"Son illərdə beynəlxalq siyasi və iqtisadi dəyişikliklər fonunda Çin ali təhsil sahəsində əməkdaşlıq strategiyasını yenidən formalaşdırır".
AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professor qeyd edib ki, yeni tendensiyaya görə, Çin universitetləri Qərb ölkələri ilə bir sıra proqramları azaltmaqla yanaşı, digər tərəfdaşlarla, xüsusilə də Rusiya ilə əməkdaşlığı genişləndirir:
"Məlumata görə, 2025-ci ilin sonunda Çin Xalq Respublikasının Təhsil Nazirliyi xarici universitetlərlə birgə həyata keçirilən 122 yeni təhsil proqramını təsdiq edib. Bu proqramlar çərçivəsində Rusiya qısa müddətdə Çinin ali təhsil sahəsində ən böyük tərəfdaşlarından biri kimi ilk üçlükdə yer almağa başlayıb.
Ekspertlər qeyd edirlər ki, bu proses qlobal geosiyasi dəyişikliklər və Qərb ölkələri ilə münasibətlərdə yaranmış gərginlik fonunda daha da sürətlənib. ABŞ və Böyük Britaniya universitetləri ilə bir sıra layihələrin dayandırılması Çin universitetlərini yeni tərəfdaşlar axtarmağa vadar edib və bu mərhələdə Rusiya mühüm tərəfdaş kimi ön plana çıxıb.
Ümumiyyətlə, Çin üçün ali təhsilin beynəlmiləlləşməsi hələ XX əsrin sonlarından dövlət strategiyasının əsas istiqamətlərindən biri hesab olunur. Beynəlxalq akademik əməkdaşlıq ölkənin elmi potensialını gücləndirmək, texnoloji inkişafı sürətləndirmək və qlobal rəqabətdə mövqelərini möhkəmləndirmək məqsədi daşıyır.
Mütəxəssislərin fikrincə, Çin və Rusiya arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsi yalnız akademik sahə ilə məhdudlaşmır. Bu əməkdaşlıq gələcəkdə elmi tədqiqatlar, innovasiya layihələri və texnoloji inkişaf sahəsində də yeni imkanlar yarada bilər".