Süni intellekt jurnalistika sahəsində həm yeni imkanlar, həm də risklər yaradır. Bu texnologiya məlumatların sürətli emalı, faktların yoxlanması və mətnlərin tərtibi kimi prosesləri daha effektiv edir, eyni zamanda, etik problemlər və məlumatın dəqiqliyi ilə bağlı suallar da doğurur.
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İB sədri, media eksperti Müşfiq Ələsgərli süni intellektin jurnalistika sahəsində rolu haqda QHT.az-a açıqlama verib. Onun sözlərinə görə, süni intellekt media üçün yeni texnologiya olmaqla bənzərsiz imkanlar təqdim edir və informasiya istehsalında əhəmiyyətli dəyişikliklər yaradır.
Müşfiq Ələsgərli bildirib ki, “Süni intellekt faktları axtarmaq, məlumat toplamaq, ideyalar formalaşdırmaq və mətn tərtib etmək prosesində jurnalistlərə yardımçı vasitə kimi istifadə oluna bilər".
Ekspert vurğulayıb ki, eyni zamanda, süni intellektin təhlükələri də mövcuddur: “Təəssüf ki, yeni texnologiyalar vasitəsilə yayılan dezinformasiyalar və deepfeyklər informasiya məkanında ciddi faktora çevrilərək etimadlı xəbər mühitini çirkləndirir".
M.Ələsgərlinin sözlərinə görə, beynəlxalq jurnalist təşkilatları media təmsilçilərini süni intellekt texnologiyalarının zərərli təsirlərindən qorumaq üçün təlimatlar, bələdçilər və kodekslər hazırlayıblar. Onların sırasında ən önəmli sənədlərdən biri “Süni intellekt və jurnalistika üzrə Paris Xartiyası”dır. Sənəd 10 noyabr 2023-cü ildə 17 beynəlxalq jurnalist təşkilatının iştirakı ilə hazırlanıb və qüvvəyə minib.
Müşfiq Ələsgərli bildirib ki, Xartiyada jurnalistlərin “cəmiyyətin etimadlı xəbər əldə etməsində öz vasitəçi rolunu unutmamalı, yeni texnologiyalardan asılı duruma düşməməli, onlara yalnız vəzifəsini yerinə yetirmək üçün yardımçı vasitələr kimi yanaşmalı” olduğu vurğulanır.
Ekspert qeyd edib ki, jurnalistlər süni intellekt texnologiyasından etik kodeks çərçivəsində istifadə etdikdə bu texnologiya media üçün yeni imkanlar yaradır, əks təqdirdə isə təhlükəli proseslərə yol açır.
Fatimə Nəbiyeva