AZ

Psixoloq Zeynəb Əyyubova: “Cəmiyyətimizdə valideynlər çox vaxt uşaqlara ya heç pul vermirlər, ya da səbəbsiz şəkildə pul verirlər”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Sosial şəbəkədə paylaşılan bir videoda qeyd olunur ki, yəhudi ailələrində uşaqlara pulun dəyərini erkən yaşdan öyrətmək üçün maraqlı üsuldan istifadə olunur. Uşaq 5 yaşına çatanda ona evdə kiçik işlər verilir (otağı təmizləmək, zibili çıxarmaq, paltarları qatlamaq) və bunun müqabilində həftəlik 5 dollar qazanır. Hətta uşağa qazandığı 1 dolları xeyriyyə üçün ayırıb, öz əlləri ilə onu ehtiyacı olanlara verməyi də öyrədirlər. Beləcə uşaqlara pul qazanmağı, onu necə idarə etməyi öyrədirlər. Uşaqlara erkən yaşdan pulun dəyərini öyrətmək vacibdir. Beləliklə, uşaq həm qazanc əldə etməyi, həm də onu idarə etməyi, paylaşmağı və investisiya etməyi öyrənir.Bizdə ailələrdə uşaqlara bu məsələ barədə necə öyrədilir, öyrədilirmi?Bunun üçün valideynlər hansı üsullardan istifadə etməlidirlər?

Psixoloq Zeynəb Əyyubova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşağa pulu xərcləməyi, yığmağı və paylaşmağı öyrətmək faydalıdır: “Əslində uşaqlara pulun dəyərini erkən yaşdan öyrətmək çox vacibdir. Çünki maliyyə davranışları insanın xarakterinin bir hissəsinə çevrilir və bu vərdişlər əsasən uşaqlıq dövründə formalaşır. Bir çox ölkələrdə uşaqlara kiçik ev tapşırıqları verilir və bunun müqabilində simvolik məbləğdə pul qazanırlar. Bu üsul uşaqlara pulun zəhmətlə əldə olunduğunu başa düşməyə kömək edir. Bizim cəmiyyətdə isə çox vaxt valideynlər uşaqlara ya heç pul vermirlər, ya da səbəbsiz şəkildə pul verirlər. Bu halda uşaq pulun necə qazanıldığını və onun dəyərini tam anlamaya bilmir.

Valideynlər uşaqlara pulun dəyərini öyrətmək üçün bir neçə sadə üsuldan istifadə edə bilərlər. Məsələn; uşağa yaşına uyğun kiçik ev işləri tapşırmaq və bunun müqabilində həftəlik kiçik cib xərcliyi vermək olar. Bu, uşağa məsuliyyət hissi qazandırır. Eyni zamanda uşağa pulu üç hissəyə bölməyi öyrətmək faydalıdır: xərcləmək, yığmaq və paylaşmaq. Beləliklə uşaq həm qənaəti, həm planlaşdırmanı, həm də xeyriyyəçilik anlayışını öyrənir”.

psixoloq Zeynəb Eyyubova

“Digər vacib məsələ, valideyn nümunəsidir. Uşaqlar pul haqqında düşüncə və davranışları əsasən valideynlərini müşahidə edərək öyrənirlər. Əgər ailədə maliyyə mövzuları açıq və sağlam şəkildə müzakirə olunursa, uşaq da puldan daha məsuliyyətli istifadə etməyi öyrənir.

Unutmamalıyıq ki, məqsəd uşağı sadəcə pul qazanmağa deyil, həm də onu düzgün idarə etməyə və paylaşmağa öyrətməkdir. Bu isə gələcəkdə daha məsuliyyətli və sosial baxımdan həssas bir şəxsiyyət formalaşdırmağa kömək edir”-deyə psixoloq Zeynəb Eyyubova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr