BAKI, 16 mart. TELEQRAF
BAKI, 16 mart. TELEQRAF
Ermənistanda yayda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri və ondan sonrakı proseslər diqqət mərkəzindədir. Faktiki olaraq, bu gün erməni tərəfi yəni, mövcud siyasi hakimiyyət özünü 44 günlük müharibədəki kimi aparmır. Ermənistan hakimiyyətinin proseslərə yanaşmasında xeyli dəyişikliklər baş verib.
Bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova Ermənistanda gözlənilən parlament seçkiləri və ondan sonrakı dövrdə baş verməsi ehtimal edilən proseslərdən bəhs edərkən deyib.
Politoloq hesab edir ki, bu gün Ermənistanda ideoloji dəyişikliklər baş verməkdədir:
“Baş nazir Nikol Paşinyan erməni cəmiyyətini II Qarabağ müharibəsindən sonrakı reallıqlara hazırlamağa başlayıb. Vaxtilə onun özü də yanlış ideologiyanın təsiri altında idi. Nəhayət, geri dönüşü olmayan bir yola başlamağın heç nə vəd etmədiyini dərk etməyə çalışır. Ötən ilin avqustun 8-dən sonra baş verən proseslər yəni, Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə sülh sazişinin paraflanması prosesin geri dönüşü olmayan bir mərhələyə çatdığını bir daha təsdiq etdi”.

Ramiyə Məmmədova hesab edir ki, hazırda Ermənistan cəmiyyətinə sülhlə bağlı vacib mesajlar verən Paşinyan Qarabağ mövzusunun da birdəfəlik qapandığını bəyan edir:
“Bir daha bu mövzuya qayıtmamaq şərti ilə Ermənistan özünün müqəddəratını təyin etməlidir. Bundan sonra onlar dərk etməlidirlər ki, qonşu dövlət olan Azərbaycanla sülh şəraitində yaşamaq lazımdır. Sözsüz ki, yekun və fundamental sülhün təmin edilməsi ilə bağlı rəsmi Bakının yeganə tələbi var. Bu da Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlıdır. Çünki Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Bu iddialar aradan qaldırıldıqdan sonra İrəvanla qonşu dövlətlər arasında normal münasibətlərin formalaşması daha labüd olacaq. Ona görə də yayda yəni, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkənin gələcəyi üçün olduqca mühüm bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bununla erməni cəmiyyəti sülhə və yaxud müharibəyə olan münasibətini bəyan etmiş olacaq”.