Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, hakim Nino Qalustaşvilinin hökmünə əsasən, Mikautadze ona qarşı irəli sürülmüş doqquz ittihamın hamısında təqsirli bilinib.
Qərara əsasən, o, həmçinin 2 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilib.
Hökmə əsasən, Mikautadzenin əmlakının bir hissəsi də müsadirə olunub. Müsadirə edilən əmlaklara İspaniyada və Mtsxetada yerləşən evlər, ona və həyat yoldaşına məxsus üç avtomobil, eləcə də Naxidur Su Elektrik Stansiyasındakı 15 %-lik payı daxildir.
Məhkəmə Mikautadzeni qanunsuz gəlirlərin leqallaşdırılması ("çirkli pulların yuyulması"), vəzifə səlahiyyətlərindən sui-istifadə, sahibkarlıq fəaliyyətində qanunsuz iştirak və digər korrupsiya xarakterli cinayətlərdə təqsirli bilib.
Qeyd edək ki, hüquq-mühafizə orqanları Mikautadzeni 20 iyun 2025-ci ildə saxlayıb. Prokurorluq ona qarşı bir neçə epizod üzrə ittiham irəli sürmüşdü, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq fəaliyyəti və külli miqdarda gəlirin leqallaşdırılması ilə bağlı ittihamlar.
Məhkəmə qərarı elan edilərkən nə Mikautadze, nə də onun ailə üzvləri iclasda iştirak ediblər.