AZ

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

“Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu öz işini başa çatdırdı. Artıq uzun illərdir Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbir müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak etdilər. Martın 14-dək davam edən  XIII Qlobal Bakı Forumunda müxtəlif  mövzularda panellər təşkil olundu.  Forumların əhəmiyyəti tədbir çərçivəsində keçirilən görüşlərdə, eyni zamanda, çıxışlarda, aparılan müzakirələrdə xüsusi qeyd olundu. İndiki şəraitdə, dünyada münaqişə və müharibələrin geniş vüsət aldığı bir vaxtda bu qlobal konfransın əhəmiyyəti ikiqat artır. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, bir qlobal forumdan digərinə keçərkən  fəaliyyət sahəsinin getdikcə genişləndiyini görürük. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə  çox nüfuzlu beynəlxalq tədbirdir. Qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – Prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir: “Beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi qarşıya əsas hədəf kimi qoyur.  Prezident İlham Əliyevin uğurlu  siyasəti nəticəsində Azərbaycan  sabitlik və təhlükəsizlik adası kimi tanınır, nüfuz qazanır. 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb. Bu gün Azərbaycan həm də multikultural mühiti ilə tanınır. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Ölkəmiz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışır. Ona görə də Azərbaycan çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldir. Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur”.

Malik Həsənov vurğulayıb ki, Azərbaycan əməkdaşlıq məkanı, təhlükəsiz, sabit ölkə kimi qazandığı imicə daim yeni əlavələr edir: “Dövlətimizin başçısı İlham Əliyev çıxışında belə bir çağırışı xüsusi vurğuladı ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. O da qeyd edildi ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələdir. Çünki işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik”.

Millət vəkili cənab İlham Əliyevin çıxışında  xüsusi yer tutan bu məqamlara da diqqəti yönəldib ki, dünyada hazırda baş verənlər,  yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur: “Azərbaycanın 30 illik işğal dövrünün reallıqları bir daha  bu məqamların aydın ifadəsidir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdır,  bu sənədlərin kağız üzərində qalması münaqişənin nizamlanması prosesinin  30 il uzanmasına səbəb oldu. Azərbaycan özü ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra  etdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülh təcrübəsindən, onun ayrı-ayrı mərhələlərindən geniş bəhs edərək bildirdi ki, bu,  beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur. Biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk”.

Malik Həsənov Forumda diqqət göstərilən məsələlər sırasında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrindən də bəhs edib. Bildirib ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri əməkdaşlığın coğrafiyasını genişləndirir, yeni körpülərin qurulmasını şərtləndirir: “Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı   təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırır. Dövlət başçısı bildirdi ki, bir il əvvəl  keçirilən Forumda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin  sayının  12 olduğu qeyd edilmişdir.  Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək. Cənab İlham Əliyev bu çağırışı etdi ki,  Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik”.

Millət vəkili ümumiləşdirilmiş şəkildə qeyd edib ki, bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici aktor kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə davamlı töhfələr verir.

Seçilən
33
sabahinfo.az

1Mənbələr