AZ

Vaxtında ödənilməyən vergilər: hüquqi nəticələr və görülən tədbirlər

Vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi dövlət büdcəsinin formalaşmasının əsas mənbələrindən biridir. Vergi ödəyiciləri hesablanmış vergiləri qanunvericilikdə müəyyən edilmiş müddətlərdə dövlət büdcəsinə ödəməlidirlər. Bəs bu qaydalar pozulanda nə baş verir? Vergilərin vaxtında hesablanıb ödənilməməsi hansı nəticələrə səbəb ola bilər? 

vergiler.az”ın suallarına “Business Service Center” MMC şirkətinin  maliyyə işləri üzrə mütəxəssisi Valeh Xəlilli aydınlıq gətirir. 

Vergilərin gecikdirilməsi və ya ümumiyyətlə ödənilməməsi vergi borcunun yaranmasına səbəb olur və bu halda vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş müxtəlif tədbirlər tətbiq edilir. Bu tədbirlər vergi intizamını təmin etmək və dövlət büdcəsinə daxilolmaları qorumaq məqsədi daşıyır.

Vergi borcunun yaranması

Vergi borcu vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməli olduğu vergi məbləğini ödəmədiyi zaman yaranır. Vergi Məcəlləsinə əsasən, vergi borcu yalnız əsas vergi məbləğindən ibarət olmur, buraya aşağıdakılar da daxil ola bilər:

- Gecikdirilmiş vergi üzrə hesablanan penya;

- Maliyyə sanksiyaları;

- Əlavə hesablanmış vergi məbləğləri.

Vergi borcu yarandıqdan sonra vergi orqanları tərəfindən müəyyən edilmiş ardıcıl tədbirlər həyata keçirilə bilər.

Gecikdirilmiş vergi üzrə penya hesablanması

Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən, vergi öhdəliyi müəyyən olunmuş müddətdə yerinə yetirilmədikdə vergi borcunun məbləğinə gecikdirilmiş hər gün üçün 0,1 faiz məbləğində penya hesablanır. Penya vergi borcu yarandığı gündən başlayaraq, həmin borc tam ödənilənədək davam edir.

Misal 1: Tutaq ki, müəssisə 31 mart tarixində dövlət büdcəsinə 20.000 manat mənfəət vergisi ödəməli idi. Lakin vergi məbləğinin ödənişi 15 aprel tarixində həyata keçirilib.

Gecikmə müddəti: 15 gün

Penya hesablanması: (20.000 x 0,1%) x 15 gün = 300 manat.

Bu halda vergi ödəyicisinin ödəyəcəyi cəmi məbləğ 20.300 manat olacaq:

- Əsas vergi: 20.000 manat;

- Penya: 300 manat;

Bu mexanizm vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsini stimullaşdırmaq məqsədi daşıyır.

Verginin azaldılması və ya gizlədilməsi üzrə maliyyə sanksiyaları

Vergi öhdəliklərinin düzgün hesablanmaması və ya gəlirlərin gizlədilməsi halları aşkar edildikdə, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, maliyyə sanksiyaları tətbiq edilir. Əgər vergi yoxlaması zamanı vergi məbləğinin azaldıldığı müəyyən edilərsə, hesablanmamış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər.

Misal 2: Vergi yoxlaması zamanı müəssisənin uçotdan kənar 50.000 manat satış əməliyyatı həyata keçirdiyi müəyyən edilib. Bu əməliyyata görə dövlət büdcəsinə 10.000 manat vergi ödənilməli idi. Bu halda vergi ödəyicisinə həmin məbləğin 50%-i həcmində maliyyə sanksiyası tətbiq ediləcək:

- Əlavə vergi: 10.000 manat;

- Maliyyə sanksiyası (50%) : 10.000 x 50% = 5.000 manat;

- Penya: gecikmə müddətinə görə ayrıca hesablanır.

Nəticədə vergi ödəyicisinin ödəyəcəyi məbləğ 15.000 manat + penya məbləği təşkil edə bilər.

Bank hesablarına sərəncam qoyulması

Vergi ödəyicisi vergi borcunu könüllü şəkildə ödəmədikdə vergi orqanları Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, bank hesablarına sərəncam qoymaq hüququna malikdirlər. Bu halda bank hesablarına daxil olan vəsaitlərdən vergi borcu məcburi qaydada tutulur.

Misal 3: Bir şirkətin 40.000 manat vergi borcu mövcuddur və bu borc ödənilmir. Vergi orqanı bank hesabına sərəncam göndərir. Hesaba daxil olan 25.000 manat vəsait avtomatik olaraq vergi borcunun ödənilməsinə yönəldilir. Beləliklə, borcun bir hissəsi məcburi qaydada dövlət büdcəsinə köçürülür.

Vergi borcunun əmlak hesabına tutulması

Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

Vergi borcu uzun müddət ödənilmədikdə, vergi orqanları Məcəllənin 89-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakını siyahıya ala və həmin əmlak hesabına borcun ödənilməsini təmin edə bilər. Bu tədbirlər aşağıdakı mərhələləri əhatə edə bilər:

- Əmlakın siyahıya alınması;

- Əmlak üzərinə həbs qoyulması;

- Məhkəmə qərarı əsasında əmlakın satılması.

Misal 4: Müəssisənin 120.000 manat vergi borcu var və uzun müddətdir ki, ödənilmir. Vergi orqanları müəssisənin balansında olan istehsal avadanlığını siyahıya alır və məhkəmə qərarından sonra həmin avadanlıq satışa çıxarılır. Satışdan əldə olunan vəsait hesabına vergi borcu bağlanır.

Vergi yoxlamalarının aparılması

Vergi öhdəliklərinin yerinə yetirilməməsi və ya vergi borclarının yaranması vergi ödəyicisinin fəaliyyətində risk göstəricisi hesab edilə bilər. Bu halda vergi orqanları Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edə bilər. Səyyar vergi yoxlaması zamanı aşağıdakı sənədlər araşdırılır:

- Maliyyə hesabatları;

- Müqavilələr;

- Bank çıxarışları;

- İlkin uçot sənədləri;

- Vergi bəyannamələri və sair.

Yoxlama nəticəsində əlavə vergi öhdəlikləri və maliyyə sanksiyaları müəyyən edilə bilər.

Seçilən
21
1
vergiler.az

2Mənbələr