AZ

"Dayanıqlı urbanizasiya Azərbaycanın yeni inkişaf istiqamətidir" - POLİTOLOQ

"Ceyhun Bayramovun Anaklaudiya Rossbax ilə Qlobal Bakı Forumu çərçivəsində keçirdiyi bu görüş Azərbaycanın xarici siyasətində son illər prioritet təşkil edən “yaşıl və dayanıqlı inkişaf” doktrinasının beynəlxalq müstəvidə daha dərindən institusionallaşması baxımından mühüm strateji əhəmiyyət kəsb edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə,UN-Habitat ilə qurulan bu sıx təmaslar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı “Böyük Qayıdış” proqramının beynəlxalq standartlara uyğunlaşdırılması və bu prosesin qlobal legitimliyinin möhkəmləndirilməsi üçün geniş imkanlar açır: " Qeyd etmək lazımdır ki, Bakının bu əməkdaşlıq çərçivəsində təqdim etdiyi “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları yalnız daxili yenidənqurma layihəsi deyil, həm də Cənubi Qafqazda yeni, dayanıqlı bir urbanizasiya modelinin yaradılması iddiasıdır.

Perspektiv etibarilə, bu əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda “şəhərsalma diplomatiyası” sahəsində lider dövlətlərdən birinə çevrilməsini vəd edir. Xüsusilə COP29-a ev sahibliyi ərəfəsində və ondan sonrakı dövrdə Azərbaycanın UN-Habitat-ın qlobal gündəliyinə - “Yeni Şəhərsalma Gündəliyi”nə inteqrasiyası ölkəyə həm beynəlxalq investisiyaların cəlb edilməsi, həm də müasir ekoloji texnologiyaların transferi üçün əlavə rıçaqlar qazandırır.

Görüşdə müzakirə olunan məsələlər sübut edir ki, Azərbaycanın bərpa prosesləri sahəsində qazandığı təcrübə yaxın gələcəkdə post-münaqişə zonalarının bərpası üçün qlobal bir “keys” (nümunə) kimi istifadə edilə bilər. Bu isə rəsmi Bakının mənəvi və siyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırır.

Beləliklə, bu tərəfdaşlıq Azərbaycanı regionda ekoloji tarazlığın qorunması və dayanıqlı urbanizasiyanın əsas drayverinə çevirərək ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının xarici dəstəklə möhkəmlənməsinə xidmət edir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
8
sia.az

1Mənbələr