Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Sırdərya vilayəti hakimiyyətinin birgə təşkilatçılığı ilə Gülüstan şəhərindəki Musiqili Dram Teatrında Novruz bayramına həsr olunmuş bayram konserti keçirilib.
Konsertdə Sırdərya vilayət hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, tələbələr, jurnalistlər, eləcə də Özbəkistanda yaşayan soydaşlarımız iştirak ediblər.
AMM-nin direktoru Akif Marifli Novruz bayramının türk dünyasının ortaq mədəni irsi və mənəvi dəyəri olduğunu qeyd edərək bildirib ki, bu qədim bayram təkcə baharın gəlişini deyil, həm də birlik, həmrəylik və dostluq ideyalarını təcəssüm etdirir.
Direktor vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasət nəticəsində iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq dinamik inkişaf edir və belə tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmləndirir.
Sırdərya vilayət hakiminin müavini Şoxrux İsakulov Novruz bayramının türk xalqlarının ortaq mənəvi dəyərlərini, qədim ənənələrini və birliyini əks etdirən mühüm bayramlardan biri olduğunu qeyd edib. O bildirib ki, Novruz əsrlər boyu xalqları bir araya gətirən, dostluq və qarşılıqlı hörmət dəyərlərini möhkəmləndirən bayram kimi böyük əhəmiyyət daşıyır.
Konsert proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, azərbaycanlı müğənni Fəxri Kazım-Nicat, eləcə də Özbəkistanın tanınmış ifaçıları və musiqi kollektivləri çıxış ediblər.
Mədəniyyət Mərkəzinin “Xarı bülbül” teatr truppasınin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın bu olsun” tamaşalarından səhnələr nümayiş etdirilib.
Konsert proqramı çərçivəsində AMM-nin “Qarabağ Zəfəri” rəqs ansamblı Azərbaycan xalq rəqsləri əsasında hazırlanan xoreoqrafik kompozisiyalar təqdim ediblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Gülüstan