AZ

AKADEMİK SÜKUT və ELMİN YENİ “GEOSİYASƏTİ”... Xalid NİYAZOVUN YAZISI

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Xalid NİYAZOV,

Əməkdar jurnalist

Elm və texnologiya rəqabətində Azərbaycanın mövqeyi və gələcək inkişaf çağırışları

I məqalə

Zəruri sözönü: Son günlər Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasındakı kütləvi mürgüləmə mənzərəsi ilə bağlı yerindən təzəcə durub “çəkələy”ini tələsik ayağına keçirən da, buna intellektual səviyyəsi və mənəvi haqqı çatıb-çatmayan da ağzına-ağlına gələni yazır. Nə baş verir: elm silkinib son illərin ağır və ağrılı mirasındanmı qurtulmaq istəyir, yoxsa ölkənin “qiraət” mətbəxində mövzu qıtlığıdır?! Bəli, göz şahidi olduğumuz heç də xoş mənzərə deyildi. Zira, xalq akademiyanın divarları arasında “yuxu seansları”nın deyil, gərgin elmi debatların getdiyini düşünməkdədir, əslində, gedir də. Lakin bütün bu sözlü “linçləmə” prosesinin tən ortasında bir “əmma” var; bəziləri elə bilir ki, alimləri zər-zibaya bələyib, yağ-bal içində bəsləyirlər və onların bir anlıq gözlərinin çimirini almaq nədir, heç gecə belə yatmağa haqları yoxdur. Və “yaylım atəşləri”nin əsas tətikçisi də elə bu səbəbdir – adlı-sanlı akademik-professura camiəsi vergilərimiz hesabına maaş alıb mürgüləyir, “əcnəbisə bu arada balonla seyrə çıxır”.

O cür düşünənlərin kükrəyən etiraz və ehtiraslarının üzərinə soyuq su səpmək üçün qələmə alınıb bu yazı. Oxuyub başa çatanadək nəfəsin “qaralma” ehtimalı var, amma toxunduğumuz məsələləri bilməkdə fayda var – Elmimiz naminə!

* * *

Elm tarix boyu yalnız bilik istehsalçısı deyil, cəmiyyətin inkişaf trayektoriyasını müəyyən edən əsas qüvvə kimi çıxış etmişdir. Sənaye inqilablarından rəqəmsal transformasiyaya qədər bütün böyük sıçrayışların mərkəzində elmi bilik, onun tətbiqi və institusional dəstəyi dayanmışdır. Müasir dövrdə isə elmi potensial təkcə nüfuz göstəricisi, istehsalın texniki bazası deyil, iqtisadi artımın, bəşər inkişafının, insan rifahının və sosial dayanıqlığın əsas mühərrikidir, yüksək həyat keyfiyyətinin, texnoloji suverenlik və milli təhlükəsizliyin təminatının qidalandığı strateji biliklər sistemidir. 

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında səsləndirdiyi tezis bu reallığı dəqiq ifadə edir: “Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir; resurs gəlirləri isə insan kapitalına və texnologiyaya yönəlməlidir”.

İnstitusional prioritetlər

Bilik əsaslı iqtisadiyyat modelində ölkələrin rəqabət qabiliyyəti təbii resursların bolluğu ilə deyil, elmi biliklərin yaradılması, kommersiyalaşdırılması və dövlət siyasətinə inteqrasiyası ilə ölçülür. Elm burada üçlü funksiyanı yerinə yetirir:

- iqtisadiyyat üçün yeni texnologiya və məhsullar yaradır;

- cəmiyyət üçün sosial problemlərin (səhiyyə, ekologiya, urbanizasiya, təhlükəsizlik) həllinə elmi dəstək verir;

- dövlət üçün strateji qərarların rasional və uzunmüddətli təməlini formalaşdırır.

Yüksək əlavə dəyər yaradan bazarlar, bir qayda olaraq, dayanıqlı və elmə bağlı münbit iqtisadi mühitin mövcud olduğu yerlərdə formalaşırlar: tədqiqat → texnologiya → məhsul → ixrac və bu dövriyyənin məntiqi yekunu kimitədqiqatlara yenidən investisiya. Bu gün həyat məmnuniyyətinin, insanların rifah halının səviyyəsi həmin klasterin nə qədər uğurlu çalışmasından birbaşa asılıdır.

Həmin tezisin arxasında qlobal meyil dayanır: dünyada elm xərcləri artır və 2024-cü il üzrə qlobal R&D (Tədqiqat və İnkişaf) xərclərinin təxminən 2.87 trilyon ABŞ dolları səviyyəsinə yüksəldiyi qeyd olunur ki, bu da qlobal iqtisadiyyatın elmi-texnoloji “matrisasının” genişlənməsi istiqamətində uzunmüddətli tendensiyanın davam etdiyini göstərir. Bu, elmi “sosial xərc” kimi dəyərləndirən deyil, “strateji investisiya” tək səciyyələndirən ölkələrin üstünlüyünü daha da dərinləşdirir.

Paralel olaraq elmin inkişafında “ikinci inqilab” kimi xarakterizə edilən AI-for-Science (Elmdə Süni İntellektin Tətbiqi) istiqaməti güclənməkdədir. Bu yanaşma elmi kəşflərin sürətləndirilməsi, mürəkkəb proseslərin modelləşdirilməsi, eksperimentlərin optimallaşdırılması və böyük həcmli məlumatların təhlili üçün süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutur. OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) açıq şəkildə vurğulayır ki, elmi məhsuldarlığın artırılması süni intellektin həm iqtisadi, həm də sosial baxımdan ən yüksək dəyər yaradan tətbiq sahələrindən biri ola bilər.

Dünyada elmin vəziyyəti: rəqəmlərin söylədiyi həqiqət

Qlobal rəqabətdə ən sadə, lakin sadə olduğu qədər də ən sərt indikator R&D (Araşdırma və İnkişaf) xərclərinin ÜDM-də payıdır. Gəlin nəzər salaq:

-Avropa İttifaqı (EU) üzrə R&D xərcləri 2024-cü ildə ÜDM-in 2.24%-i səviyyəsində göstərilir.

-OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) məkanında R&D intensivliyi uzun illərdir yüksək zonada qərar tutub; belə ki, OECD mənbələri bu göstəricinin təxminən2.7% ətrafında tərəddüd etdiyini söyləyirlər (2022–2023-cü illərin dinamikası ilə).

Bu rəqəmlərin ifadə etdiyi bir gerçək də var: “texnoloji hegemonluq” öz-özünə yaranmır; belə bir status davamlı maliyyə və idarəetmə intizamı tələb edir.

Müasir dövrdə süni intellektin elmin, belə demək mümkünsə, yeni “mühərrik”inə çevrildiyi vazkeçilməz gerçəkdir. Deyə bilərik ki, son üç-beş ildə elmi istehsalın strukturunda ən kəskin dəyişiklik “AI-for-Science” (Elmdə süni intellektin tətbiqi) dalğasıdır:

-OECD “Artificial Intelligence in Science” (süni intellektin elmi tədqiqatlarda tətbiqi) hesabatı Sİ-in elmi məhsuldarlığı sürətləndirərək iqtisadi və sosial baxımdan ən dəyərli tətbiqlərdən birinə çevrildiyini vurğulayır.

-Stanford HAI-ın “AI Index Report 2025” (Stanford Universitetinin Süni İntellekt üzrə elmi mərkəzi) sənədi Sİ-in tədqiqat, patentləşdirmə və tətbiq dinamikasında sürətli artımı sistemləşdirir.

-Nature-də(yüksək reytinqli akademik jurnal) ən yeni (2026 yanvar) tədqiqat Sİ-dən istifadə edən alimlərin məhsuldarlığının və sitat göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəldiyini, eyni zamanda bəzi risklər (mövzu müxtəlifliyinin daralması, əməkdaşlıq intensivliyinin azalması kimi) yaratdığını da göstərir.

Günümüzün praktik nəticəsi ondan ibarətdir ki, süni intellekt yalnız “alət” deyil, elmin təşkilatlanma modelini dəyişən infrastrukturdur (hesablama gücü, data ekosistemi, kadr, etik-hüquqi çərçivə nöqteyi-nəzərindən). Və təqdim etdiyimiz yığcam statistika sərhədlərimizdən uzaqlarda elmlə zəkanın məhsuldar və səmərəli işbirliyinin satisfaksiyasıdır. Bəs bizim elm təsərrüfatımızda vəziyyət necədir?

Azərbaycanda elmin göstəriciləri: müqayisəli diaqnoz

Belə bir statistikadan sonra proloqdakı fikrimizə zəruri bir redaktə: – Azərbaycanda elmin məzlum durumunun əsil səbəbkarı nə Elmlər Akademiyasıdır, nə onun rəhbərliyi, nə də ki, alimlər. Bu, daha çox institusional səviyyədə araşdırılmağa möhtac məsələdir, sistem xarakterli problemdir. Heç şübhəsiz, zəhmətkeş, dəyərli alimlərimiz də var, ortada sanballı tədqiqatlar da az deyil, elmmetrik mənbələrdə məqalələr dərc olunur, monoqrafiyalar işıq üzü görür... lakin bütün bunlar elmin ağır qatarını çəkib aparmağa kifayət etmir.

Neçə il əvvəl elan olundu ki, iqtisadiyyatda əsas ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə düşəcək. İnkişafın əsas magistral xətti insan kapitalı, bilik iqtisadiyyatı olacaq. Hesab edin ki, neft yoxdur!

Vətəndaşlar bu çağırışı normal, yeni inkişaf “era”sının rəhni kimi qarşıladılar.

Elm də qeyri-neft sektorudur.

Orta və kiçik biznesə ötən illərdə milyardlarla vəsait ayrılıb.

Aqrar sahəyə milyardlarla sərmayə yatırılıb.

Nəticə?! Həmin seqmentlərin ixracda məhsul və dəyər ekvivalenti kimi iştirakı hansı “optimist” rəqəmlərlə ifadə olunur?

Bəs gəlin görək elmə nə ayrılıb? Biz yüksək texnologiyaların inkişafının elə bir mərhələsinə gəlib yetişmişik ki, dırnaq boyda bir “çip”, mükəmməl bir proqram təminatı ölkəyə yüzlərlə neft eşelonunun pulunu qazandıra bilər.

Dünya şöhrətli azərbaycanlı alim Lütfizadənin bu xüsusda praktik bir fikri var; deyir ki, elmə iki yanaşma mövcuddur: yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik.

Bizdə elmə münasibət daha çox emosional-romantik ovqatdadır... məhəbbətdə buna “konfet-çiçək dövrü” deyirlər.

Elmlə bağlı yazılarımızdadönə-dönə təkrarladığımız və elmi işin təşkili ilə məşğul olan mütəxəssislər tərəfindən müəyyənləşdirilmiş, eləcə də müxtəlif ölkələrin inkişafı timsalında öz təsdiqini tapmış normativ bir qənaət var – əgər hər hansı ölkədə elmin maliyyələşdirilməsi ÜDM-in 1 faizini təşkil edirsə, elm o ölkə üçün olsa-olsa sosial-mədəni funksiyanı yerinə yetirə bilər. Yəni bu halda elm həmin cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi və ictimai-siyasi həyatında proseslərə ciddi təsir göstərmək imkanına malik olmayan dekorativ fon statusunda mövcud olur. Əgər maliyyələşmənin həcmi ÜDM-in 2 faizini təşkil edirsə, elm bilik istehsal edər, 3 faizini təşkil edirsə, sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilər. Bu, dünyanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrinin timsalında təsdiqini tapmış imperativdir.

“2024-cü ilin büdcəsindən təhsilə büdcə xərclərinin 12 faizi, elmə 0,5 faizi qədər vəsait ayrilmışdır. Təhsilə ayrılan vəsait ÜDM-in 3,5 fazi, elmə ayrılan vəsait isə 0,16 faizi qədərdir. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlükəsizlik meyarının kritik həddindən 12 dəfə aşağıdır... Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda elmin maliyyələşdirilməsinin 2020-ci ilədək ÜDM-in 1%-i səviyyəsinə çatdırılması, elmi işçilərin əmək haqqlarının 2 dəfə artırılması hədəfləndirilmişdi. Bunların heç biri həyata keçmədi. Ona görə də BMT-nin araşdırmalarına görə, Azərbaycanda elmi tədqiqat xərclərinin ÜDM-ə nisbətdə xüsusi çəkisi 0,16 olmaqla 151 ölkə arasında 121-ci, təhsilə ayrılan xərclərinin ÜDM-ə nisbətdə xüsusi çəkisi isə 3,5 faiz olmaqla 100 ölkə arasında 94-cü yerdə qərarlaşıb".

Bu, fikirləri iqtisadçı-deputat Ə.Məsimli Milli Məclisin iclasında söyləyib.

Keçmişə qısaca bir tənəzzöh edək;1980-1990-cı illəri əhatə edən dövrdə Azərbaycanda büdcədən elmə ayrılan xərclərin ÜDM-də payı 0,3-0,5 faiz hüdudlarında idisə, 2005-2010-cu illər ərzində bu rəqəm 0,5 faiz təşkil etmişdir. Hazırda həmin rəqəm qismən yüksəlsə də, bu artımla dünya miqyasında texnoloji sıçrayış etmək çətindir, bir qədər də praqmatik və səmimi olsaq, mümkünsüzdür.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının(WIPO) “Qlobal Innovasiya Indeksi - 2025” ölkə profili üzrə Azərbaycanda Araşdırma və İnkişaf (R&D) xərcləri 2023-də ÜDM-in 0.18%-i kimi təqdim edilir. Bu rəqəm Aİ (2.24%) və OECD (≈2.7%) ölkələrinin səviyyələri ilə müqayisədə dəfələrlə aşağıdır. Ortadakı fərq təkcə “maliyyə qıtlığı” deyil, eyni zamanda, elmi nəticənin iqtisadiyyata çevrilməsində (tətbiq, patent, spin-off, sənaye-universitet əlaqələri) struktur problemlərin də göstəricisidir.

2025-ci ildə ölkə büdcəsindən elmə 239.213.243 manat ayrılmışdır ki, bu da ÜDM-in 0.16 faizindən də aşağıda qərar tutan bir rəqəmdir.

Ümumiyyətlə, elmin strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olub-olmaması, ilk növbədə, bir qədər yuxarıda da vurğuladığımz kimi hər bir ölkənin ümumi daxili məhsulunda (ÜDM) elm sahəsinə ayrılan maliyyə vəsaiti əsasında müəyyənləşir. Müqayisə üçün bildirək ki, bu göstərici Avropa Birliyi ölkələrindən İsveçdə 3,9 faiz, Finlandiyada 3,5 faiz, Almaniyada 2,5 faiz, Fransada 2,1 faiz, Böyük Britaniyada 1,7 faiz, İspaniya və İtaliyada isə 1,1 faizdir. Bəlkə elə sadaladığımız ölkələrin hər sahədə öndə olmasının bir yetərli səbəbi də elə budur?!

Elmi tədqiqatlara daha çox büdcə vəsaiti ayıran ölkələrin sırası da maraqlı olar deyə paylaşırıq: İsrail (5,56%); Cənubi Koreya (4,93%); Belçika (3,46%); ABŞ (3,46%); İsveçrə (3,42%).

Təbii ki, böyük ölkələrin qarşısında duran vəzifələr və hədəflədikləri məqsədlər də böyük olaraq qalır. Və yüksək texnologiyalar əsrində elm fenomeni özünü birmənalı şəkildə inkişafın əsas lokomotivi, hərəkətverici və qidalandırıcı qüvvəsi kimi təsdiq etdiyinə görə hökumətlərin və transmilli şirkətlərin bu sahəyə marağı və ciddi maliyyə “inyeksiyası” təbii olduğu qədər də başadüşüləndir. “Görünən dağa nə bələdçi”, görünür, həmin “dünya” şirkətləri ölkəmizdə bu sahədə bir işartı görmədikləri üçün yanımızdan keçib qonşuların qapısını döyürlər.

İnsan kapitalı: kəmiyyət və “beyin miqrasiyası” problemi

Bəli, Azərbaycan elminin ən “türfə” problemlərindən biri, bəlkə də birinciyə ən yaxını “beyin axını” problemidir. Elmə deyil, elmdən beyin axını güclənməkdədir. Beyin miqrasiyası artıq milli təhlükəsizliyə təhdid səviyyəsinə çatmaqdadır. Canını-başını elm yolunda fəda etmiş alimlər qocalırlar, gənclər isə elmə maraq göstərmirlər. Və belə bir indifferentliyin qayət əsaslı, dəlilli-arqumentli izahı vardır; alimlik artıq cəmiyyətdə nüfuzlu məşğuliyyət sayılmır, alimin aylıq gəliri metro qarşısında dilənən qaraçıların aylıq qazancından azdır, alimi təqaüdə çıxdıqdan sonra xəstəlik deyil, azarladıqda dava-dərmanı nə ilə alacağı, nəvəsinə beş-on manat cibxərcliyini necə verəcəyinin stressi öldürür. Elm “bolşevik” inqilabı deyil ki, “ura-patriotizm”lə, sığallı-tumarlı tezis və şüarlarla yemləyəsən, ciddi maliyyə inyeksiyası lazımdır bu təsərrüfata, alimin ləyaqətli həyat səviyyəsini təmin etmək lazımdır... lap elə yıxdığımız quruluşda olduğu kimi.

Bu yerdə ölkə prezidentinin AMEA-nın məlum yığıncağındakı çıxışından iri bir istinada ehtiyac duyulur: “Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər.”

Demək olar ki, manifest səviyyəsində bir bəyanatdır. Bəli, məsələ hərlənib-fırlanıb insan kapitalının, konkret halda bu gün elmin də, rəqəmsallaşmanın da, texnoloji sıçrayışın taleyinin də açar ismi sayılan alimdən gedir.

“GII 2025” (Qlobal İnnovasiya İndeksi)profilində Azərbaycanda tədqiqatçıların sayı 2023-cü ildə təxminən 1.663 FTE / milyon nəfər (1 milyon əhaliyə düşən 1.663 tam ştat ekvivalentində (FTE) tədqiqatçı) kimi göstərilir.

Belə bir göstərici bəzi ölkələrlə müqayisədə heç də pis görünməyə bilər, lakin aşağı R&D (Araşdırma və İnkişaf) payı şəraitində bu kadr potensialı ya elmi infrastrukturun zəifliyi ucbatından “tam gücü ilə” işləyə bilmir, ya da daha yüksək maaş, laboratoriya və qrant imkanları olan bazarlara üz tutur (beyin axını).

“GII 2025” profilində patentlərin (mənşəyə görə) və yüksək texnologiyalı ixracın məbləği ayrıca göstərilir; əldə edə bildiyimiz məlumatlara əsasən, ölkəmizdə yüksək texnologiyalı ixrac 2023-cü ildə təxminən 57.6 milyon ABŞ dolları təşkil etmişdir.Dünya Bankına görə isə 2024-cü ildə Azərbaycan təxminən 37 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalı ixrac həyata keçirmişdir.

Yerli mənbə – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə “İxrac icmalı” bir ayrı rəqəm göstərir. İcmala əsasən, 2024-cü ildə Azərbaycan xaricə təqribən 177.47 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalı məhsul (manufactured exports) ixrac etmişdir. Bununla da yüksək texnologiyalı məhsulların ümumi ixracda payı 0.78 faiz təşkil etmişdir.

Çoxdurmu-azdırmı, nəticəni özünüz çıxarın.

Məsələ ondadır ki, ölkəmizin innovasiya çıxışları var, patent potensialı mövcuddur, amma yüksək texnologiya ixracı zəifdir. Bu isə öz növbəsində “ideya → məhsul → bazar” zəncirinin hələ yetərincə möhkəmlənmədiyini göstərən siqnaldır.

Bir daha Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində ölkə elminin qarşıdakı illər üçün prioritetlərinin yol xəritəsi sayıla biləcək çıxışına qayıtmaq istərdik. Ölkə başçısının elmlə bağlı tezisləri üç paradiqmal xətt üzərində qurulmuşdu: texnoloji prioritet, süni intellekt və rəqəmsallaşma. Burada texnoloji inkişaf təhlükəsizlik və inkişafın mühüm şərti kimi determinə edilir. Süni intellektlə bağlı fikir daha çox çağırış səciyyəsi daşıyır: “Biz burada geri qalmamalıyıq… Azərbaycanda süni intellektin həm inkişafı, həm də … tətbiqi bu gün reallıqdır və … alimlərin fəal iştirakını gözləyirik.”

Eyni zamanda, Prezident rəqəmsallaşma və kibertəhlükəsizliyin birinin zamanın qaçılmaz zərurəti, digərinin isə milli təhlükəsizlik üçün “virtual yox, fiziki təhlükəsizlik” olduğunu vurğuladı.

Bu tezislər “elm yalnız akademiya daxilində qapanmamalıdır” ismarışını verir: elmin nəticəsi iqtisadiyyata, idarəetməyə, təhlükəsizliyə işləməlidir.

Prezident İ.Əliyevin 5 yanvar 2026-cı ildə yerli telekanallara müsahibəsinin mətni daha çox geosiyasət, enerji, infrastruktur və müdafiə mövzularını əhatə etsə də, orada “texnoloji baxış”ı gücləndirən xətt aydın görünürdü: müdafiə sənayesində özəl sektorun cəlb edilməsi, lisenziyalaşdırma və istehsalın genişlənməsi kimi yanaşmalar “tətbiqi-texnoloji” modelin elementidir. Bu, elmin iqtisadiyyata bağlanması üçün mühüm ismarışdı: sənaye tələbi formalaşanda (müdafiə, enerji, su-təmizləmə, logistika, kibertəhlükəsizlik və s.), elmi ekosistem də nəticə istehsal etməyə daha tez məcbur olur.

Beləliklə, aşağı maaş və investisiya kasadlığı elmin mövqelərinin kifayət qədər zəiflədiyinin “görünən” tərəfidir. “Aysberqin” görünməyən tərəfində isə beş ciddi struktur “qüsuru” gizlənir:

1.R&D (Araşdırma və İnkişaf) maliyyələşməsi azdır və sabit deyil (0.18% ÜDM)

2.Qrant bazarı məhduddur: rəqabətli qrantlar artmadan keyfiyyətli tədqiqatın həcmi böyüyə bilməz.

3.Universitet-sənaye körpüsü zəifdir: elmi nəticə patentə, prototipə, müqaviləli tədqiqat gəlirinə çevrilmədikcə maaşların artma ehtimalı da pessemizmə kökləyir.

4.Sİ və data infrastrukturu (hesablama gücü, açıq məlumat, laboratoriya avtomatlaşdırması) kifayət qədər genişlənməyib; halbuki qlobal trend elmi məhz bu mənbədən sürətləndirir.

5.Kadr motivasiyası: aşağı maaş → paralel iş → elmdə məhsuldarlığın düşməsi → nəticənin bazara çıxmaması → yenə aşağı maaş… göründüyü kimi kritik qapalı dövrə yaranır.

Bəs çıxış yolu necə, varmı? Prezident “xərci artırmaq” deyil “sistemi qurmaq” xəttini təklif edir: “Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik”.

Bəs həmin islahatlar özündə hansı nüsxələri ehtiva edə bilər? İlk növbədə, yaxın 5-10 il ərzində ÜDM-də elm xərclərinin payı kritik 0,16-dan 1faizə qaldırılmalıdır. Birmənalı! Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, R&G (Araşdırma və İnkişaf) payı artdıqca innovasiya ekosistemi “özü-özünü bəsləyən” rejim tipinə yaxınlaşır. İkinci vacib arqument qismində layiqli minimal əməkhaqqı üstəgəl laboratoriya-avadanlıq təminatı, performans əlavəsi, yəni Q1/Q2 nəşr, patent, sənaye müqaviləsi, qrant və s. çıxış edə bilər. Növbəti addım “elm-universitet-sənaye-özəl sektor”, təbiri-caizsə, konsorsiumu ola bilər. Bu sahədə Bakı Dövlət Universitetinin, UNEC-in son illəri əhatə edən təşəbbüsləri perspektivdə faydalı nəticələrin ola biləcəyinin ismarışını verir.

Yolayrıcında “düşüncə dayanacağı”

Bəlkə də haçansa gəlişigözəl görünsə də, artıq günümüzün vazkeçilməz imperativinə çevrilmiş – Elm yoxdursa, gələcək də yoxdur! – tezisini dünyanın texnoloji liderləri şüar kimi deyil, institusional gerçəklik kimi qəbul ediblər. Onlar R&D-yə (Tədqiqat və İnkişaf) sabit yatırım edir, alimi yalnız auditoriyada yox, laboratoriyada və startap mühitində “mərkəzi fiqur”a çevirirlər. Bu gün elmdə yeni bir sürət mühərriki də var: AI-for-Science (Elmdə süni intellektin tətbiqi). Süni intellekt eksperimentləri ucuzlaşdırır, hipotezləri sürətləndirir, böyük məlumatı bir neçə günə “danışdırır”. Amma bunun üçün sadəcə istək yox, hesablama gücü, data və heç şübhəsiz, kadr lazımdır.

Azərbaycanın əsas “baş ağrısı” isə hamıya tanışdır: elmə kapital qoyuluşu azdır, alimin maaşı aşağıdır. Bu, yalnız sosial məsələ deyil; strateji nəticələri olan məsələdir: aşağı maaş alimi paralel işə itələyir, paralel iş elmi məhsuldarlığı azaldır, məhsuldarlıq azalanda tətbiq də olmur, tətbiq olmayanda iqtisadiyyat elmi “sifarişçi” kimi görmür və dövrə qapanır.

Ötən illərdə, deyilənə görə, regionlarda daşa-dəmirə-betona 100 mlrd artıq ABŞ doll. əsaslı kapital yatırılıb. Nəticəsi?!

Bəs elmə nə ayrılıb? Qərb ölkələri tam tərsinə edərdi.

Prezident İ.Əliyevin AMEA-dakı çıxışında verdiyi ismarış məhz bu qapanmanı qırmağa çağırır: texnologiya, süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik – bunlar “trend” deyil, dövlətin inkişaf şərtidir. Yəni elm öz-özünə böyüməyəcək; ona iqtisadiyyatda yer açılmalıdır. Elmin iqtisadiyyata yol açması isə üç şey tələb edir: pul (R&D), qayda (idarəetmə), körpü (sənaye ilə əlaqə). Bu üçbucaq qurulmazsa, elm “müdrik ənənə” olaraq qalacaq, “inkişaf mühərriki”nə çevrilə bilməyəcək.

Bu mənada elm “xərclənən yaxud tükənən sahə” deyil, gəlir yaradan, riskləri azaldan və gələcəyi sığortalayan investisiya alətidir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə elmə ayrılan vəsait sosial yardım və ya mədəniyyət xətti ilə deyil, birbaşa iqtisadi və milli təhlükəsizlik strategiyalarının tərkib hissəsi kimi planlaşdırılır.

Azərbaycan üçün də bu sual artıq nəzəri deyil: elm həyatımızda hansı rolu oynayır və oynamalıdır? Neft gəlirlərinin azalması, qlobal texnoloji yarış, süni intellektin sürətli inkişafı və regional geosiyasi risklər fonunda elmin real çəkisi strateji məsələ, milli təhlükəsizliyin predmeti kimi gündəmə çıxır.

Tətbiqi və fundamental elmin Azərbaycanda vəziyyəti: potensial və ziddiyyət

Azərbaycanda elmin vəziyyətini təhlil edərkən ilk növbədə fundamental və tətbiqi elmin asimmetrik inkişafını qeyd etmək lazımdır.

Fundamental elm sahəsində ölkədə müəyyən elmi məktəblər, güclü fərdi alimlər,beynəlxalq nəşrlərdə təmsilçilik mövcuddur.Lakin problem ondan ibarətdir ki, fundamental tədqiqatlar uzunmüddətli və stabil maliyyə tələb edir. Elmə ayrılan vəsaitin azlığı fundamental tədqiqatı epizodik, fraqmentar və şəxsi fədakarlığa əsaslanan fəaliyyətə çevirir. Bu isə elmi məktəblərin davamlılığını təhlükə altına salır.

Tətbiqi elm isə daha ciddi problemlərlə üzləşir: sənaye ilə sistemli əlaqələr zəifdir, dövlət sifarişi mexanizmi institusional xarakter daşımır və elmi nəticələrin məhsula çevrilməsi üçün texnologiya transferi mexanizmləri yetərincə işlək deyil.

Nəticədə tətbiqi elm “nəticə verməli olan sahə” kimi deyil, çox vaxt fundamental elmin kölgəsində mürgüləyən formal istiqamət olaraq qalır.

Bəs məsuliyyət kimin üzərinə düşür: alimlərin, yoxsa hökumətin?

Biz, adətən, günahı qonşuda axtarmağa meyilliyik. Konstruktiv yanaşsaq, səsləndirdiyimiz sual emosional deyil, institusional yanaşma tələb edir.

Alimlərin məsuliyyəti? Bəli, var! Şübhəsiz ki, elmi keyfiyyət, metodoloji səviyyə, beynəlxalq elmi inteqrasiya, intellektual dürüstlük birbaşa alimlərin məsuliyyət zonasına daxildir. Elm zəifdirsə, bunu yalnız maliyyə ilə izah etmək olmaz. Elmi mühitin daxilində də problemlər mövcuddur: konservatizm, qapalı strukturlar, bəzən nəticəyə deyil, formal hesabatlara yönəlmə və s.

İndi tez-tez xatırlatdığımız 80 illik yubiley tədbirini götürək. Prezidentin həmin tədbiri ziyarəti, əslində, elmin taleyindən yana böyük narahatçılığının və bu sahədən konkret gözləntilərinin olduğunun təcəssümü idi. Hər bir ölkə vətəndaşı bilir ki, İlham Əliyev rasional söhbətə, ağıllı təkliflərə, hətta ölkənin taleyindən yana konstruktiv tənqidə açıq rəhbərdir. Bəli, tənqid məharət istədiyi kimi cəsarət də istər. Məlum iclasda akademik mühitin “qaymağı, xaması, süzməsi” iştirak edirdi. Bircə nəfər çıxıb demədi ki, cənab Prezident, alimlərin maaşımız azdır, hətta məbləğini söyləməyə belə utanırıq. Son illərin sürətli kadr “perturbasiya”ları akademiyanı əməllicə yorub. Gələn hər “Potyomkin” “akademiya kəndini” əl-əlvan boyalarla təqdim etməyə çalışıb. Bəli, iclas keçirildi, çəpik çalındı, bəs nəticəsi? “Əngəl daşı” yerindən tərpəndimi? Sabah ölkə başçısı “xalça üzərinə” çağırıb soruşsa ki, bu ötən müddət ərzində nə etmisiniz, kampaniya xarakterli iclaslarınmı hesabatı veriləcək?!

Bəs institusional səviyyədə əsas məsuliyyət haradadır? Elmin sistem kimi işləməsi alimlərin iradəsindən daha çox hökumətin siyasətindən asılıdır. Çünki elmi prioritetləri o müəyyən edir, maliyyə həcmini o ayırır, sifariş mexanizmini o qurur, elmin iqtisadiyyata çıxış qapılarını o açır. Əgər elmə ayrılan vəsait cüzidirsə, alimdən dünya səviyyəli nəticə gözləmək institusional ədalətsizlikdir.

Belə bir şəraitdə “hamletvari” bir sualla qarşılaşa bilərik: bəs bu hökumətin elmdən konkret gözləntiləri varmı? Elmə acından ölməsin deyə “ianə” ayırmaq ənənəsi nə vaxtadək davam edəcək?Bu, Azərbaycan üçün həlledici sualdır. Klassik inkişaf etmiş ölkə modelində hökumət elmdən abstrakt “inkişaf” deyil, konkret nəticələr gözləyir: yeni texnologiya, məhsuldarlığın artması, strateji risklərin azalması, sosial problemlərin elmi həlli. İnkişaf oxlarının, çağırışların, prioritetlərin ağırlıq mərkəzlərinin və hədəflərinin kardinal şəkildə dəyişdiyi bir əsnada alimlərə yönəlik uzun illər davam edən “səndəkini yeyək, məndəkini oynadaq” siyasəti iflasa məhkumdur. Ağacın suyunu, gübrəsini verməsən bəhər verəcəkmi? Alim də o cür! Bakılılar demişkən, ilk növbədə, adamın “qarnını görmək” lazımdır... nə qədər trivial səslənsə belə.

(Davamı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr