AZ

"Blok imtahanları asanlaşdırılmalıdır" - EKSPERT DANIŞDI

"Mart ayının 15-də keçirilən buraxılış imtahanının çətinlik səviyyəsi, gözlənildiyi kimi, təxminən martın 9-da keçirilən buraxılış imtahanının səviyyəsi ilə eyni olmalı idi. Dövlət İmtahan Mərkəzi eyni buraxılış imtahanını fərqli tarixlərdə keçirsə də, sualların çətinlik səviyyəsini mümkün qədər eyni saxlamağa çalışır".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, çətinlik səviyyəsinin ağır olması abituriyentləri müəyyən qədər psixoloji baxımdan çətin vəziyyətə salmışdı. Martın 9-da keçirilən imtahandakı çətinlik nəzərə alınaraq, martın 15-də keçirilən imtahanın da oxşar səviyyədə olacağı təxmin edilirdi.

Sualların Rusiyada keçirilən imtahanlara bənzər formada tətbiq olunması əsasən riyaziyyat fənni ilə bağlı müzakirə olunur. Hər hansı riyaziyyat sualı istər Türkiyədə keçirilən YKS imtahanından, istərsə də beynəlxalq olimpiadalardan götürülə bilər. Bu kimi nümunələrin Azərbaycan təhsil sistemində tətbiqi beynəlxalq təcrübədə də mövcuddur və bu baxımdan istifadə oluna bilər.
Lakin buraxılış imtahanlarında bu yanaşma tətbiq olunanda müəyyən problemlər yarana bilər: "Buraxılış imtahanı daha sadə və əlçatan olmalıdır. Bunun əsas səbəbi odur ki, bu imtahanda yalnız ali təhsil müəssisələrinin birinci, ikinci, üçüncü və dördüncü ixtisas qruplarına hazırlaşan abituriyentlər iştirak etmir. Buraxılış imtahanının nəticələri həm də kolleclərə qəbul üçün istifadə olunur. Bundan əlavə, beşinci ixtisas qrupu üzrə də qəbul prosesində buraxılış imtahanının nəticələri mühüm rol oynayır və yalnız qabiliyyət imtahanları ilə yanaşı qiymətləndirilir. Bu səbəbdən buraxılış imtahanının ümumi səviyyədə daha sadə olması məqsədəuyğun olardı. Bu il vəziyyət bir qədər fərqli oldu. Ümumi səviyyə son iki ilin buraxılış imtahanları ilə müqayisədə xeyli çətin görünür. Dövlət İmtahan Mərkəzinin nümayəndələri imtahanın çətin olmadığını desələr də, bunun real göstəricisi yalnız nəticələr və ümumi statistika açıqlanandan sonra məlum olacaq. 2024-cü ildə buraxılış imtahanında maksimal nəticə olan 300 bal toplayan 55 nəfər abituriyent olmuşdu. 2025-ci ildə isə bu göstərici 45 nəfər idi. Bu il isə həmin rəqəmin nə qədər olacağı hələ məlum deyil.

Əgər imtahan həqiqətən də çətin olmayıbsa, bu il də təxminən həmin sayda abituriyentin 300 bal toplaması gözlənilə bilər. Lakin bu göstəricinin daha aşağı olacağı ehtimalı böyükdür. Sosial platformalarda maksimal bal toplayan abituriyentlərlə bağlı ciddi məlumat səslənmir. Bəlkə də belə nəticə ümumiyyətlə olmayacaq, bu da ayrıca müzakirə mövzusudur.
Nəticələrin və statistikanın açıqlanmasını gözləmək lazımdır. Buraxılış imtahanlarının həddindən artıq çətin olması müəyyən problemlərə səbəb ola bilər. Əgər blok imtahanları da müəyyən qədər asanlaşdırılmasa, bu, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının azalmasına gətirib çıxara bilər. Belə bir vəziyyət dövlət tərəfindən ali təhsil müəssisələrinə ayrılan plan yerlərinin tam dolmaması ilə nəticələnə bilər. Buna görə də Dövlət İmtahan Mərkəzi buraxılış imtahanının statistikasını açıqladıqdan sonra prosesi daha düzgün şəkildə tənzimləməyə çalışmalıdır.

İmtahanların müəyyən qədər sadələşdirilməsi vacibdir ki, yekun bal üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında ciddi azalma baş verməsin. Əks halda, bu, dövlət tərəfindən ayrılmış plan yerlərinin dolmamasına səbəb ola bilər. Buraxılış imtahanlarının fərqli tarixlərdə keçirilməsi arzuolunan deyil. Bir tarixdə imtahanın çətin, digər tarixdə isə daha asan olması həm abituriyentlərdə, həm də müəllimlərdə müəyyən şübhəli fikirlər yarada bilər. Ən optimal və ədalətli variant imtahanın bir tarixdə keçirilməsidir. Dövlət İmtahan Mərkəzi imtahanı iki fərqli gündə keçirməyi təşkil edə bildiyi kimi, bunu bir günə də toplamaq mümkündür. Burada əsas amil nəzarətçidir. Nəzarətçi məsələsini isə müəyyən dərəcədə maliyyə vəsaitinin artırılması və daha çox nəzarətçinin cəlb olunması ilə tənzimləmək mümkündür.

İmtahanın bir gündə keçirilməsi ən yaxşı və optimal variant hesab olunur. Ayın 9-da imtahan verənlər deyirlər ki, imtahan asan idi, ayın 15-də imtahan verənlər isə əksini iddia edirlər və bu cür fikirlər müəyyən narazılıqların formalaşmasına səbəb olur. İmtahan bir gündə keçirilərsə, bu cür narazılıqların qarşısı alınmış olar və nəticədə daha ədalətli bir imtahan prosesi müşahidə edilə bilər".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
47
1
sia.az

2Mənbələr