ain.az, Kulis.az saytına istinadən bildirir.
16 mart İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın Selma Lagerlöfün anım günüdür.
Kulis.az filologiya üzrə elmlər doktoru Həmidə Əliyevanın "Selma Lagerlöfün yaradıcılığında folklor motivləri" yazısını təqdim edir.
Selma Ottiliya Loviza Lagerlöf 20 noyabr 1858-ci ildə İsveçin cənubunda Vermlandəyalətində anadan olmuşdur. Onun tərbiyəsi ilə əsasən nənəsi məşğul olmuş, balacaqızınyaddaşında danışdığı maraqlı nağıl və əfsanələrlə silinməz izlər buraxmışdır. O, böyüyüb məşhur yazıçı olduqdan sonra da yerli folklorun gözəl biliciləri olan nənəsinin və dayəsi Nananın söylədikləri əhvalatların sehrli təsirindən qurtula bilməmişdir.
Selmanın doğulduğu Vermland əyaləti olduqca gözəl təbiətə və zəngin sifahi xalq yaradıcılığı ənənələrinə malik idi. Uşaqlıq illərində nənəsindən eşitdiyi nağıl və əfsanələrin, gözəl təbiət mənzərələrinin təəssüratları Selmanın təxəyyül və fantaziyalarını daha da zənginləşdirirdi. “Əgər qədim adətlərinin və əfsanələrinin bolluğu ilə tanınan Morbakkada böyüməsəydim, heç vaxt yazıçı olmazdım”, — deyə sonralar Lagerlöf etiraf edirdi.
Beləliklə, o, özünün ilk romanını yazmağa başlayır və onun birinci fəslini “İdun” jurnalının keçirdiyi ədəbi müsabiqəyə göndərir. Jurnalın redaktoru nəinki S. Lagerlöfü birinci mükafata layiq görür, həmçinin romanı bütünlükdə jurnalda çap etdirməyi təklif edir. Yaxın rəfiqəsi baronessa Sofi Aldesparenin maddi dəstəyindən istifadə edən Lagerlöf məzuniyyət götürür və “Yosta Berlinq haqqında saqa” (“Gosta Berlings saga”, 1891) romanını bitirir. S. Lagerlöfün digər əsərləri kimi bu roman da öz kökünü qədim Skandinaviya əfsanələrindən və saqalarından götürmüşdür.
Realizm ənənələrinin həmin dövr ədəbiyyatında üstünlük təşkil etməsinə baxmayaraq, yazıçı öz əsərini romantik üslubda yazmış, İsveçin kənd həyatını vətəbiətini vəsf etmişdir. Məhz bu cəhətlərinə görə S. Lagerlöfün əsəri Avqust Strindberq, Henrix İbsen və başqa realist skandinav yazıçılarının əsərlərindən fərqlənirdi. Onun romanı Bayronik qəhrəmanı xatırladan dönük keşişin macəralarından bəhs edirdi. “Yosta Berlinq haqqında saqa” XIX əsrin sonlarına aid olan çox məşhur əsərlərdən biri idi. Bu əsəri başqa cür şifahi şəkildə, ağızdan-ağıza keçən qədim İsveç əfsanələrinin, rəvayətlərinin və novellalarının məcmusu da adlandırmaq olar.
Əsərin qəhrəmanları köhnəVermlandın “həyatın təsvirolunmaz rəngarəngliyinə, şirinliyinə, acılığına, zənginliyinə” heyran qalan romantik sakinləri idi. Onların xarakteri mürəkkəb və ziddiyyətlidir. Bu daha çox əsərin qəhrəmanı Yosta Berlinqə aiddir. O, eyni zamanda, həm möhtəşəm və rəzil, həm də xeyirxah və qəddardır. Yosta Berlinq yalnız başqalarına qarşı deyil, özünə münasibətdə də çox acımasıdır. O öz hərəkətlərinə görə bəzən özünü ciddi şəkildə mühakimə edir.
S. Lagerlöfün yaradıcılığı üçün səciyyəvi olan bu əsərdə əsas motiv fədakarlıq və sevginin xudbinlik, ədavət və qəddarlıq üzərindəki qələbəsi tam qabarıqlığı ilə üzə çıxır. S. Lagerlöf “Yosta Berlinq haqqında saqa” əsərində Vermland sakinlərinin timsalında xalq fantaziyasından doğan nağılvari obraz və personajları canlandırır. Məsələn, yeni sənaye İsveçinin nümayəndəsi, zavod sahibi Sintram şər qüvvəni təmsil edən obraz kimi verilir. Onun adı şərin sinonimidir. Əsərdə sehrli, romantik elementlər reallıq və gerçəkliklə müşayiət olunur.
Qeyd etmək lazımdır ki, fantastikanın reallıqla vəhdətini Lagerlöf danimarkalı yazıçı Hans Kristian Andersendən götürmüşdü. “Gerçəkliklə vəhdət kəsb edən fantastika Lagerlöfə dahi Danimarka yazıçısı Andersendən gəlirdi” (2, s.8). Gölləri, çayları, dağları, düzləri canlandırıb şəxsləndirən Lagerlöf nəinki folklor ənənələrini, həm də bu məşhur nağılçının ənənələrini davam etdirirdi. “Yosta Berlinq haqqında saqa” çapdan çıxdığı ilk dövrdə tənqidçilər tərəfindən heç də birmənalı qaşılanmadı. Selma Lagerlöfü hətta “kənd nağılbazı” da adlandırdılar.
Yalnız romanın nəşrindən iki il sonra danimarkalı tənqidçi Georq Brandesin ona yazdığı müsbət rəy yenidən diqqəti yaxşı mənada bu əsərə yönəltdi. Georq Brandesin fikrinə görə, məhzburoman sayəsində gənc S.Lagerlöf “İsveç ədəbiyyatında görkəmli yer tutdu və yeni müstəqil ton götürdü” (3, s.7).
Məşhur alman yazıçısı Tomas Mann S.Lagerlöfü ilk növbədə dünyaya “Yosta Berlinq haqqında saqa”nı bəxş edən “dahi isveçli” adlandırırdı (2, s.8). 1906-cı ildə Selma Lagerlöfün məşhur uşaq romanı “Nils Holgerssonun İsveç boyu möcüzəli səyahəti” (“Nils Holgerssons underbara resa genom Svenge”, 1906) çapdan çıxdı.
Nağıl ruhunda və üslubunda yazılmış bu əsərdə sehrli nağılların xəyalpərəstliyi ilə kəndli realizmi vəhdət təşkil edirdi. Burada yazıçının qismən R. Kiplinqin naturalist hekayələrindən bəhrələndiyi də hiss olunurdu. Əslində yazıçı Nilsin səyahəti haqqındakı nağılını bir növcoğrafiya dərsliyi kimi nəzərdə tutmuşdu. İsveçin Təhsil Nazirliyi də əsəri ölkənin coğrafiyasını öyrənməkdə əhəmiyyətli hesab edərək onu dərs vəsaiti olaraq qəbul etmişdi. Romanın yaranma tarixi Lagerlöfün İsveçin xalq məktəbləri müəllimlərinin ümumi ittifaqının rəhbərlərindən olan Alfred Dalindən məktub aldığı gündən başlamışdır.
İttifaq köhnə, maraqsız dərs vəsaitlərini canlı və oynaq dildə yazılmış yeni dərsliklərlə əvəz etmək qərarına gəlmişdi. Selma Lagerlöfə keçmiş müəllim və tanınmış yazıçı kimi coğrafiya fənni üzrə məcburi elmi məlumatlarla yanaşı İsveç əyalətlərinin təbiəti, adət-ənənələri və folklorunu əks etdirəcək oxu kitabının yaradılmasında iştirak etmək təklif olunurdu. Təklifi məmnuniyyətlə qəbul edən yazıçı kitabı əvvəldən axıradək özünün yazacağını şərt kimi qoydu. Romanı yazmazdan əvvəl o, coğrafiya, botanika və zoologiya ilə bağlı onlarla elmi əsər və məlumat kitabları oxudu.
Nəticədə yazıçı bütün İsveçi —cənubi Skonedən tutmuş şimali Laplandiyaya qədər quş uçuşu yüksəkliyindən təsvir edən heyrətamiz bir nağıl yarartdı. İsveç həyatını havadan müşahidə edən müəllif oxucuda öz doğma ölkəsinin coğrafiyası, tarixi və mifoloji keçmişi barədə dolğun təsəvvürlər yaratdı.
Tanınmış rus yazıçısı Yuriy Naqibin yazırdı: “Nils haqqında nağılı oxuyarkən inanırsan ki, qaz belində sən uçmusan, hava cərəyanları sənin gözlərini yaşla, qəlbini coşqu ilə dolduraraq üzünün və bədəninin yanından ötüb keçmişlər...” (4). Nils haqqındakı bu ikicildlik nağıl-romanında yazıçı ərköyünlüyündən və xudbinliyindənc ırtdana çevrilən on dörd yaşlı oğlanın başına gələn əhvalatları nəql edir. Qaz belində o, Laplandiyaya doğru səyahətə çıxır və İsveçi qarış-qarış gəzir. Balaca oğlan bu səyahət zamanı tamamilə dəyişilir, insanları və təbiəti sevməyi öyrənir. K. Çukovskinin sözlərilə desək, bu balaca oğlan “başqaları ilə həmfikir, həmdərd olur, onların sevincini bölüşür, çünki bu hissləri yaşamayan insan insan deyil” (5, s.226).
1909-cu ildə isə o, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Selma Lagerlöf dünyada Nobel mükafatı alan ilk qadın yazar olmuşdur. Nobel mükafatının təntənəli təltif mərasimi zamanı təbrik nitqi söyləyən İsveç Akademiyasının üzvü Klaes Annerstend “Yosta berlinq haqqında saqa”nı “qeyri-sağlam və süni realizm” ənənələrindən uzaq, olduqca orijinal bir əsər adlandırmışdır (6).
O, S. Lagerlöfün öz yaradıcılığında dilin təmizliyi və sadəliyini, üslb gözəlliyi və təxəyyül zənginliyini estetik güc və dərin dini hisslərlə birləşdirməsini xüsusilə qeyd etmişdir. S. Lagerlöf qadın azadlığının, emansipasiyasının tərəfdarı idi və onların seçki və digər hüquqlarının qorunması uğrunda mübarizə aparırdı. 1911-ci ildə Stokholmda keçirilən Beynəlxalq qadın Konqresində çıxış edən yazıçı qadınları fəal ictimai fəaliyyətə səsləyirdi. Qadınların hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi ilə bağlı keçirilən tədbirlərdə yaxından iştirak edən yazıçı 1924-cü ildə qadın konqresinin nümayəndə heyətinin üzvü kimi ABŞ-da olmuşdur.
Ümumiyyətlə, həmin dövrdə İsveçdə qadınların emansipasiyası uğrunda hərəkat geniş vüsət almışdı. 1914-cü ildə İsveç akademiyasının tarixində ilk dəfə olaraq qadın namizədi – Selma Lagerlöfü üzv seçməsi, sözsüz, bu hərəkatın ən böyük uğuru idi.
Yaradıcılığının son dövrlərində yazıçı “Lyövenşyöldlərin üzüyü”, “Şarlotta Lyövenşyöld”, “Anna Sverd” romanlarını özündə ehtiva edən məşhur trilogiyasını yazdı. S.Lagerlöfün digər əsərləri kimi bu trilogiya da maraqlı yaranma tarixinə malikdir. Hələ uşaq vaxtı Selma general Yullenspetsin oğurlanmış üzüyü barəsində əhvalat eşitmişdi. Sonradan onun unutduğubuəhvalatı 1903-cü ildə pastor Svensson xatırladaraq İsveç qəzetlərinin birində yazırdı: “Biz ümid edirik ki, bizim ölkəmizdə geniş tanınan Selma Lagerlöf generalın nəslindən olan birinə bu üzüyü yenidən taxmaq imkanı qazandıracaqdır...”
Əslində pastor bu sözlərilə Lagerlöfə yeni bir əsərin süjetini verirdi. Lakin yazıçı Svenssonun bu arzusunu gerçəkləşdirmək üçün uzun zaman məsafəsi qət etməli oldu. Yalnız 1914-cü ildə o, bu hadisənin izinə düşərək qədim zamanlarda mühakimə olunan üç kəndlinin əhvalatını öyrənə bilir. Bu kəndlilərdən məhz hansının qatil olduğunu aydınlaşdırmaq məqsədilə onları “Allahın məhkəməsi”nə vermişdilər. Onların üçünün də günahsız olmasına baxmayaraq qalada həbs cəzasına məhkum etmişdilər.
1920-ci ildə Lagerlöf qeyd kitabçasında Lyevenşyöldlər haqqında trilogiyanın birinci hissəsinin — “Lyevenşyöldlərin üzüyü”nün qaralama variantını yazdı. Yazıçı Yüllenspets familiyasını Lyevenşyöldlə əvəz etdi. 1925-ci ildə isə trilogiyanın həm birinci və həm də ikinci hissəsi çapdan çıxdı. İsveç ədəbiyyatşünası professor Landkvist bu əsərində S. Lagerlöfün “əsil dahilik zirvəsinə çatdığını” qeyd edirdi. 1928-ci ildə, yazıçının 80 illik yubileyində trilogiyanın sonuncu hissəsi — “Anna Sverd” işıq üzü gördü. Professor Landkvist bu xüsusda yazırdı: “Lagerlöfün insanlar haqqında bilgisi o qədər dərin və əhatəlidir ki, “Anna Sverd” həmişə onun yaradıcılığında görkəmli yer tutacaqdır” (7). Avropanın əksər ailə romanlarında dövrün geniş epik mənzərəsi canlandırılır.
Lagerlöfün trilogiyasında isə tarix hadisələrin baş verdiyi fon rolunu oynayaraq məhdud səciyyə daşıyır. Trilogiyada hadisələr XVIII-XIX əsrləri əhatə etsə də, yazıçı bütün İsveç üçün böyük əhəmiyyət kəsb edən hadisələrin üzərindən ötəri keçərək yalnız ayrı-ayrı əyalətlərin -Vermlandın və Delekarliyanın həyatını təsvir edir. Burada isə insanlar daha çox ailə əhvalatlarının və rəvayətlərinin təsiri altındadırlar. Medstubyun kəndinin sakit, həmahəng ritmini yalnız əsərdə bütün etnoqrafik təfərrüatları ilə verilən nişan, toy və dəfn mərasimləri pozur. Lagerlöf trilogiya boyu əyalətdəki xalq həyatının realist təsvirlərini məharətlə yarada bilmişdir.
O, XIX əsr əyalət zadəganlarının yalnız kübar əyləncələrlə şeir yazmaq, rəqs, musiqi və deklamasiya ilə vaxtını keçirdiyini ironik şəkildə təsvir edir.
Lakin din xadimlərinin, xüsusilə də pastorların həyatından bəhs edərkən onun təhkiyə manerasında bir kədər notları hiss olunur. Bu özünü pastor Forsiusun əhvalatında daha qabarıq şəkildə biruzə verir. Yazıçı onun alimlik istedadını dinə qurban verməsindən təəssüfləndiyini gizlədə bilmir. Yazıçı, həmçinin, əsl cəngavər ideallarının yerini qızıl, pul hərisliyinə verməsini, qədim zadəgan nəsillərinin mənən cılızlaşmasını baron Adrian, onun qardaşı Yeran və Karl-Artur kimi obrazların timsalında bacarıqala göstərə bilmişdir. Trilogiyanın əsas qəhrəmanlarını şərh edərkən Lagerlöfün yaradıcılığındakı təkamül diqqəti cəlb edir. Onun trilogiyası bir çox cəhətlərinə görə “Yösta Berlinq haqqında saqa” və “Nils Holgerssonun İsveç boyu möcüzəli səyahəti” əsərlərinə bənzəyir və onlardan seçilir.
“Şarlotta Lyevenşyöld” və “Anna Sverd” romanlarının qəhrəmanı pastor Karl-Artur Ekenstedtin Yösta Berlinqlə bəzi oxşarlıqları vardır. Yösta kasıb qızla evlənmək istəyirdi. Karl-Artur dalekarliyalı kəndli qızla — Anna Sverdin xırdavatçısı ilə evlənir. Yöstanı sərxoşluq, Karl-Arturu isə keşiş olmasına baxmayaraq insanlara bəslədiyi laqeyd münasibət məhv edir. Yösta ilə müqayisədə Karl-Artur daha ziddiyətli obrazdır. O, din adamı olmasına və tərki-dünyalığı təbliğ etməsinə baxmayaraq, dünyəvi ləzzətlərdən də əl çəkmir.
Məsələn, bir yandan yoxsulluğu mədh edirsə, digər tərəfdən vərdiş etdiyi rahatlıqdan da imtina edə bilmir və s. Trilogiyada Karl-Artur obrazının antipodu Şarlottanın əri – zavod sahibi Şagerstryömdür. Lagerlöf bu obraz vasitəsilə Lyevenşyöldlərin məxsus olduğu zadəgan təbəqəsini əvəzləyəcək yeni işgüzar, zirək, enerjili kapitalist tipininin meydana gəldiyini göstərmək istəmişdir. Öz yeni qəhrəmanın timsalında yazıçı romantik və sevgiyə qadir dolğun bir insan obrazı yaratmışdır.
Trilogiyanın qadın qəhrəmanlarını təhlil edərkən qadın emansipasiyasının tərəfdarı olan Lagerlöfün baxışlarını görməmək mümkün deyildir. Onların hamısı-Şarlottadan tutumuş baronessa Ameliyaya qədər ərlərinə qarşı üsyan edən xarakterli qadınlardır. Şarlotta isə Lagerlöf üçün ideal qadındır. O, öz ləyaqət hissini gözəl dərk edir və heç bir vaxt olduğundan yaxşı görünməyə çalışmır.
Zahirən şıltaq təsiri bağışlayan bu qadın əslində çox müstəqil və fədakardır. S. Lagerlöfün sonuncu əsəri olan “Lyevenşyöldlər haqqında trilogiya” bu gün də öz bədii dəyərini və aktuallığını itirməmişdir. Ümumiyyətlə, onun bütün əsərləri yüksək bədii və idraki əhəmiyyət kəsb edir və İsveçin tarixini, mədəniyyətini, folklor ənənələrini öyrənmək baxımından olduqca vacib və maraqlıdır. Qadın ədəbiyyatı müasir incəsənətin səciyyəvi xüsusiyyətlərini əks etdirir, XX əsr estetik axtarışlarına yekun vurur və özünün bədii eksperimentləri, üslub yenilikləri ilə gələcək mədəniyyətin perspektivlərinin müəyyənləşməsinə xidmət göstərir.
Ailə problemləri, uşaqlıq və yetkinlik dövrünün təzadları, “itirilmiş cənnət” arzusu, həyatınmənasını axtarmaq, şəxsiyət və cəmiyyət əlaqələri, “kiçik adam” problemi və s. bu kimi mövzular qadın ədəbiyyatının əsasını təşkil edir. Yazıçı Lüdmila Uliskaya bütün bunları çoxgözəl ifadə edərək deyir: “Kişi dünyası və qadın dünyası – müxtəlif aləmlərdir. Hardasa kəsişirlər, amma tamamilə yox. Qadın dünysında məhəbbət, ailə, uşaqlarla bağlı məsələlər daha çox əhəmiyyət kəsb edir (1, s.215).
Qadın yazıçılar öz əsərlərində nəinki cəmiyyəti narahat edənyeni mövzulara toxunur, həmçinin yeni davranış nümunələri göstərir, qadının sərbəst seçimvə taleyini özü müəyyənləşdirməsi hüququnu müdafiə edirlər. Bu müəlliflərin romanlarında əsas yeri öz həyatını özü quran qadın obrazları tutur. XX əsr qadın yazarları içərisində həm şəxsiyyəti, həm də yaradıcılığı baxımından diqqəti cəlb edən, xüsusi istedada malik sənətkarlardan biri də məşhur İsveç yazıçısı SelmaLagerlöfdür. Selma Lagerlöf 1909-cu ildə yüksək idealizm, parlaq təxəyyül və mənəvi dərketmə cəhətləri ilə xarakterizə olunan əsərlərinə görə Nobel mükafatına layiq görülmüşdür.
Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı?
"Füyuzat” dərgisinin 147-ci sayı işıq üzü gördü
Əsəri qadağan olundu, borca görə həbs edildi - O, niyə "Molyer" təxəllüsünü götürmüşdü?
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.