Bakı, 16 mart, AZƏRTAC
Gənc güləşçilərimizin Serbiyada qazandığı nəticələr gələcək üçün ümidvericidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Nurəddin Rəcəbov yığmanın Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında əldə etdiyi nəticələri dəyərləndirərkən deyib.
Mütəxəssis 1 qızıl, 1 gümüş, 3 bürünc olmaqla ümumilikdə qazanılan 5 medalı və komanda hesabında dördüncü yeri qənaətbəxş hesab edib: “Yarışın gedişi şəxsən məni yüksək səviyyədə qane etdi. Əslində idmançılar bundan da yaxşı performanslar göstərə bilərdilər. İlk gündən bildirmişdik ki, ötənilki dünya çempionlarımızı və medalçılarımızı bu yarışa gətirmədik. İş elə gətirdi ki, onları gənclərlə əvəz etdik”.
O bildirib ki, gənc idmançıların belə turnirlərdə iştirakı onların təcrübə qazanması baxımından böyük əhəmiyyət daşıyır: “Gənclərimizin potensialı yüksəkdir. Xüsusilə ağır çəkilərdə müəyyən çətinliklər yaşansa da, güləşçilər əzmkarlıq nümayiş etdirdilər. Demək olar ki, yarış öncəsi apardığımız analizlər 90 faiz özünü doğrultdu. Lakin medal gözlədiyimiz bəzi idmançılar fəxri kürsüdən kənarda qaldı. İdmançılarımızın bir neçəsi yaşca özlərindən böyük və daha təcrübəli rəqiblərlə qarşılaşdılar. Məsələn, komandamızda Ayxan Cavadov (60 kiloqram) kimi perspektivli gənclər var ki, təcrübə azlığı səbəbindən çempionluq şansını əldən verdi və bürünc medal uğrunda görüşdə uduzaraq beşinci oldu. Bu çempionat onun üçün debüt idi. Bizim məqsədimiz məhz bu gəncləri peşəkar səviyyəyə çatdırmaqdır".
N. Rəcəbov komandanın hətta istirahət günlərində belə, gərgin proqramla çalışdığını diqqətə çatdırıb: "Hər gün çalışırıq, davamlı işləyirik. Bizim hətta bazar günlərimiz belə, məşqlərlə keçir. Bəzi idmançılarımız bu gün istənilən nəticəni verməsələr də, onların parlaq gələcəyinə inanırıq. Qazanılan nəticələr bizim birliyimizdən və inamımızdan irəli gəlir. Hazırda əsas diqqətimiz Albaniyada böyüklər arasında keçiriləcək Avropa çempionatına yönəlib. Hədəfimiz turniri ilk “üçlük”də başa vurmaqdır. Bildiyiniz kimi, əsas heyətdə olan bir neçə idmançımız zədə səbəbilə əməliyyat olunub və hazırda yarışlarda iştirak edə bilmir. Zədəli güləşçilərimizin bərpa prosesi davam edir və onların tezliklə sıraya qayıdacağına ümid edirik”.