Müasir dövrdə regionda baş verən müharibələr və geosiyasi gərginliklər enerji daşıyıcılarının daşınması və dünya iqtisadiyyatının sabitliyi baxımından yeni risklər yaradır.
Ekspert İlqar Hüseynli bildirib ki, müharibələrin fonunda Hörmüz boğazı və körfəz regionunda baş verən proseslər neft və digər enerji daşıyıcılarının təminatı və daşınması baxımından ciddi problemlər yarada bilər. Onun sözlərinə görə, bu kimi hadisələr təkcə qlobal iqtisadiyyata deyil, eyni zamanda Azərbaycan iqtisadiyyatına da müəyyən təsirlər göstərə bilər.
İ.Hüseynli qeyd edib ki, bu məsələlər fonunda sosial-iqtisadi mövzuların müzakirəsi daha da aktuallaşır. O vurğulayıb ki, region üçün mühüm mövzulardan biri də Qərbi Azərbaycan və Zəngəzur məsələləri, həmçinin Qarabağa qayıdış prosesi ilə bağlı iqtisadi və sosial məsələlərdir.
Ekspert hesab edir ki, bu istiqamətlərdə aparılan müzakirələr və əməkdaşlıq regionun gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Onun fikrincə, qeyd olunan mövzuların davamlı şəkildə diqqətdə saxlanılması və bu sahələrdə mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi vacibdir.
Zəhra Ağayeva