Rəngarəng bəzədilmiş səmənilər, şəkərbura və paxlava qoxusu, bayram dekorları və insanların gülümsəyən siması… Novruz bayramı yaxınlaşdıqca şəhərdə canlanma, bayram ab-havası hiss olunur. Məhz bu ərəfədə paytaxtın müxtəlif yerlərində təşkil olunan yarmarkalar şəhərə xüsusi rəng qatır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən "Gənclik" metrostansiyası yaxınlığında təşkil olunan “Kənddən Şəhərə” Novruz yarmarkası da bayramın daha xoş keçməsində xüsusi önəm daşıyır.
Qeyd edək ki, burada 25 regiondan iştirak edən 55 fermer bayram süfrəsi üçün 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir. Yarmarkanın fəaliyyəti 7-18 mart tarixlərində hər gün saat 09:00-dan 19:00-dək nəzərdə tutulub. Biz də yarmarkaya baş çəkərək satıcılarla söhbət etdik, qiymətlər və satışlarla bağlı məlumat topladıq, bir ailənin bayram süfrəsinin neçəyə başa gəldiyini müəyyənləşdirməyə çalışdıq.
Beləliklə, Publika.az “Kənddən Şəhərə” Novruz yarmarkasındanhazırladığı reportajı təqdim edir:
İlk olaraq, yarmarkanın girişində təqdim olunan bal piştaxtasına yaxınlaşdıq. Arıçı fermer Qəhrəman İbrahimov bildirdi ki, hər il yarmarkada iştirak edərək, alıcılara bir neçə çeşiddə bal təqdim edir:
“Çiçək, meşə, qaratikan və cökə balı kimi çeşidlər var. Alıcıları nəzərə alaraq çalışırıq ki, məhsulları bazar qiymətlərindən nisbətən ucuz qiymətə təqdim edək. Sağlamlığını düşünənlər məhz bu ballardan ala bilərlər. Məsələn, meşə balı ürək-damar xəstəliyi, qaratikan balı qaraciyər, böyrək və öd, çökə balı isə soyuqlama və bronxlar üçün xeyirlidir. Balın qiymətini isə çeşidinə görə 20-30 manat olaraq təklif edirik”.