AZ

İradə Həsənovanın 65 illik yubileyi qeyd olunur

16 mart tarixində tanınmış ictimai fəal, “Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə İsrafil qızı Həsənovanın 65 illik yubileyi tamam olur. 
İradə Həsənova 1961-ci il 16 mart tarixində Daşkəsən şəhərində anadan olub. Orta təhsilini Daşkəsəndə Səməd Vurğun adına 4 saylı məktəbdə alıb. Daha sonra ali təhsilini Azərbaycan Politexnik İnstitutunda radiotexnika ixtisası üzrə alaraq mühəndis ixtisasına yiyələnib. 
Onun əmək fəaliyyəti müxtəlif istehsalat və idarəetmə sahələrini əhatə edir. İlk əmək fəaliyyətinə Gəncə şəhərində sənaye müəssisələrində başlayan İradə Həsənova sonrakı illərdə radioquraşdırma zavodlarında, Şərur və Sədərək rayonlarında müxtəlif məsul vəzifələrdə çalışıb, idarəetmə və kadr hazırlığı sahələrində təcrübə qazanıb. O, həmçinin bir sıra şirkətlərdə rəhbər və menecer vəzifələrində fəaliyyət göstərib. 
2006-cı ildən etibarən İradə Həsənova vətəndaş cəmiyyəti sektorunda fəal fəaliyyət göstərir və “Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri kimi müxtəlif sosial, ekoloji və ictimai layihələrin həyata keçirilməsinə rəhbərlik edir. Onun rəhbərliyi ilə ekologiya, sosial və həssas qrupların dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib. 
İradə Həsənova müxtəlif beynəlxalq və yerli layihələrdə də fəal iştirak edib. Dünya Bankı layihələrində, seçkilərlə bağlı exit-poll tədqiqatlarında təlimçi və sosioloq kimi fəaliyyət göstərib. Həmçinin Gürcüstanda su təchizatı ilə bağlı beynəlxalq konfransda və Türkiyədə keçirilən “İnsan hüquqları kontekstində iqlim dəyişikliyi və qida” mövzusunda beynəlxalq simpoziumda məruzəçi kimi çıxış edib. 
O, müxtəlif illərdə iqlim dəyişikliyi, layihələrin idarə olunması və davamlı inkişaf mövzularında təlim və proqramlarda iştirak edərək bilik və bacarıqlarını daha da inkişaf etdirib. 
QHT.az kollektivi İradə Həsənovanı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yeni uğurlar və ictimai fəaliyyətində davamlı nailiyyətlər arzulayır.

Seçilən
26
qht.az

1Mənbələr