AZ

Qazaxıstanda referendum: Azərbaycanlı müşahidəçilərin rəyinə görə proses şəffaf keçib - FOTO

Qazaxıstanda martın 15-də keçirilən referendum beynəlxalq müşahidəçilərin iştirakı ilə izlənilib. Prosesdə müxtəlif ölkələrdən gələn müşahidəçilərlə yanaşı, Azərbaycan nümayəndələri də səsverməni monitorinq edib. Onlar paytaxt Astanada və digər seçki məntəqələrində səsvermənin gedişini izləyərək təşkilati prosedurlarla tanış olublar.

APA-nın Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Qazaxıstanda referendumu izləyən Azərbaycan Respublikası Milli Məclisinin deputatı və TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Məlahət İbrahimqızı bildirib ki, seçki prosesi beynəlxalq standartlara uyğun həyata keçirilib və səsvermə şəffaf olub.

Deputat Astanada onlarla seçki məntəqəsində müşahidələr apardıqlarını qeyd edib: “Məntəqələrin təşkili beynəlxalq standartlara tam cavab verirdi”.

O əlavə edib ki, seçki məntəqələrində seçicilərlə, yerli müşahidəçilərlə və komissiya üzvləri ilə aparılan görüşlər referendumun açıq və azad şəraitdə təşkil olunduğunu göstərib: “Seçicilərlə həm məntəqələrdə, həm də kənarda söhbətlərimiz zamanı onların referenduma çıxarılan məsələlərə dəstək verdiklərini və fəal iştirak etdiklərini gördük”.

Məlahət İbrahimqızı referendumun Qazaxıstanın demokratik inkişafı baxımından mühüm addım olduğunu vurğulayıb.

Digər azərbaycanlı müşahidəçi, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Nailə Əsgərova isə səsvermənin təşkilati baxımdan yüksək səviyyədə olduğunu bildirib.

Onun sözlərinə görə, Astanada 19 seçki məntəqəsində müşahidələr aparılıb və proses aydın, sistemli və şəffaf şəkildə idarə olunub.

“Seçki komissiyalarının üzvləri öz vəzifələrini məsuliyyətlə yerinə yetirir, seçicilərə lazımi məlumat verir və onları səsvermə qaydaları ilə bağlı düzgün istiqamətləndirirdilər. Şəffaflığın təmin olunması üçün bütün qaydalara əməl edilirdi. Seçicilər sərbəst şəkildə səs vermək imkanına malik idilər,” – Nailə Əsgərova qeyd edib.

O vurğulayıb ki, müşahidələr zamanı heç bir pozuntu və ya seçki prosesinə təsir göstərə biləcək hallar qeydə alınmayıb: “Ümumilikdə referendum açıq, şəffaf və yaxşı təşkil olunmuş şəraitdə keçdi. Bu, seçki prosesinə ictimai etimadın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Xatırladaq ki, martın 15-də Qazaxıstanda yeni Konstitusiyanın qəbul olunması üçün ümumxalq səsverməsi keçirilib. Səsvermədə seçici fəallığı 75 faizə qədər olub. Seçkilərin nəticələri isə bu gün açıqlanacaq.

Azərbaycan Milli
Seçilən
32
3
apa.az

4Mənbələr