BAKI, 16 mart. TELEQRAF
BAKI, 16 mart. TELEQRAF
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rasim müəllim, bu ilin iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən fərqli gözləntilər var. Sizcə, erməni xalqının seçimi necə olacaq? Onlar Baş nazir Nikol Paşinyanın da dediyi kimi, “Qarabağ hərəkatı”nı davam etdirəcək, ya da yox” - deyə biləcəklərmi?
- Hər halda Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələni demək olar ki, köklü qoyur. Bu baxımdan o deyir ki, “mən sülh tərəfdarıyam”. Bu ilin iyununda keçiriləcək parlament seçkilərində də onun partiyasına səs verənlər məhz sülhə “hə” demiş olacaqlar. Paşinyanın rəqiblərinə isə dolayısı yolla deyilir ki, “siz müharibə partiyasısınız”. Ermənistanın müstəqilliyinin möhkəmlənməsi və qərbyönümlü bir siyasət aparması amili mövcuddur. Paşinyanın rəqibləri isə Rusiyanın əlaltılar kimi təqdim edilir. Bu isə o deməkdir ki, yayda Ermənistanda keçiriləcək seçkilər demək olar ki, ağ-qara olacaq. Burada ortalıqda üçüncü qüvvəyə yer qalmayacaq.
- Paşinyan komandasının bu seçkilərdə uğur qazanması ehtimalı neçə faizdir?
- Hələlik sorğular göstərir ki, Nikol Paşinyanın partiyası öndədir. İndiki halda müəyyən mənada Ermənistandakı iqtisadi vəziyyət də demək olar ki, onun əlinə işləyir. Eyni zamanda erməni cəmiyyəti indi dünyanı müharibələrin bürüdüyünü görür. Rusiya-Ukrayna müharibəsi, İran ətrafında baş verənlər də yanaşmalara təsirsiz ötüşmür. Bu halda sülh bir qədər də yüksək qiymətləndirilir. Ona görə də Paşinyanın yaydakı seçkilərdə əvvəlki kimi üstünlük qazanmasa belə, prosesdən qalib çıxmaq ehtimalı çox yüksəkdir.
- Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərlə bağlı konkret adımların atılması ehtimalı varmı?
- Paşinyan konstitusiya dəyişiklikləri ilə bağlı da açıq şəkildə bəyanatlar verib. Qeyd edib ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsi əslində ölkəni münaqişəyə cəlb edən anlayışlarla doludur. Çünki orada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən məqamlar mövcuddur. Bu cür iddialarla isə Ermənistanın irəli getməsi, sülhü təmin etməsi mümkün deyil.
- Konstitusiya və müstəqillik haqqında bəyannamənin hansı mexanizmlərlə dəyişməsi ehtimalı var?
- Hələlik bununla bağlı konkret bir məqam yoxdur. Çünki əvvəlki şərtlərlə Ermənistanda refendum keçirib oradan qalib çıxmaq mümkün deyil. Paşinyan da iddia edir ki, bu məsələ ilə bağlı dəfələrlə saxtakarlığa yol verilib. Ola bilsin ki, konstitiusiya dəyişiklikləri və referendumla bağlı yeni bir qanun qəbul edilsin. Parlamentin belə bir qanunu qəbul edəcəyi halda onun şərtlərinin daha əlverişli olması fonunda konstitusiyada da dəyişikliklər qaçılmazdır.
- Ermənistandakı bu dəyişikliklərə müqavimət imkanlarını, prosesə mane olmaq cəhdlərini necə dəyərləndirmək olar?
- Erməni kilsəsi onsuz da susan deyil. Paşinyan prosesdən qalib çıxsa da, onlar “danışacaqlar”, yenə də “artsax”, “soyqırım” kimi mənasız ifadələr işlədəcəklər. Olmayan soyqırımdan yüz il keçib, amma onlar indiyə kimi ancaq zarımaqla məşğuldur. Yəni, bunların olması ehtimalı çoxdur. Bunun dövlətin siyasəti olub-olmaması əsasdır. Paşinyan da deyir ki, “dövlətin siyasətini mən aparıramsa, bu olmayacaq. Bizə bu kifayət edir. Kiminsə haradasa, nə isə deməsi isə mənasızdır. Gedib hamının ağzını yummaq mümkün deyil.