AZ

HƏYAT BAHALAŞIR, ÜMID İSƏ YENƏ NEFTƏDIR ... Rəsmi statistika nəyi etiraf edir, nəyi yox?

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ətrafımızda müxtəlif münaqişələr, hərbi qarşıdurmalar, dünya nizamını dəyişən proseslər baş versə də, bütün bunlar gündəlik dolanışığımız, gəlirlərimiz, tələbatımız mövzusunu gündəmdən çıxarmır. Xüsusilə də COVİD-19 pandemiyasından sonra daha da pisləşən sosial-iqtisadi mühitin yaxşılaşmasına doğru Azərbaycanda təəssüf ki, heç bir ciddi əlamət görünmür. 

Ölkəmiz bir çox makroiqtisadi göstəricilərinə görə “axsayır”, məsələn, adambaşına düşən ÜDM və iqtisadi artıma görə MDB ölkələri sırasında sonuncu olmaqla hətta qonşu Ermənistandan belə xeyli geri qalır. Ümidimiz isə yenə neftin, qazın bahalaşmasınadır ki, bu da acınacaqlı mənzərədir və bir daha onu göstərir ki, biz resurs ölkəsi olaraq qalırıq. Resurslar isə tükənir.

Son 30 ildən çox müddətdə qeyri-neft sektoru iqtisadiyyatımızda tutmalı olduğu yerə hələ də çatdırılmayıb və bütün vədlərə, raportlara rəğmən, yaxın zamanda da çətin ki, çatdırıla…

Üstəlik, əhalinin sosial durumu və gəlirləri ilə istehlak qiymətlər arasındakı uçurum durmadan artır. Bunu hər nə qədər “yumşaltmağa” çalışsa belə, rəsmi statistika da etiraf etmək məcburiyyətindədir.

2026-cı ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilin fevral ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb. Bu barədə Dövlət Stattistika Komitəsinin yeni hesabatında bildirilib.

Məlumata görə, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkil edib.

2026-cı ilin fevral ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0 faiz artıb.

"Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşıb, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, - Statistika Komitəsi bəyan edib.

2026-cı ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana, bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Göründüyü kimi, rəsmi statistikada belə bahalaşan məhsul və xidmətlərin siyahısı ucuzlaşanlardan (o da əgər doğrudan ucuzlaşıbsa) xeyli daha uzundur.

Əlbəttə ki, həmişəki kimi, DSK-nın hesabatı ilə reallıq arasında, yumşaq desək, müəyyən fərqlər var. Bunun üçün rəsmi qurumun açıqladığı rəqəmlərlə pərakəndə satış şəbəkələrindəki və bazarlardakı qiymətləri müqayisə etmək kifayətdir. Bu müqayisə göstərir ki, istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabatda göstərilən 5.7 faizdən xeyli daha çox bahalaşıb. Guya qoyun ətinin, yaxud portağalın ötən ilin fevralı ilə müqayisədə ucuzlaşması iddiası da mübahisəlidir. Üstəlik, mal əti də bahalaşmaqda davam edir.

Eləcə də MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin ucuzlaşmasına dair qeyd edilənlər reallığa uyğun gəlmir. Xatırladaq ki, hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı ilə mümkündür. Aviabiletlər isə nəinki ucuzlaşıb, əksinə, bir çox istiqamətlərdə, o cümlədən də MDB ölkələrinə uçuşlarda bahalaşıb. Məsələn, Rusiya və Belarusa uçuşlar ötən ilin müvafiq dövrü ilə müqayisədə daha baha başa gəlir. Misal üçün Minsk şəhərinə ötən il gediş-gəliş bileti 400 ABŞ dollarıydısa, bu il 500 dollardan aşağı deyil. Eynilə də digər istiqamətlərdə bahalaşma müşahidə olunur.

Ümumiyyətlə, bahalaşma demək olar, bütün sahələrdə mövcuddur və onun sürəti əhalini gəlirlərinin, minimum və orta əmək haqlarının, pensiya və müavinətlərin artım sürətini xeyli üstələyir. Bahalaşma bütünlükdə dünya üzrə müşahidə edilən tendensiyadır. Lakin iqtisadiyyatında texnoloji, elmi yenilikləri, innovasiyaları mənimsəmək və tətbiq etməklə istehsal sahələri, turizm də daxil olmaqla xarici investisiyaları cəlb etmək üçün müvafiq mühit yaratmaq əvəzinə resurs ölkəsi olaraq qalan Azərbaycan kimi məmləkətlər bu proseslərə qarşı daha həssas və hazırlıqsızdır.

Məsələn, son illər nəinki kasıb, orta gəlirli Azərbaycan ailəsi üçün belə yeni mənzil almaq demək olar mümkünsüz, əlçatmazdır. Əksəriyyət isə bunu ağlına belə gətirmir və daha çox gündəlik dolanışığı barədə düşünür, işsiz qalmasından qorxur.

Mütəxəssislər dəfələrlə hökumətin iqtisadi blokunun həyata keçirdiyi “cərimə-vergi-rüsum iqtisadi siyasəti”nin yararsız olduğunu, bu siyasətə yenidən baxılmasını, kiçik və orta sahibkarlığa münbit şəraitin, azad rəqabət mühitinin, çevik və sadə vergi-gömrük qanunvericiliyinin yaradılmasını, kreditlərin, maliyyə vəsaitlərinin əlçatan edilməsini təklif ediblər. 

Lakin görünən odur ki, hökumətin iqtisadi blokuna rəhbərlik edənlər bir tərəfdən özləri rəsmi açıqlamalarında mövcud iqtisadi inkişaf göstəricilərindən narazılıqlarını bildirsələr də, nəyisə dəyişməyə qətiyyən tələsmirlər. Ya da dəyişdiklərinin çoxu əks istiqamətdə işləyir və mənfi effekt verir. Bu mənzərəni isə rəsmi statistikanın müxtəlif üsullarla “malaladığı” hesabatlarla ört-basdır etmək mümkün deyil…

E.Qüdrətoğlu

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
azpolitika.info

1Mənbələr