Fevral ayında Dom.ru internet provayderi (ER-Telecom şirkətinə məxsus) Sankt-Peterburq, Samara və Yekaterinburqdakı abunəçilər üçün sürət limitləri tətbiq edib. Məhdudiyyətlər ayda 3 TB-dən çox trafik istehlak edən istifadəçilərə şamil edilir. Bu həddi aşarsa, onların simli internet sürəti məcburi olaraq 50 Mbit/s-ə endiriləcək.
Herbiand.az "Rossiyskaya Gazeta"ya isatinadən xəbər verir ki, ER-Telecom durumu belə şərh edib: Artıq trafik həcmi adətən abunəçilərin şəxsi istifadəsi ilə deyil, kommersiya fəaliyyəti ilə əlaqələndirilir. Provayderin statistikası göstərir ki, Dom.ru müştərilərinin 85%-i ayda 500 GB-dan az istehlak edir. Buna görə də, yeni məhdudiyyətlər istifadəçilərin 1%-dən azına təsir göstərə bilər.
Məhdudiyyətlərdən təsirlənən abunəçilərə iki seçim təklif olunur: ya yüksək sürəti qorumaq üçün əlavə ödəniş etmək, ya da gələn ay girişin avtomatik bərpasını gözləmək. Federal Antiinhisar Xidməti operatorun hərəkətlərini araşdırmaq niyyətindədir. Agentlik şirkətdən yeni qaydalar üçün iqtisadi və texnoloji əsaslandırma təqdim etməsini tələb edəcək.