AZ

Deputat: “Müəllimlərin ixtisarı deyil, onların potensialından daha səmərəli istifadə yolları araşdırılmalıdır”

“Azərbaycanda demoqrafik göstəricilərin dəyişməsi və doğum səviyyəsinin azalması, təbii ki, bir sıra sahələrə, o cümlədən təhsil sisteminə də təsir göstərir. Şagird sayının azalması gələcəkdə bəzi məktəblərdə müəllimlərə olan tələbatın azalması riskini yarada bilər və bu, cəmiyyətdə narahatlıq doğurur. Lakin məsələyə yalnız ixtisar prizmasından yanaşmaq düzgün deyil. Əksinə, şagird sayının azalması təhsilin keyfiyyətinin artırılması, siniflərdə şagird sayının optimallaşdırılması və müəllimlərin daha səmərəli şəkildə yerləşdirilməsi üçün də bir imkan kimi qiymətləndirilə bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

R.Nurullayev bildirib ki, doğuş səviyyəsinin azalması ilə bağlı “uşaq pulu”nun yenidən gündəmə gətirilməsi də təsadüfi deyil: “Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə ailələrə verilən sosial dəstək, o cümlədən “uşaq pulu” müəyyən dərəcədə doğum səviyyəsinə müsbət təsir göstərə bilir. Ancaq təkcə bir sosial ödənişin bu problemi tam həll edəcəyini düşünmək də doğru olmaz. Gənc ailələrin mənzil imkanları, stabil gəlir, uşaq bağçalarına çıxış, təhsil və tibbi xidmətlərinin əlçatanlığı kimi amillər də qərarların verilməsində böyük rol oynayır. Buna görə də məsələ kompleks yanaşma tələb edir. Bir tərəfdən demoqrafik siyasət gücləndirilməli, gənc ailələrə sosial dəstək mexanizmləri genişləndirilməlidir, digər tərəfdən isə təhsil sistemində mümkün risklər qabaqcadan nəzərə alınaraq müəllimlərin ixtisarı deyil, onların potensialından daha səmərəli istifadə yolları araşdırılmalıdır. Əsas məqsəd həm demoqrafik sabitliyi qorumaq, həm də təhsil sistemində sosial gərginlik yaranmasının qarşısını almaq olmalıdır".

 

Aytəkin Qardaşova

Tarix: 16 Mart 2026, 08:53   
Seçilən
41
1
pravda.az

2Mənbələr