Qastroenteroloq Evgeniya Zarubina xəbərdarlıq edib ki, südün həddindən artıq istehlakı sağlamlığa zərər verə bilər.
Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru ilə söhbətində məlumat verib.
Zarubina bildirib ki, bir çox insanlarda, xüsusilə yetkin yaşda, laktaz fermenti kifayət qədər istehsal olunmur. Bu ferment süd şəkərini, yəni laktozu parçalamaq üçün lazımdır. Belə hallarda süd məhsullarının istehlakı qarnın şişməsi, qazın artması, ishal, ağrı və ümumi diskomfort yarada bilər.
Həkim əlavə edib ki, bəzi insanlarda inək südü zülalına allergiya da ola bilər. Bu problem daha çox kiçik uşaqlarda rast gəlinir. Belə allergiya adətən dəri səpgiləri, həzm pozğunluqları və koliklərlə özünü göstərir. Lakin nadir hallarda bu ağır allergik reaksiyalara, hətta anafilaksiyaya səbəb ola bilər.
Aytəkin TOFİQQIZI