AZ

Zaqatalada millət vəkili Asif Əsgərov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib -Fotolar



Zaqatala rayonunda Milli Məclisinin deputatı Asif Əsgərov növbəti vətəndaş qəbulunu Yeni Azərbaycan Partiyası-nın Zaqatala rayon təşkilatının inzibati binasında keçirib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

aia.az xəbər verir ki, qəbul zamanı millət vəkili vətəndaşların müraciət və qayğılarını diqqətlə dinləyib, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb. Sakinlərin əsas müraciətləri kənd təsərrüfatı, elektrik enerjisi təminatı, içməli su və yol infrastrukturu ilə bağlı olub.

Deputat Asif Əsgərov tərəfindən qaldırılan bəzi məsələlər yerində araşdırılaraq operativ şəkildə həllini tapıb. Səlahiyyəti çərçivəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara yönləndirilib və icrası nəzarətə götürülüb. Eyni zamanda daxil olan müraciətlər əsasında aztəminatlı ailələrə maddi yardım göstərilib ki, bu da sosial həssas qruplara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Günün ikinci yarısında millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Bəhmətli kəndində şəhid kapitan Fəzail Əliyevin atası Cahan Əliyevin vəfatı ilə əlaqədar ailəni ziyarət edib. Ziyarət zamanı ailəyə dərin hüznlə başsağlığı verilib, mərhumun əziz xatirəsi ehtiramla yad olunub, şəhid ailəsinin kədəri bölüşülüb.

Görüş zamanı vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi və onların ailələri hər zaman dövlətimizin və cəmiyyətimizin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətin şəhid ailələrinə göstərdiyi yüksək qayğının təzahürüdür.

Sonda isə həm qəbulda iştirak edən vətəndaşlar, həm də şəhid ailəsinin üzvləri onlara göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva-ya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, ölkə rəhbərliyinin insanlara olan səmimi münasibəti, qayğıkeş və vətəndaşların problemlərinə həssaslıqla yanaşması hər zaman hiss olunur və bu diqqət insanların qəlbində xüsusi yer tutur. Bu qayğı və diqqətin hər bir vətəndaşa çatması isə cəmiyyətdə dövlətə olan inamı daha da möhkəmləndirir, həmrəylik və etimad mühitini gücləndirir.



Seçilən
15
4
aia.az

5Mənbələr