Yeni Fikir Jurnalistlərin Həmkarlar İctimai Birliyinin sədri Müharibələr bəşəriyyət üçün böyük fəlakətdir – Elmira MehdiqızıElmira Mehdiqızı müasir dövrdə baş verən müharibələrin bəşəriyyət üçün yaratdığı təhlükələr barədə açıqlama verib. O bildirib ki, XXI əsr insan həyatına bir çox yeniliklər və inkişaf gətirsə də, dünyada davam edən müharibələr insanları gələcəklə bağlı nikbin düşünməkdən uzaqlaşdırır.
Elmira Mehdiqızının sözlərinə görə, dünyanın bir bölgəsində müharibə səngiyən kimi başqa bir regionda daha amansız qarşıdurmalar başlayır. Onun fikrincə, müharibələrin səbəbi nə olursa-olsun, bu günkü dünya düzənində onların nəticələri olduqca ağır və qorxunc olur. O qeyd edib ki, Azərbaycan da müharibə yaşamış ölkədir, lakin bu mübarizə işğala son qoymaq və öz torpaqlarını azad etmək məqsədi daşıyırdı. Politoloq hesab edir ki, bəzi müasir müharibələrdə isə belə bir ədalət məntiqini görmək çətindir.
Birlik sədri vurğulayıb ki, müasir müharibələr əvvəlkilərdən fərqli olaraq daha dağıdıcı texnologiyalarla aparılır. Artıq dövlətlər uzaqməsafəli raketlər və yüksək texnologiyalı silahlarla böyük dağıntılar yaradırlar.
Elmira Mehdiqızı bildirib ki, müharibələrin ən ağır nəticələrindən biri insanların həyatına vurulan zərbədir. Onun sözlərinə görə, müharibələr zamanı minlərlə, bəzən isə milyonlarla insan həyatını itirir, insanlar öz evlərini tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşürlər.
O həmçinin qeyd edib ki, müharibələr şəhərlərin, kəndlərin və infrastrukturun dağılmasına səbəb olur. Məktəblər, xəstəxanalar, yollar və digər vacib obyektlər məhv edilir ki, bu da cəmiyyətin normal inkişafına ciddi maneə yaradır.
Elmira Mehdiqızı müharibələrin ətraf mühitə vurduğu zərərə də diqqət çəkib. Onun sözlərinə görə, partlayışlar, yanğınlar və kimyəvi maddələr torpağı, suyu və havanı çirkləndirir, hərbi texnikanın çoxlu yanacaq sərf etməsi isə atmosferə istixana qazlarının buraxılmasını artıraraq qlobal istiləşməni gücləndirir.
Sədr əlavə edib ki, bombardmanlar nəticəsində zavodlar, neft anbarları, qaz xətləri və elektrik stansiyaları dağıdılır, bu zaman atmosferə zərərli maddələr yayılır. Döyüşlər və yanğınlar meşələrin məhv olmasına, torpağın zədələnməsinə və biomüxtəlifliyin azalmasına səbəb olur.
Sonda Elmira Mehdiqızı vurğulayıb ki, müharibələr insanların rifahını, təhlükəsizliyini və gələcəyini təhdid edən böyük bir fəlakətdir. Buna görə də dünya dövlətləri mövcud münaqişələri mümkün qədər sülh və dialoq yolu ilə həll etməyə çalışmalıdırlar
Zəhra Ağayeva