AZ

Yaxın 10 ildə universitetlərin Bakıdan köçürülməsi mümkün deyil Ekspert

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

"Düşünmürəm ki, yaxın 10 ildə universitetlərin Bakı şəhərindən kənara köçürülməsi mümkün olsun. Bunun üçün böyük maddi-texniki baza və vəsait tələb olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Ekspert universitetlərin paytaxtdan köçürülməsi ilə bağlı uzun müddətdir müzakirələrin aparıldığını xatırladıb:

"Hazırda isə artıq parlament səviyyəsində ciddi müzakirələr gedir. Ancaq daha məqsədəuyğun olar ki, bölgələrdə fəaliyyət göstərən universitetlərin inkişafına diqqət yetirək. Məsələn, Gəncə şəhərində üç böyük universitet fəaliyyət göstərir. Azərbaycan Dövlət Aqrar Universiteti-nin geniş imkanları və tələbə yataqxanaları var. Həmçinin Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Mingəçevir Dövlət Universiteti-ndə də yeni korpuslar tikilir. Lənkəran Dövlət Universiteti-də də kifayət qədər inkişaf müşahidə olunur. Yaxşı olar ki, ayrı-ayrı iş adamlarına şərait yaradılsın, onlar da bölgələrdə özəl universitetlər açaraq paytaxtın yükünü müəyyən qədər azaltsınlar. Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universiteti-nin artıq beş rayonda filialı fəaliyyət göstərir. Həmin filialların genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və tələbə sayının artırılması ilə də paytaxtdakı yükü azaltmaq mümkündür”.

Məzahir Məmmədli hesab edir ki, şəhərin mərkəzində yerləşən və tələbə sayı çox olan Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti kimi ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi nəzərdən keçirilə bilər.

Ekspert bildirib ki, hazırda ölkədə 200 mindən artıq tələbə var:

"Bu tələbələrin ən azı 80 faizi, bəlkə də daha çoxu Bakı şəhərində cəmləşib. Onların birdən-birə bölgələrə köçürülməsi ciddi problemlər yarada bilər. Bu səbəbdən də prosesin yaxın 10 ildə həyata keçirilməsini real hesab etmirəm. Hətta böyük maliyyə vəsaiti ayrılsa belə, yeni infrastrukturun qurulması və universitetlərin köçürülməsi fiziki baxımdan xeyli vaxt tələb edəcək”.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
qaynarinfo.az

1Mənbələr