AZ

Bu il maksimum nəticə göstərənlərin sayı kəskin azalacaq - PROQNOZ

Bu il mart ayının 9-u və 15-i buraxılış imtahanı keçirilib. İmtahandan sonra abituriyentlər və valideynlər arasında buraxılış imtahanlarının çətinlik dərəcəsinin yüksək olması ilə bağlı ciddi narahatlıqlar müşahidə olunub.

Maraqlıdır, buraxılış imtahanlarının çətinlik səviyyəsinin yüksək olması, DİM-in qəbul (blok) imtahanlarında sualları daha asan hazırlayacağı ehtimalını yaradırmı?

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.

178545

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını fərqli tarixlərdə keçirməsinə baxmayaraq, çətinlik səviyyəsini əsasən eyni tutur və ədalət prinsipinə riayət edir:

“Dünən buraxılış imtahanının ikinci zona üzrə keçirildiyinin şahidi olduq. 9 mart imtahanı ilə müqayisədə çətinlik səviyyəsi təxminən eyni idi. Dövlət İmtahan Mərkəzi illərdir ki, fərqli tarixlərdə keçirilən imtahanlarda ədalət və bərabərlik prinsipinə riayət edir.

Abituriyentlərin fikirləri fərqli ola bilər. Məsələn, 9 mart iştirakçıları 15 mart imtahanını asan sayır, 15 mart iştirakçıları isə 9 martı asan hesab edir. Bununla belə, ümumi səviyyə eynidir, yalnız bəzi tarixlərdə cüzi fərqlər ola bilər.

Məsələn, 9 mart imtahanında Azərbaycan dili çətin, riyaziyyat orta-çətin, ingilis dili asan idi. 15 mart imtahanında isə riyaziyyat çətin, Azərbaycan dili orta, ingilis dili yenə asan səviyyədə təqdim olunmuşdu".

Arzumuz odur ki, buraxılış imtahanı bir tarixdə keçirilsin. Beləliklə, artıq fərqli dedi-qodular və müzakirələr ortaya çıxmaz, balans ciddi şəkildə qorunmuş olar:

“Buraxılış imtahanlarının bir gündə keçirilməsi arzu olunan haldır və Dövlət İmtahan Mərkəzinin bunun üçün kifayət qədər imkanları var. Mərkəz bu istiqamətdə müəyyən təcrübəyə malikdir və illər ərzində praktikayı uğurla həyata keçirib. Mən hesab edirəm ki, buraxılış imtahanları bir tarixdə rahatlıqla təşkil oluna bilər - bu, mərkəzin əlində olan gücdür.

Əvvəlki illərdə imtahanlar üç, son iki ildə isə iki fərqli tarixdə keçirilib. Növbəti ildən isə buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündür. Bunun üçün böyük maliyyə vəsaiti tələb olunmur; sadəcə nəzarətçilərin sayını artırmaq kifayətdir. Əlavə əməkhaqqı və maliyyə dəstəyi təmin olunduqda imtahan uğurla keçirilə bilər.

Beləliklə, buraxılış imtahanının bir tarixdə təşkili ədalətli bərabərliyi təmin edəcək, fərqli dedi-qodular və müzakirələrin qarşısını alacaq, balansı qoruyacaq”.

2023-cü ildə 55, 2024-cü ildə 43 nəfər maksimum bal toplamışdısa, bu il maksimum bal toplayanların sayının yarıdan da aşağı olacağını gözləyirəm:

“Buraxılış imtahanlarının builki çətinliyi son iki illə müqayisədə sosial platformalarda müəllimlər, abituriyentlər və valideynlər tərəfindən sərt tənqid olunub. Buraxılış imtahanı yalnız 1-4-cü ixtisas qruplarının qəbul prosesinin bir hissəsi deyil, həmçinin kolleclərə qəbulda da rol oynayır və 5-ci ixtisas qruplarında qabiliyyət imtahanı ilə birlikdə tətbiq olunur. Buna görə də hesab edirəm ki, buraxılış imtahanı çox çətin olmamalı, daha asan səviyyədə təşkil edilməlidir.

Dövlət İmtahan Mərkəzi artıq elan edib ki, buraxılış imtahanı çətin salınmayıb. Nəticələr açıqlanandan sonra dəqiq vəziyyət məlum olacaq. Məsələn, əvvəlki illərdə 2023-cü ildə 55, 2024-cü ildə isə 43 nəfər maksimum bal (300 bal) toplayıb. Bu il isə gözləntilərimə görə maksimum bal toplayanların sayı yarıdan da az ola bilər.

Sosial platformalarda maksimum bal toplayanlarla bağlı heç bir məlumat yoxdur və bu il imtahanın çətinliyi son iki illə müqayisədə daha qabarıq hiss ediləcək. Təbii ki, Dövlət İmtahan Mərkəzi bu statistik məlumatları açıqlayacaq".

Plan yerlərinin dolmaması təhlükəsi DİM-i blok imtahanındakı sualları asanlaşdırmağa sövq edəcək:

“Əgər vəziyyət belə davam edərsə, Dövlət İmtahan Mərkəzi blok imtahanını asanlaşdırmağa məcbur olacaq. Əks halda müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı aşağı düşə və plan yerlərinin dolmaması riski yarana bilər. Məsələn, keçən il Dövlət 62 000, bu il isə 65 000 plan yeri ayırıb. İmtahan çox çətin olsa, 70 000 abituriyentin buraxılması risk altında olacaq. Buna görə hesab edirəm ki, DİM blok imtahanındakı sualların asanlaşdırılmasına xüsusi diqqət yetirəcək".

Buraxılış imtahanı ümumilikdə asan səviyyədə təşkil olunmalıdır, çünki bu qiymətlər attestata yazılır və şagirdin ümumi orta təhsil göstəricisidir:

“Ümumilikdə buraxılış imtahanları asan səviyyədə təşkil olunmalıdır. Blok imtahanlarında isə ixtisas qruplarına uyğun müəyyən çətinliklər tətbiq etmək mümkündür. Məsələn, 4-cü qrup üçün müəyyən dərslər bir qədər çətinləşdirilə, 3-cü qrupda tarixi, 4-cü qrupda isə biologiyanı çətinləşdirmək olar ki, biologiyadan yaxşı hazırlaşan gəncin Tibb Universiteti və digər ixtisaslara qəbuluna üstünlük verilsin. Eyni zamanda, 3-cü qrupda humanitar ixtisaslarda tarixi, 2-ci qrupda isə riyaziyyatı çətinləşdirmək mümkündür.

Bu cür fərqləndirmələr başa düşüləndir və məqbul sayılır. Lakin buraxılış imtahanında belə çətinliklər tətbiq edilə bilməz, çünki bu imtahanda verilən qiymətlər attestata yazılır və bu amil nəzərə alınmalıdır".

İmtahanı Bakı məktəblərinin potensialına görə hazırlayıb, ucqar dağ məktəblərini nəzərə almamaq doğru deyil:

“Buraxılış imtahanı təkcə ali məktəbə qəbul üçün deyil. Ona görə də bütün şagirdlər bu imtahanda iştirak edirlər. Ola bilər ki, uşaq buraxılış imtahanında iştirak etsin, amma qəbul prosesində iştirak etməsin. Və ya uşaq Azərbaycanda təhsil almaq istəməyərək xarici universitetlərə müraciət edə bilər. Belə hallar mümkündür.

Buna görə də Dövlət İmtahan Mərkəzi buraxılış imtahanını ümumilikdə sadələşdirməli və asanlaşdırmalıdır. Qiymətlərin attestata yazılması da nəzərə alınmalıdır. Orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti müxtəlifdir: zəif şagirdlər də var, yaxşı şagirdlər də, repetitor yanına gedənlər də, getməyənlər də. Eyni zamanda ucqar dağ kəndlərindəki tədris sistemi də nəzərə alınmalıdır, çünki buraxılış imtahanı bütün ölkə üzrə keçirilir.

Yəni, əgər imtahan yalnız Bakı məktəblərinin potensialı və səviyyəsinə uyğun hazırlanarsa, ucqar dağ məktəbləri nəzərə alınmamış olar. Bakıda rahat şəkildə repetitor yanına gedən şagirdləri nəzərə alırsan, amma Yardımlının dağ məktəblərini nəzərə almırsansa, bu doğru olmaz. Ona görə də buraxılış imtahanı bütün ölkəni, ümumi tədris prosesini və məktəblərdəki vəziyyəti nəzərə alaraq sadələşdirilməlidir".

Seçilən
14
azedu.az

1Mənbələr