Tehrandan Yaxın Şərq ölkələrinə qarşı həyata keçirilən zərbələri dayandırmağı tələb edib və Fransanın regiondakı maraqlarını və tərəfdaşlarını qorumağa hazır olduğunu vurğulayıb. O, həmçinin Hörmüz boğazında gəmiçiliyin azad və təhlükəsiz şəkildə həyata keçirilməsinin bərpa edilməsinin vacibliyini qeyd edib. Bu barədə Fransa lideri sosial şəbəkə hesabında paylaşım edib.

Emmanuel Makron bildirib ki, regionda baş verən hadisələr nəzarətdən çıxan eskalasiya ilə xarakterizə olunur və bu proses bütün Yaxın Şərq üçün ciddi nəticələr doğurur. Onun sözlərinə görə, mövcud vəziyyət təkcə bu gün deyil, yaxın illərdə də region ölkələrinin təhlükəsizliyi və sabitliyi üçün ağır nəticələrə səbəb ola bilər. Fransa prezidenti qeyd edib ki, bu vəziyyətin əsas yükünü İran xalqı və bütövlükdə region xalqları daşıyır.

“Hazırda şahidi olduğumuz nəzarətsiz eskalasiya bütün regionu xaosa sürükləyir və bu, həm bu gün, həm də gələcək illərdə ciddi nəticələrə gətirib çıxaracaq. İran xalqı, eləcə də regionun digər xalqları bunun bədəlini ödəyir”, – deyə Emmanuel Makron sosial şəbəkədə yazıb.

Fransa prezidenti hesab edir ki, Yaxın Şərqdə uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması üçün İranın siyasətində və mövcud təhlükəsizlik mexanizmlərində dəyişikliklər zəruridir. Makronun sözlərinə görə, belə bir sistem İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə təminat verməli, eyni zamanda ölkənin ballistik raket proqramından və regionda sabitliyi pozan fəaliyyətlərindən irəli gələn təhlükələrə qarşı effektiv mexanizmlər yaratmalıdır.

Bundan təxminən bir həftə əvvəl Emmanuel Makron Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpasına yönəlmiş xüsusi “müdafiə missiyası”nın hazırlanması barədə də açıqlama vermişdi. Bu təşəbbüs çərçivəsində Fransa və İtaliya İranla danışıqlara başlayaraq beynəlxalq gəmilərin boğazdan təhlükəsiz keçidinə zəmanət verilməsi məsələsini müzakirə edir.

Bununla belə, Financial Times nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Avropa donanması İran tərəfindən hücum riski yaranacağı təqdirdə gəmiləri Hörmüz boğazından hərbi müşayiət etməyə hazır deyil. Qəzetin həmsöhbətləri bildirir ki, Avropa İttifaqına daxil olan ölkələr belə addımların regionda müharibənin daha da genişlənməsinə səbəb ola biləcəyindən ehtiyat edir.

Ekspertlərin fikrincə, Hörmüz boğazı dünya enerji bazarının ən strateji nəqliyyat marşrutlarından biridir və qlobal neft ticarətinin əhəmiyyətli hissəsi məhz bu dəniz yolu vasitəsilə həyata keçirilir. Bu səbəbdən bölgədə hərbi-siyasi gərginliyin artması beynəlxalq ticarətə və enerji bazarlarına ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr