AZ

Orucluq bitir, risk başlayır? - Dietoloqdan oruc tutanlara MÜHÜM TÖVSİYLƏR

Ramazan ayının başa çatmasına sayılı günlər qalıb. Bir ay ərzində oruc tutan insanların qidalanma rejimi və gündəlik ritmi müəyyən qədər dəyişir.

Gün ərzində uzun müddət ac qalmağa öyrəşən orqanizm bayramdan sonra adi qidalanma qaydasına birdən-birə qayıtdıqda müəyyən çətinliklər yaşaya bilər. Buna görə də mütəxəssislər qidalanmaya tədricən keçidin daha doğru olduğunu bildirirlər. Bu isə həm həzm sisteminin qorunması, həm də bədənin əvvəlki ritminə daha rahat uyğunlaşması üçün vacib hesab olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında həkim-dietoloq Validə Arzu bildirib ki, oruc dövründən sonra normal qidalanma rejiminə keçid bədən üçün müəyyən adaptasiya mərhələsi tələb edir:

“Uzun müddət ac qalan və yalnız müəyyən saatlarda qidalanmağa öyrəşən həzm sistemi birdən-birə yüklənməməlidir. Bu keçidi daha rahat etmək və bədənin alışdığı ritmi qorumaq üçün qidalanmaya tədricən qayıtmaq vacibdir”.

Dietoloq qeyd edib ki, Ramazan ayı ərzində mədənin həcmi müəyyən qədər kiçilir və həzm fermentlərinin ifrazı dəyişir:

“Buna görə də bayramdan dərhal sonra ağır və yağlı qidalara keçmək həzm problemlərinə səbəb ola bilər. Yeməkləri az-az, lakin daha tez-tez – gündə 4-5 dəfə qəbul etmək metabolizmin yenidən aktivləşməsinə kömək edir. Eyni zamanda hər tikəni yaxşı çeynəmək həm toxluq hissini artırır, həm də mədənin işini yüngülləşdirir”.

Müsahibimiz əlavə edib ki, oruc müddətində bədən gün ərzində susuz qaldığı üçün bayramdan sonra maye balansının bərpası da xüsusi əhəmiyyət daşıyır:

“Gündəlik su qəbulu hər kiloqram çəkiyə təxminən 30-35 ml hesablanır. Məsələn, 70 kq çəkisi olan insan üçün bu, gündə təxminən 2-2,5 litr su deməkdir və hüceyrələrin yenilənməsinə kömək edir. Şəkərli və qazlı içkilər əvəzinə nanə, çobanyastığı və ya yaşıl çay kimi həzmi asanlaşdıran içkilərə üstünlük verilməsi tövsiyə olunur. Qidalanmada isə lifli və tam taxıllı məhsulların seçilməsi bağırsaq fəaliyyətinin tənzimlənməsinə kömək edir”.

V.Arzunun fikrincə, bayram süfrələrində şirniyyatların çoxluğu qan şəkərinin qəfil yüksəlməsinə və tez yorulmağa səbəb ola bilər:

“Buna görə də şərbətli və ağır şirniyyatlar əvəzinə meyvəli desertlərə və ya südlü şirniyyatlara üstünlük vermək daha məqsədəuyğundur. Ağ çörək yerinə tam buğda və ya yulaf tərkibli çörəklərin seçilməsi qan şəkərinin daha stabil qalmasına kömək edir”.

Müsahibimiz onu da vurğulayıb ki, oruc müddətində azalan fiziki aktivliyi də tədricən bərpa etmək lazımdır:

“Yeməkdən təxminən 1-1,5 saat sonra edilən 30-40 dəqiqəlik orta templi yürüşlər həzmi sürətləndirir və bədənin tonusunu artırır. İlk günlərdə səhər yeməyinin çox ağır olmamasına diqqət yetirilməli, günorta və axşam yeməkləri arasında balans qorunmalıdır. Saat 19:00-dan sonra isə qida qəbulunu məhdudlaşdırmaq daha məqsədəuyğun hesab olunur”.

Aynur Babazadə

Seçilən
9
1
bakivaxti.az

2Mənbələr