Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.
“Son dövrlərdə transatlantik münasibətlərin gələcəyi ilə bağlı müzakirələrin intensivləşməsi beynəlxalq siyasi gündəmdə diqqət çəkən məsələlərdən biridir.
Bunu deputat Könül Nurullayeva xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın ABŞ-ın Avropa ilə vahid blok kimi deyil, daha az təsir gücünə malik ayrı-ayrı dövlətlər toplusu kimi işləməyə üstünlük verə biləcəyi ilə bağlı fikirləri Brüssel və Vaşinqton arasında münasibətlərin mürəkkəb bir mərhələdən keçdiyini göstərir:
“NATO onilliklərdir Şimali Amerika ilə Avropanı kollektiv müdafiə prinsipi əsasında birləşdirən Avro-Atlantik təhlükəsizlik sisteminin əsas sütunu kimi çıxış edir. Lakin son illərdə müdafiə xərcləri, strateji prioritetlər, ticarət münasibətləri və geosiyasi yanaşmalar üzrə ortaya çıxan fikir ayrılıqları alyans daxilində müəyyən suallar doğurur. Vaşinqtonun getdikcə ayrı-ayrı Avropa paytaxtları ilə ikitərəfli münasibətlərə üstünlük verməsi Brüsselin ortaq təhlükəsizlik gündəmini formalaşdırmaq imkanlarını müəyyən qədər zəiflədə bilər. Belə tendensiya NATO kimi konsensus əsasında fəaliyyət göstərən təşkilatın qərar qəbuletmə mexanizmlərini daha mürəkkəb vəziyyətə sala bilər:
“İttifaq daxilində mümkün parçalanma yeni təhlükəsizlik çağırışlarına qarşı kollektiv reaksiyanın da zəifləməsinə gətirib çıxara bilər.Kaya Kallasın Avropa İttifaqına ünvanladığı çağırış həm də Aİ üzvlərinin daha koordinasiyalı və strateji baxımdan aydın mövqe ortaya qoymasının vacibliyini xatırladır.Bu mesaj eyni zamanda NATO-nun gələcək gücünün böyük ölçüdə Avropa ölkələrinin birlik və həmrəyliyindən asılı olduğunu göstərir”.
Onun fikrincə, hazırda əsas məsələ transatlantik tərəfdaşların mövcud fikir ayrılıqlarını konstruktiv dialoq və islahatlara çevirməsidir:
“Əslində NATO-nun gələcəyi tərəflərin kompromis tapmaq və ortaq təhlükəsizlik maraqlarını qorumaq qabiliyyətindən asılıdır. Lakin mövcud geosiyasi şəraitdə bu kompromisin əldə olunması hələlik asan görünmür”.
Günel Elxan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.