Boşanmaların artması son illərdə Azərbaycan cəmiyyətində ciddi sosial problemlərdən biri kimi ön plana çıxır.
Açıqlanan statistik rəqəmlərə əsasən, 2025-ci il ərzində ölkədə 20 min 675 boşanma halları qeydə alınıb. Bu isə o deməkdir ki, ölkədə dağılan ailələrin sayı artmaqda davam edir. Boşanmaların artmasının səbəbləri kimi müxtəlif fikirlər səslənir.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, boşanmalar artıq artan tempdə davam edir, səbəblər isə fərqlidir:
“Düzdür, hər ailənin öz hekəyəsi, özünəməxsus problemi olur. Lakin boşanmalarda əsasən fikir uyğunsuzluğu üstünlük təşkil edir. Bunun da səbəbi cütlüklərin bir-birini tam tanımadan ailə həyatı qurmasıdır. Cütlüklər bir-birini tanıyandan sonra qısa müddət sonra nikah masasına əyləşirlər. Zaman keçəndən sonra hər hansı bir xırda məsələyə görə fikirlərin üst-üstə düşməməsi, onların bir-birinə uyğun cütlük olmaması qənaətinə səbəb olur. Həmçinin, maddiyyat və valideynlərin müdaxiləsi kimi səbəblər də ailələrin dağılmasına səbəb olur”.
Ekspertin sözlərinə görə, bəzi boşanmaların kökündə isə psixoloji səbəblər dayanır:
“Əvvəlki münasibətlərdən qalan mənfi təcrübələr və ailədən gələn yanlış münasibət nümunələri evlilikdə gərginlik yarada bilir. Ona görə də bəzi cütlüklər ailə həyatının ilk ciddi sınaqları ilə üzləşəndə ayrılma qərarı verirlər. Yəni boşanmaların səbəbi müxtəlifdir. Təəssüf ki, artıq cütlüklər ailənin qorunması istiqamətində mübarizə aparmır, ilk mübahisələrdə ayrılıq qərarı verirlər. Nəticədə, ən çox əziyyət çəkən günahsız körpələr olur”.
Günel Cəlilova
