AZ

Müasir qlobal çağırışlar Azərbaycanda xidmət sahələrinin inkişafını zəruri edir – ŞƏRH

Bakı, 16 mart, AZƏRTAC

Dünya iqtisadiyyatında ən sürətlə inkişaf edən sahələrdən biri xidmət sektorudur. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ÜDM-in böyük hissəsi məhz xidmət sahələrinin payına düşür. Bu rəqəm ABŞ-da 65 faizdən yuxarı, Türkiyədə 60 faizdən çox, Avropa ölkələrində 60-70 faiz, Azərbaycanda isə 33-34 faiz həcmdədir. Dünyada ÜDM-in strukturunda tədricən aparıcı mövqenin xidmət sahələrinə doğru dəyişdiyini görmək mümkündür. Bu dinamika ticarət, turizm, nəqliyyat, logistika, maliyyə, informasiya texnologiyaları, təhsil, səhiyyə və digər fəaliyyət sahələrini əhatə etməklə iqtisadi artımı sürətləndirir, yeni iş yerləri yaradır və insanların həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır.

Mövzunu AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, son illər Azərbaycanın xarici ticarətində xidmətlərin ixracının əmtəə ixracını üstələməsi və burada nəqliyyat xidmətlərinin öndə olması dövlət başçısının fikirlərini bir daha təsdiq edir.

“Qlobal siyasətdə baş verən geosiyasi dəyişikliklər iqtisadi proseslərə, xüsusilə xidmət sektoruna ciddi təsir göstərir. Yaxın Şərqdə davam edən siyasi və hərbi gərginlik regionda yerləşən Azərbaycan üçün həm risklər, həm də yeni iqtisadi imkanlar yarada bilər. Xüsusilə nəqliyyat-tranzit, logistika və turizm xidmətlərinin inkişafı baxımından mövcud şəraitin dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Konkret olaraq, 2024-cü ildə 3,2 milyard dollarlıq nəqliyyat xidmətləri ixrac edilib və 1,3 milyard dollarlıq müsbət saldoya nail olunub. Ölkəmizin nəqliyyat, tranzit-logistika və turizm xidmətləri sahəsindəki potensialı bu sahələrin uzunmüddətli inkişafını dəstəkləyir. Azərbaycan sabit və stabil dövlətdir. Bu, uzunmüddətli qərarların qəbul edilməsi və dinamik inkişaf üçün əsas amillərdən biridir. Eyni zamanda, Azərbaycanın sülhsevərliliyi, əlverişli coğrafi mövqeyi və uzun illər ərzində qurulmuş infrastrukturunun cəlbediciliyi də xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, Azərbaycan Avropanın “Qlobal Qapılar” layihəsinin əsas prinsiplərinə - davamlılıq, şəffaflıq və uzunmüddətli inkişaf məqsədlərinə sadiq bir ölkədir.

Azərbaycanın nəqliyyat strategiyası yalnız müasir infrastrukturun tikintisi və daşımalardan daha çox gəlir əldə etmək deyil, həm də “yaşıl inkişaf”, ekoloji davamlılıq və rəqəmsal idarəetmə kimi əsas prinsipləri rəhbər tutaraq ümumi regional inkişafa töhfə verməkdir. Bu, nəqliyyat əlaqələrinin əhatə etdiyi bütün ölkələr üçün yalnız logistika və ticarət baxımından deyil - uzunmüddətli iqtisadi inkişaf, regional inteqrasiya, strateji tranzit mövqeyi və geosiyasi güc baxımından da önəmlidir. Eyni zamanda, nəqliyyat-tranzit xidmətləri həm də digər sahələrin inkişafına müsbət təsir edir”, - deyə o qeyd edib.

Aqil Əsədov əlavə edib ki, nəqliyyat-tranzit xidmətləri ilə yanaşı, Azərbaycanda perspektivli xidmət sahələrindən biri də turizmdir: “Bu sahədə xüsusilə işğaldan azad edilmiş ərazilərin zəngin potensialı mövcuddur. Yalnız 2024-cü ildə 2,1 milyard dollarlıq turizm xidmətləri ixrac edilib ki, bu da sahədə 0,5 milyard dollarlıq müsbət saldo yaradıb. Başqa sözlə desək, regionda sabitliyin olduğu dövrdə turizm sektorunda yaradılmış müsbət saldonun indiki durumda daha da artırılması imkanları mövcuddur. Ölkəmizdə təmin olunmuş sabitlik, işğaldan azad edilmiş ərazilərin yaratdığı yeni imkanlar Azərbaycanı alternativ turizm marşturu kimi aktuallaşdırır. Azərbaycanda turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur, lakin hər bir sahənin daxili rəngarəngliyinin artırılması istiqamətində sistemli addımların atılması vacibdir. Əyləncə turizminin inkişaf etdirilməsi həm turistlərin cəlb olunması, həm regionların və ölkənin tanıdılması, həm də ənənəvi inkişaf istiqamətlərinin qorunub saxlanması baxımından əhəmiyyətlidir. Bu məqsədlə, müxtəlif regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə, xalçaçılıq və sənətkarlıq turları, şəbəkə sənəti və şirniyyat hazırlama təcrübələri, kulinariya və kənd turizmi proqramları təşkil edilə bilər ki, bu da ölkəmizin turizm cəlbediciliyini artırmaq baxımından perspektivlidir”.

İqtisadçı alimin fikrincə, müasir dövrdə xidmət sektoru dünya iqtisadiyyatının, eləcə də milli təsərrüfatların ən vacib sahələrindən birinə çevrilib.

“Texnologiyanın inkişafı, qlobal ticarətin genişlənməsi və beynəlxalq əlaqələrin artması xidmət sahələrinin sürətli inkişafına səbəb olur. Regionda baş verən geosiyasi proseslər iqtisadi fəaliyyətə müxtəlif təsirlər göstərir. Bu cür vəziyyətlər bəzən risklər yaratsa da, eyni zamanda, yeni iqtisadi imkanlar açır. Təbii ki, belə hallarda vəziyyəti düzgün dəyərləndirən tərəflər daha çox qazanırlar. Ölkəmizin əlverişli coğrafi mövqeyi, sabitlik və tərəqqi mühiti, inkişaf etmiş infrastrukturu və həyata keçirilən iqtisadi islahatlar, proqram təminatlı dövlət idarəetməsi nəinki nəqliyyat-tranzit, ümumilikdə xidmət sektorunun inkişafı üçün geniş imkanlar yaradır, Azərbaycanın regional iqtisadi mərkəz kimi əhəmiyyətini daha da artırır”, - deyə A.Əsədov diqqətə çatdırıb.

Seçilən
2
2
azertag.az

3Mənbələr