Azərbaycanda ilk dəfə olaraq şirkətlərin korporativ sosial məsuliyyət (KSM) fəaliyyətlərində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq təcrübəsini təhlil edən tədqiqat hesabatı hazırlanıb.
QHT.az xəbər verir ki, “Azərbaycanda şirkətlərin korporativ sosial məsuliyyət fəaliyyətlərində QHT-lərlə əməkdaşlıq təcrübəsi” adlı tədqiqat hesabatı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb. Hesabat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Milli korporativ sosial məsuliyyət (KSM) təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ərsəyə gətirilib.
Tədqiqatın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən 90-dan çox aparıcı şirkətin korporativ sosial məsuliyyət siyasətlərini və onların qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq səviyyəsini təhlil etməkdir.
Aparılan təhlillər göstərir ki, ölkədə fəaliyyət göstərən iri dövlət şirkətləri, eləcə də telekommunikasiya və bank sektorları KSM sahəsində daha aktiv və strukturlaşmış fəaliyyət nümayiş etdirirlər. Bununla belə, QHT-lərlə birbaşa əməkdaşlıq hələ də məhdud xarakter daşıyır. Belə ki, geniş KSM təcrübəsinə malik 90-dan çox şirkətdən yalnız 20-nin açıq məlumatlarında konkret QHT tərəfdaşlarının adı qeyd olunur.
Mövcud əməkdaşlıqlar əsasən təhsil, ətraf mühit, sosial rifah və ictimai sağlamlıq sahələrində həyata keçirilir.
Hesabatda həmçinin vurğulanır ki, Azərbaycanda korporativ sosial məsuliyyət fəaliyyəti ənənəvi xeyriyyəçilik yanaşmasından müasir ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə keçid mərhələsindədir. Araşdırma nəticələrinə görə, əksər hallarda QHT-lər layihələrin hazırlanması mərhələsində deyil, daha çox icraçı və vasitəçi rolunda prosesə cəlb olunurlar.
Bununla yanaşı, kiçik və orta biznes subyektlərinin KSM platformalarında təmsilçiliyinin zəif olması, həmçinin beynəlxalq hesabatlılıq standartlarının – GRI və SASB kimi mexanizmlərin tətbiqinin aşağı səviyyədə qalması əsas çağırışlar kimi qeyd olunur.
Tədqiqatın yekununda Azərbaycanda korporativ sosial məsuliyyət təcrübəsinin daha sistemli və institusional şəkildə inkişaf etdirilməsi üçün bir sıra strateji tövsiyələr də irəli sürülür.
📎 Hesabatı aşağıda, şərh hissəsində yerləşdirilən link vasitəsilə yükləmək mümkündür.