AZ

​“Qızım, əşyalarını topla, kəndimizə gedirik!”

Təxminən 15 il əvvəl Lent.az saytında “Məni pərt edən suallar” adlı məqalə yazmışdım. Üstündən aylar, illər, hətta uzun illər keçdiyi üçün o yazının təfərrüatını xatırlamağa çətinlik çəkirəm. Bircə o yadımdadır ki, o vaxt hələ məktəbə getməyən qızım günlərin birində məndən soruşmuşdu: “Ata, biz niyə kəndimizə getmirik?” Bu sual mənə tanış idi. Xədicədən əvvəl qardaşı tez-tez soruşurdu: “Kəndimizə nə vaxt gedəcəyik?” Bu, həmin vaxt idi ki, biz Beyləqana gedib Cəbrayıldan əsən sərin mehi ciyərlərimizə çəkib təsəlli tapırdıq. Bu, həmin vaxt idi ki, tətildən bir neçə gün əvvəl şagirdlər öz aralarında müzakirə aparırdılar: “Məktəb bağlanan kimi Qəbələyə babamgilə gedəcəm”. Elcanın səsinə Aylin səs verirdi: “Atam məni Tovuza nənəmgilə aparacaq”. Bu dəfə Ayxan dillənirdi: “Mən bir həftə Lənkəranda, 10 gün də Şəkidə qalacam”. Sonra isə izahat verirdi: “Babamın biri Lənkəranda, biri də Şəkidə yaşayır”. Yurd-yuvası, doğma torpağı işğal altında olan uşaqlar isə heç vaxt bu söhbətlərə qoşulmurdular. Onların babalarının topdağıtmaz evləri mənfur düşmənin əlində olduğu üçün tətilləri darısqal, rütubətli yatqxana otaqlarında keçirməyə məhkum idilər. Biz valideynlər isə gündə azı yüz dəfə “Ata, biz niyə kəndimizə getmirik?” sualını dinləməyə məcbur idik. Uzun illər belə davam etdi. Uşaqların üzünə baxmağa üzümüz, onlara deməyə sözümüz olmadı. Gücümüz ancaq göz yaşlarımızı içimizə axıtmağa çatdı... Uşaq olanda onları Qarabağa apara bimədik. Amma böyüyəndə onlar bizi Qarabağa apardı. “Kəndimizə nə vaxt gedəcəyik?” deyən uşaqlar əsgər formasını geyinib həmin kəndləri işğaldan azad etdilər. Alnımızı açıq, üzümüzü ağ etdilər... Ötən il Novruz tətilində qızımla Cəbrayıla getmişdik. Soltanlının yovşanlı çöllərinin qoxusunu ciyərlərimizə çəkib əməlli-başlı xoşbəxt olmuşduq. O vaxt demişdim: “Qızım, tezliklə burada yeni kənd salınacaq. Tezliklə Soltanlının işıqları yenidən yanacaq...” İki gün əvvəl Soltanlıdan mənə bir video göndərilib. Evlərin çoxunun hörgüsü başa çatıb. Növbəti bayrama kimi damı da vurulmuş olacaq...Dünən əmioğlu Elnur zəng etmişdi: “Bayramda uşaqları da götürüb kəndə gedək”. Dərhal sabahkı dərslərinə hazırlaşan Xədicəyə səsləndim: ““Qızım, əşyalarını topla, kəndimizə gedirik!” Valideyn olandan sonra bu sözü demək üçün ən azı 20 il gözləmişəm. İlahi, böyüklüyünə şükür! Uca Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizin qarşısında baş əyirik. Başımızı uca etdikləri üçün...

Seymur Verdizadə

Seçilən
1
metbuat.az

1Mənbələr