AZ

Səbinə Kərimova: İcbari tibbi sığortanın DSMF-nin nəzdinə verilməsi səhiyyə sistemini daha səmərəli edə bilər

 

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İntegrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta qurumunun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Dövlət Sosial Müdafiə Fondunun nəzdinə verilməsi səhiyyə sisteminə müxtəlif istiqamətlərdə təsir göstərə bilər.

Kərimova vurğulayıb ki, bu addım sosial müdafiə və səhiyyə sahələrinin idarə olunmasında daha koordinasiyalı mexanizmin formalaşmasına imkan yaradacaq. Tibbi sığortanın vahid struktur daxilində idarə olunması maliyyə axınlarının daha sistemli tənzimlənməsini və vətəndaşların sosial təminat hüquqlarının daha effektiv qorunmasını təmin edəcək.

O qeyd edib ki, dəyişiklik səhiyyə xidmətlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini zəruri edir. Əsas məqsəd tibbi xidmətlərin əlçatanlığının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və xüsusilə həssas sosial qrupların – əlilliyi olan şəxslərin – tibbi xidmətlərdən maneəsiz istifadə imkanlarının qorunmasıdır.

Səbinə Kərimova həmçinin vurğulayıb ki, idarəetmədə aparılan bu dəyişikliklər uzun növbə problemlərinin aradan qaldırılmasına və vətəndaşların xidmətlərdən daha rahat şəkildə istifadə etməsinə şərait yaradacaq. Ümumilikdə isə əsas gözlənti odur ki, struktur dəyişiklikləri səhiyyə sisteminin daha səmərəli işləməsinə, şəffaflığın artmasına və vətəndaşların tibbi xidmətlərə çıxışının yaxşılaşmasına xidmət etsin.

Zəhra Ağayeva

Seçilən
14
qht.az

1Mənbələr