AZ

“İslamofobiya ilə beynəlxalq mübarizə günü”nə alim qatqısı



Tarix üzrə fəlsəfə doktoru Fəridə Allahverdiyevanın “Ərəb Baharı illərində Avropa dövlətlərinin Yaxın Şərq siyasətində islam amili” adlı monoqrafiyası nəşr edilmişdir

Məlum olduğu kimi, BMT Baş Assambleyasının 76/254 saylı 15 mart 2022-ci il tarixli qərarı ilə hər il mart ayının 15-i dünya miqyasında İslamofobiya ilə beynəlxalq mübarizə günü kimi qeyd olunmaqdadır. Bu əhəmiyyətli gün ərəfəsində gənc tarixçi, tarix üzrə fəlsəfə doktoru Fəridə Allahverdiyeva “Ərəb Baharı illərində Avropa dövlətlərinin Yaxın Şərq siyasətində islam amili” adlı monoqrafiyasını oxuculara təqdim etmişdir.

Nəfis tərtibatlı və oxunaqlı dildə yazılmış olan monoqrafiyada müəllif ilk olaraq Azərbaycan və Türkiyə prezidentlərinin islamofobiya ilə bağlı çoxsaylı fikirlərindən ikisini diqqətə çatdırır. Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ilin mart ayında Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəxalq konfransın iştirakçılarına, “ ...İslam sülh, mərhəmət, dözümlülük və ədalət dinidir ... XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır” deyə müraciət etmişdi. Bundan daha əvvəl isə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ilin sentyabr ayında BMT Baş Assambleyasında çıxışı zamanı “... Din adına “terror” qavramını qəbul etmirik və terrorla dinin adının bərabərləşdirilməsini ən böyük sayğısızlıq hesab edirik... antisemitizm kimi islamofobiyanın da bir insanlıq suçu olduğunu bütün dünya qəbul etməlidir” demişdi. Müəllifin araşdırmasının bu kimi fikirlərin elmi kontekstdə davamı olaraq ərsəyə gətirilmiş olduğunu söyləyərsək, səhv etmiş olmayacağımızı düşünürük.

Monoqrafiya müəllifin 2018-2024-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Türk xalqları tarixi” kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktorantı olarkən apardığı araşdırma zamanı hazırlanmışdır. Araşdırmanın nəticəsi olaraq yazılmış dissertasiya 2024-cü ildə uğurla müdafiə edilərək, AR Prezidenti yanında AAK tərəfindən müəllifinə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Mövzunun haqqında bəhs edilən dövr mütəxəssisləri, həmçinin geniş oxucu auditoriyası üçün maraqlı olacağını nəzərə alaraq, həmin araşdırmanın əsasında monoqrafiya dərc edilməsi məqsədəuyğun hesab edilmişdir. Araşdırmanın daha təkmil versiyada təqdim edilməsi məqsədilə, müdafiə prosesində keçirilən müzakirələr zamanı mütəxəssislər tərəfindən bildirilmiş tövsiyə və qeydlər də nəzərə alınmaqla tədqiqatda müəyyən əlavə və dəyişikliklər edilmişdir.
Giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan 204 səhifəlik monoqrafiyada Azərbaycan, Türk, rus, ingilis, fransız, alman və ərəb dillərində çoxsaylı mənbələr əsasında Ərəb baharı dövründə Avropa dövlətlərinin Yaxın Şərq siyasətində İslam amilinin rolu əhatəli şəkildə təhlil edilr, regiondakı siyasi, dini və mədəni dinamikanın qlobal siyasətə təsiri izah edilir. Araşdırmanın aktuallığını şərtləndirən səbəblərdən biri də, burada İslamofobiya və dinlərarası münasibətlər kontekstində Avropa və beynəlxalq siyasətin anlaşılmasına yeni baxış bucağının təqdim edilməsidir. Müəllif monoqrafiyasında tarixi hadisələri sadəcə araşdırmaqla kifayətlənmir, eyni zamanda İslamofobiya ilə mübarizə və dinlərarası dialoq məsələlərinə də diqqət çəkir, oxuculara bu məsələlərin əhəmiyyətini daha dərindən başa düşmək imkanı verir.

Monoqrafiyanın diqqət çəkən müsbət cəhətlərindən biri də, onun elmi redaktorlarının, rəyçilərinin beynəlxalq tərkibli olmasıdır: elmi redaktorlar - Bakı Dövlət Universitetin “Türk xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsməd xanım Muxtarova və Türkiyənin Bursa Uludağ Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsi “Siyasi tarix” kafedrasının müdiri, professor Barış Özdal; rəyçiləri – AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın həqiqi üzvü Nərgiz xanım Axundova, ABŞ, Stanford Universitetinin Humanitar elmlər üzrə professoru, Huver İnstitutunun baş elmi işçisi Russel A.Berman, Bakı Dövlət Universitetinin “Türk xalqları tarixi” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Ruintən və siyasi elmlər üzfə fəlsəfə doktoru Məşdi İsmayılov. Gənc bir araşdırmaçının bu tərkibdə bir komanda ilə işləmək cəsarətini özü-özlüyündə tarix elmimizə çox bacarıqlı bir araşdırmaçının gəldiyindən xəbər verdiyini hesab edə bilərik.

Qeyd edək ki, monoqrafiyanın müəllifi Fəridə Allahverdiyeva “Tarix” ixtisası üzrə bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində, “Türk dünyası tarixi” ixtisası üzrə magistr təhsilini Bakı Dövlət Universitetində almış; daha sonra Bakı Dövlət Universitetinin “Ümumi tarix” ixtisası üzrə doktorantı olmuşdur. 2019-2024-cü illərdə Bakı Dövlət Universitetinin “Türk xalqları tarixi” kafedrasında ingilis bölməsi üzrə saathesabı müəllim kimi fəaliyyət göstərmişdir.



Seçilən
20
aia.az

1Mənbələr