Daxili İşlər Nazirliyi ötən həftəsonu qeydə alınan piyadavurma hadisələri ilə bağlı açıqlama yayıb.
NOCOMMENT.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, yola saldığımız həftəsonu baş verən piyadavurma hadisələrinin təhlili bir sıra təhlükəli məqamları yenidən gündəmə gətirir. Yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadaların qaydalara biganə yanaşması nəticəsində təkcə bir gün ərzində 3 nəfər həyatını itirib.
Məlumata görə, hadisələr əsasən sutkanın qaranlıq vaxtında və yaşayış məntəqələrində qeydə alınıb. Bu isə bir daha göstərir ki, bir çox piyadalar hələ də yol hərəkəti qaydalarına lazımi diqqət yetirmir, yolu istənilən yerdən keçmək, yolu keçərkən qulaqlıqdan istifadə etmək və diqqəti yayındıran digər məşğuliyyətlərə aludə olmaq kimi riskli davranışlara yol verirlər.
DİN vurğulayıb ki, yol hərəkəti bütün iştirakçıların birgə istifadə etdiyi məkandır və qaydalar hamıya şamil olunur. Özünü bu qaydalardan kənarda hesab edən hər bir hərəkət iştirakçısı, o cümlədən piyadalar potensial faciə qurbanına çevrilə bilər.
Nazirlik piyadaları yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən və maksimum diqqətli şəkildə keçməyə çağırıb.
Qeyd olunub ki, ən sadə təhlükəsizlik qaydalarına əməl etməmək istər ehtiyatsızlıqdan, istərsə də bilərəkdən olsun, həm piyadaların, həm də digər yol hərəkəti iştirakçılarının taleyini dəyişə biləcək ağır nəticələrə səbəb ola bilər.