Son illərdə ölkədə ətin qiyməti artmağa davam edir.
Bu tendensiya artıq uzun müddətdir ki, davam edir. Novruz və Ramazan bayramlarına sayılı günlər qaldığı ərəfədə ətin qiyməti yenidən yüksəlib. Ötən həftə ətin bir kiloqramı müştərilərə 16-17 manata təklif olunduğu halda artıq 18 manatdır. Quzu əti isə 20-21 manata satılır.
Maraqlıdır, bu bahalaşma Novruz və Ramazan bayramlarının yaxınlaşması ilə bağlıdır, yoxsa başqa səbəblər var?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, son illərdə ətin qiymətinin bahalaşması bir neçə amillə bağlıdır:
“Novruz və Ramazan bayramlarının yaxınlaşması isə bu bahalaşmanı daha da sürətləndirən əsas səbəblərdən biri hesab olunur. Çünki bayram ərəfələrində adətən qida məhsullarına, xüsusilə də ətə tələbat artır. İnsanlar bayram süfrəsi hazırlamaq üçün daha çox ət alırlar və bazarda tələb yüksəlir. Tələbin artması isə qiymətlərin müvəqqəti şəkildə bahalaşmasına səbəb olur”.
Lakin ekspert qeyd edib ki, ətin qiymətinin artması sadəcə bayramlarla əlaqəli deyil:
“Heyvandarlıq sahəsində yem qiymətlərinin bahalaşması, saxlanma və daşınma xərclərinin artması da ətin maya dəyərinə təsir göstərir. Son illərdə yem və digər təsərrüfat xərclərinin artması fermerlərin istehsal xərclərini yüksəldib. Bu isə öz növbəsində satış qiymətlərinə təsir edir. Eyni zamanda, bəzi hallarda bazarda təklifin azalması da qiymət artımına gətirib çıxarır. Faktiki olaraq, yerli istehsalın tələbatı tam ödəməməsi, idxal imkanlarının məhdudlaşması və mövsümi faktorlar da qiymətlərin dəyişməsinə təsir edə bilir”.
Akif Nəsirli digər səbəblərdən də bəhs edib:
“Ətin qiymətinin artması həm bayram ərəfəsində tələbatın artması, həm də istehsal və bazar xərclərinin yüksəlməsi ilə bağlı olan bir neçə amilin birgə təsiri nəticəsində baş verir. Bayram günləri keçdikdən sonra bəzi hallarda qiymətlər nisbətən sabitləşə bilər, ancaq ümumi artım tendensiyası əsasən iqtisadi və istehsal faktorları ilə əlaqədardır”.
Günel Cəlilova