AZ

Moskva müharibənin başlanmasından bəri ən böyük dron hücumuna məruz qalıb

Rusiya paytaxtı istiqamətində iki gün ərzində yüzlərlə pilotsuz uçuş aparatı zərərsizləşdirilib...

Moskva son iki gün ərzində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi kütləvi hücumların hədəfi olub.

Poliqon xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

Merin sözlərinə görə, yalnız gecə saatlarında paytaxta yaxınlaşan 40 dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Həftəsonu ərzində isə ümumilikdə 119 pilotsuz aparat zərərsizləşdirilib.

Sobyaninin açıqlamasına əsasən, hücum martın 14-də günortadan sonra başlayıb və o vaxtdan etibarən Moskva merinin “Telegram” kanalında dronların məhv edilməsi ilə bağlı məlumatlar ardıcıl şəkildə yayımlanıb. Sonuncu belə məlumat martın 16-da səhər saat 9 radələrində paylaşılıb.

Moskva merinin sözlərinə görə, son iki gün ərzində hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan və şəhər istiqamətində ikinci müdafiə xəttinə qədər irəliləyən ümumilikdə təxminən 250 pilotsuz uçuş aparatını məhv edib. Bu, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Moskva istiqamətində qeydə alınan ən genişmiqyaslı hücum hesab olunur.

Bundan əvvəl ən böyük hücum 2025-ci il martın 11-də qeydə alınmışdı. Həmin vaxt paytaxta yaxınlaşan 91 dron vurulmuş, Moskva vilayətində üç nəfər həyatını itirmişdi.

Şahidlərin sözlərinə görə, son gecə ərzində partlayış səsləri Odintsovo, Domodedovo və Podolsk rayonlarında eşidilib. Bundan əlavə, dronlar Moskvanın Troitski inzibati dairəsində, həmçinin İstra, Mojaysk, Naro-Fominsk, Solneçnoqorsk və Dubna şəhərlərində müşahidə olunub.

Hazırda zərərçəkənlər və ciddi dağıntılar barədə məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində ümumilikdə 145 pilotsuz uçuş aparatının ələ keçirildiyini açıqlayıb. Onlardan 53-nün Moskva regionu üzərində vurulduğu bildirilib.

Hücumlar səbəbindən Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi – Rosaviasiya Domodedovo, Şeremetyevo, Jukovski və Vnukovo hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edib. Hazırda yalnız Vnukovo hava limanı tam rejimdə fəaliyyət göstərir, digər hava limanlarında isə reyslər xüsusi razılaşma əsasında həyata keçirilir.

Bu tədbirlərin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğu bildirilir.

“Shot” teleqram kanalının məlumatına görə, hücumlarda Ukraynanın Fire Point şirkəti tərəfindən hazırlanmış FP-1 tipli dronlardan istifadə edilir. Bildirilir ki, hücumlar “dalğalar” şəklində, hərəsində 8–10 pilotsuz aparatdan ibarət qruplarla həyata keçirilir.

Açıq mənbələrdə yayılan məlumatlara əsasən, bu tip dronlar 60 kiloqrama qədər partlayıcı maddə daşıya və təxminən 1400 kilometr məsafə qət edə bilir.

Ukrayna rəsmiləri Moskva istiqamətində həyata keçirilən bu hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr