AZ

Azərbaycandan usta, mühəndis və fəhlələr Gürcüstana axışır: Gündə 150 dollar

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Son dövrlər işləmək üçün Azərbaycandan Gürcüstana üz tutan ustaların, mühəndislərin və fəhlələrin sayı artmaqdadır. 

Bu isə öz növbəsində ölkəmizdə usta, fəhlə və mühəndislərin sayının azalmasına gətirib çıxara bilər. Maraqlıdır, bu şəxslər niyə məhz Azərbaycanda qalıb işləmir, Gürcüstana getməyi seçirlər? Bunun əsas səbəbi nədir? 

Əmlak eksperti Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, Gürcüstanda böyük tikinti layihələrinə start verilib: 

“Xüsusilə Tbilisi, Batumi və digər turizm bölgələrində tikinti işləri geniş vüsət alıb. Orada, həmçinin Avropa, yerli və Türkiyə şirkətləri böyük layihələrə başlayıblar. İşçi qüvvəsinə tələbat yarandığı üçün Azərbaycandan da ustalar, mühəndislər və fəhlələr Gürcüstana axın edirlər. 

Yəni əsas səbəb odur ki, orada iş yerləri çoxdur və Azərbaycanla müqayisədə maaş daha yüksəkdir. Gündəlik fəhlə ödənişi təxminən 50 dollar, mühəndis və ustalar üçün isə bu məbləğ 100-150 dollar civarında dəyişir. Azərbaycandan Gürcüstana usta, mühəndis və fəhlələrin daha çox getdiyi dövr yaz və yay aylarıdır”. 

Digər bir səbəb isə Azərbaycanda yeni tikinti normativləri qəbul edildikdən və tikinti materialları bahalaşdıqdan sonra tikinti həcmlərində müəyyən azalmaların baş verməsidir:

“Bu səbəbdən azad işçi qüvvəsi kifayət qədərdir və onların ən yaxın ölkəyə üz tutması normaldır”.  Ekspertin sözlərinə görə, Azərbaycanda bir çox hallarda tikinti şirkətləri işçilərin əmək haqqını gecikdirir. Gürcüstanda isə işçiyə ödənişləri  müqavilə ilə tənzimlənir:

“Orada işə qəbul sistemi də çox sadədir və bu da müraciət edənlər üçün cəlbedici görünür. Azərbaycandan işçilərin Gürcüstana üz tutması hər hansı kadr çatışmazlığı yarada bilməz. Çünki Azərbaycanda tikinti sektoru hazırda o qədər də geniş deyil və kifayət qədər kadr var. 

İşçi miqrasiyası təbii prosesdir. Kadr və işçi mübadiləsi yaxın dövlətlər arasında normal sayılır. Avropada da bir dövlətdən digərinə işçi axını müşahidə olunur ki, bu da digər ölkədə işin daha gəlirli olması ilə bağlıdır. Əgər ölkəmizdə betonçu, armaturçu, kafel ustası, elektrikçi və santexnik kimi peşələrdə qıtlıq yaranarsa, bu istiqamətdə peşə təhsil müəssisələri mövcuddur və onlar yeni kadrlar hazırlayır. Bu sahədə yaranan boşluğu həmin kadrlarla doldurmaq mümkündür. 

Lakin ölkədə böyük layihələrə start verilsə, peşəkar kadrların məhdudluğu risk yarada bilər. Bu isə layihələrin gecikməsinə və tikinti xərclərinin artmasına səbəb ola bilər. Nəticədə tikinti prosesinə müəyyən qədər ziyan dəyər. Bu istiqamətdə peşəkar kadr hazırlığını artırmaq mümkündür. 

Çünki yalnız peşəkar kadrların azlığı müəyyən qədər problem yarada bilər. Tikinti sektorunda əlavə stimullaşdırıcı tədbirlər həyata keçirmək lazımdır ki, layihələr genişlənsin. Xüsusilə sosial layihələr və tikinti bazarının aktivliyi təmin edilməlidir. 

Hər hansı ixtisaslı fəhlə, mühəndis və ya ustanın Azərbaycandan getmək istəyi o qədər də olmaz. Əgər o, orada qazandığı əmək haqqının heç olmasa yarısını ölkəmizdə əldə edə bilsə, burada qalmağa üstünlük verər”.

Ekspert qeyd edib ki, dövlət tikinti sektorunda fəaliyyət göstərən şəxslərin rəsmi qeydiyyatını təmin etməlidir:

“Bir çox hallarda tikinti sektoruna cəlb olunan işçilər müqavilə ilə deyil, şifahi qaydada işə qəbul olunur. 

Bu isə vergidən yayınma məqsədi ilə edilir və nəticədə həmin işçilər alacaqları məbləği hər hansı hüquqi sənəd üzərində təsdiqləyə bilmirlər. Tikinti sektoru ciddi şəkildə yenilənməli və bu istiqamətdə islahatlar aparılmalıdır. Böyük layihələr üçün dövlət tikinti sektorunu stimullaşdırmalıdır.

Həmçinin böyük layihələrin həyata keçirilməsi üçün təkmil proqramlar hazırlanmalıdır ki, xaricə miqrasiya edən işçi qüvvəsi ölkəmizdə qalmağa üstünlük versin”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

işçi Vüqar Oruc

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr