AZ

Adil Əliyevin iftar süfrəsi: İcra başçısı məmurlara varlı, şəhid ailələri və qazilərə isə kasıb süfrəsi açıb...

İki gün əvvəl Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə təxminən 450 nəfərlik iftar süfrəsi təşkil olunub...

Ramazan ayı İslam dünyasında mənəvi paklıq, mərhəmət, paylaşma və sosial ədalət dəyərlərinin daha çox ön plana çıxdığı müqəddəs aylardan biridir. Bu ayda təşkil olunan iftar süfrələrinin əsas məqsədi də insanların bir araya gəlməsi, cəmiyyət daxilində həmrəyliyin güclənməsi və xüsusilə ehtiyacı olan insanlara diqqət göstərilməsidir. Lakin bəzən bu cür tədbirlərdə ortaya çıxan bəzi görüntülər həmin məqsədlə real vəziyyət arasında ciddi fərqin olduğunu göstərir.

Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, iki gün əvvəl Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə təxminən 450 nəfərlik iftar süfrəsi təşkil olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, rayon rəhbərliyinin nümayəndələri, şəhid ailələri, qazilər, müxtəlif idarə və müəssisələrin əməkdaşları, aztəminatlı ailələr və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmi şəxslər Ramazan ayının mənəvi dəyərlərindən, mərhəmət və şəfqətdən danışaraq xalqımıza firavanlıq və əmin-amanlıq arzulayıblar.

Lakin tədbir zamanı ortaya çıxan bəzi görüntülər və müşahidələr bu çıxışların ruhu ilə uyğun gəlməyən mənzərəni ortaya qoyub.

İftar süfrəsində rəsmi şəxslərin əyləşdiyi stollarla aztəminatlı ailələrin əyləşdiyi stollar arasında açıq şəkildə fərq olduğu diqqətdən yayınmayıb. Məmurların əyləşdiyi stollarda müxtəlif yeməklər, meyvələr və digər təamlar bol şəkildə təqdim olunub. Süfrə adi bir ziyafəti xatırladacaq qədər zəngin görünüb.

Digər tərəfdən, aztəminatlı ailələrin əyləşdiyi stollarda isə fərqli mənzərə müşahidə olunub. Bəzi stollarda diqqəti cəlb edən əsas məqam süfrədə yeməklərin az, fuçerlərin isə həddindən artıq çox olmasıdır. Məsələn, 10 nəfərlik masa üçün təxminən 25 fuçerin düzülməsi və süfrənin əsasən bu cür qablarla doldurulması iftar məclisinin mahiyyəti ilə uyğun gəlməyən görüntü yaradıb.

Bu cür fərqlər istər-istəməz ciddi suallar doğurur. Əgər iftar süfrəsi aztəminatlı ailələr, şəhid ailələri və qazilər üçün təşkil olunursa, həmin süfrədə bərabərlik prinsipi qorunmalıdır. Ramazan ayının əsas fəlsəfəsi də məhz paylaşmaq, sosial fərqləri minimuma endirmək və hər kəsin eyni süfrə arxasında bərabər şəkildə oturmasıdır.

Əks halda belə tədbirlər sosial dəstək nümunəsindən çox formal xarakter daşıyan tədbir təsiri bağışlaya bilər. İnsanların diqqətini cəlb edən də məhz bu məqamdır. Çünki bu cür tədbirlərdə əsas olan zəngin süfrə deyil, münasibətin bərabər və səmimi olmasıdır.

Rəsmi şəxslərin mərhəmət, ədalət və sosial dəstək barədə çıxışlar etməsi əlbəttə ki, müsbət haldır. Lakin həmin fikirlərin praktik davranışda da öz əksini tapması daha vacibdir. Əgər tədbirdə iştirak edən insanlar arasında süfrə fərqi açıq şəkildə hiss olunursa, bu artıq mənəvi mesajın gücünü zəiflədir.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr