AZ

Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində media nümayəndələri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Turun məqsədi media nümayəndələrini Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalar, təkrar emal prosesləri və dayanıqlı şəhər idarəetmə təcrübələri ilə yaxından tanış etmək olub.

AZƏRTAC xəbər verir ki, məlumatlandırma turu çərçivəsində iştirakçılar əvvəlcə “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olub, tullantıların çeşidlənməsi prosesi və tullantılar arasında tapılmış qiymətli əşyaların sərgiləndiyi guşə ilə tanış olublar. Media nümayəndələri, həmçinin çeşidlənmə prosesini izləmək imkanı əldə ediblər. Daha sonra iştirakçılar Balaxanı Sənaye Parkına və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna səfər edərək təkrar emal və tullantıların yandırılması nəticəsində elektrik enerjisinin istehsalı prosesi ilə tanış olublar.

Media tur WUF13 Azərbaycan Əməliyyat Şirkəti, “Təmiz Şəhər” ASC və Bakı şəhər İcra Hakimiyyəti “Kommunal Xidmətlər Müəssisəsi” MMC nümayəndələrinin müşayiəti ilə həyata keçirilib. Tədbir çərçivəsində WUF13 zamanı tullantıların idarə olunması ilə bağlı görülən işlər barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və “Təmiz Şəhər” ASC arasında imzalanmış əməkdaşlıq memorandumu WUF13 tədbirinin dayanıqlı şəkildə keçirilməsinə, karbon emissiyasının azaldılmasına, tullantıların minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına, həmçinin resurs səmərəliliyi və dairəvi iqtisadiyyatın təşviqinə strateji töhfə verir.

Mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün silsilə xarakter daşıyan məlumatlandırma sessiyaları davam etdirilir.

 

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Azər İbrahimov

Operator - Şövqi Əzizov

 

Seçilən
2
1
azertag.az

2Mənbələr