AZ

Cenk Sümer Türkiyəni unudub

“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer “Şamaxı” ilə oyundan sonra jurnalistlərin qarşısına çıxmışdı.

Ümumiyyətlə, təkcə o deyil. “Neftçi”ni idarə edənlərin son vaxtlar çox qəribə bir adəti yaranıb. Uğursuz oyunların, məğlubiyyətlərin məsuliyyətini heç kim üzərinə götürmür, belə qarşılaşmalardan sonra ortaya çıxacaq bir vəzifəli şəxs, səlahiyyət sahibi tapılmır. Amma birbalaca “Neftçi” dirçəlsin, iki oyun ard-arda qələbə qazansın, dərhal Sümer də tapılacaq, başqaları da. Belə hallar “Neftçi”nin oyunlarında hakimlər mübahisəli qərarlar verəndə də yaşanır. Dərhal videoçarx hazırlayıb, efirlərə təqdim edəcəklər.

“Şamaxı” ilə oyundan sonra da belə olmuşdu. “Ağ-qaralar” hesabda iki dəfə önə keçmiş, son dəqiqələrdə penaltidən vurulan qolla qələbəni əldən vermişdi. Dərhal da Cenk bəy kamera və mikrofonların önünə keçmiş, gözünü yumub, ağzını açmışdı. Diqqət yetirin, “Neftçi” öz meydanında “Turan Tovuz”a 0:1 hesabıyla məğlub oldu, amma cənab Sümerin açıqlama verməsini, legionerlərin komandaya fayda verə bilməməsinin səbəbləri barədə danışmasını görmədik. Çünki danışılacaq söz yox idi. “Turan Tovuz” “Neftçi”nin əl-qolunu elə bağlayıb, xalsız qoydu ki, əlavə söz deməyə, bəhanə axtarmağa ehtiyac da olmadı. Bununla da “Neftçi”nin avrokubok xəyalları da suya düşdü, azarkeşlərin ümidləri tükəndi.

Hamı gördü ki, Cümerin və digər “Neftçi” başbilənlərinin formalaşdırdığı heyət avrokuboklara vəsiqə qazanacaq gücdə deyil. Milyonlar qarşılığında formalaşdırılan, bahalı legioner bolluğu ilə “göz oxşayan” “Neftçi” bu mövsüm də mükafatçılar sırasına düşə bilməyəcək. Sümer bəylə Kamil Məmmədov bunun izahatını vermək, səbəblər barədə danışmaq həvəsində deyil. Onların buna heç cəsarəti də çatmaz.

Cənab Sümerin Şamaxıda verdiyi açıqlamalarda bir məqam diqqətimi çəkmişdi. O vaxtdan bəri bu məqama toxunmağı düşünürdüm. Sitat: “Qapımıza təyin edilən penaltiyə gəlincə, bizim oyunçumuz havaya qalxdı, rəqiblə mübarizə zamanı topa müdaxilə etdi, burda dirsəyin hərəkəti avtomatik idi. Dünyanın heç bir yerində bu epizodu kobudluq kimi qiymətləndirməzlər. Amma burda qiymətləndirildi. Baş hakim epizodu gördü və lehimizə cərimə zərbəsi təyin etdi”. Necə deyərlər, sitatın sonu.

Cenk bəy dünyanın heç bir yerində olmayacaq bir hadisənin bizdə yaşandığını iddia edir və eyham vurur ki, Azərbaycan futbolu dünya futbolundan geridə qalıb, burda sivil dünyanın qayda-qanunları keçmir. Deyəsən, cənab Sümer Azərbaycanda yaşayıb-qazanmağa başlayandan bəri vətəni Türkiyənin futbolunda başverənləri unudub. Unutmasaydı, bizdə başverənləri “dünyanın heç bir yerində olmaz” təyini ilə qiymətləndirib, Azərbaycan futbolunu, hakimlərimizi aşağılamağa uğursuz cəhd etməzdi.

Sümer unutmaq istəsə də, bunu edə bilməz. Çünki qardaş Türkiyənin futbolunda hər həftə yeni qalmaqallar, hakim rəzaləti yaşanır. Bununla kifayətlənmirlər, rəqib komandaların rəhbərlərinə və azarkeşlərinə hücum çəkirlər. İndi mən də deyirəm ki, dünyanın heç bir yerində futbolun ətrafında bu qədər rəzil hadisələr yaşanmır.

“Fənərbaxça”ya qonaq gedən “Samsunspor”un prezidenti, ağsaqqal adam Yüksel Yıldırım fəxri tribunada təhqir olunub, ona söyülməyən söyüş qalmayıb. Qonaq komanda geridönüş edən “Fənərbaxça”nın qələbə qolunu ofsayddan vurduğunu, hakimlərin buna göz yumduğunu da iddia edir. Doğma meydanda “Kasımpaşa”nı qəbul edən “Konyaspor” da ötən turdan sonra rəsmi səhifəsində bəyanat yayıb, hakimlərin onlara qarşı qərəzli olduğunu iddia edib.

Cenk Sümerə doğma olan “Beşiktaş”ın elədikləri lap qəribədi. “Qara qartal” doğma meydanda “Qalatasaray”a məğlub olub. Özü də rəqib uzun müddət azlıqda qalıb, ilk hissədə Barışın ayağının cərimə meydançasında tapdanmasına görə penalti təyin olunmayıb. Bununla belə, “Beşiktaş” tərəfi yenə də hakimdən narazıdı, etirazlar bitib-tükənmir.

Necə deyərlər, qaçan da Allahı çağırır, qovan da. Türkiyədə qələbə qazanan da hakimlərdən narazı qalır, məğlub olan da. İndi mən üzümü Sümer bəyə tutub deyirəm: Türkiyə dünyanın bir parçasıdı, ya yox? Orda başverənlər Azərbaycanda yaşansaydı, nə deyərdi?

AMAL

Seçilən
79
1
football-plus.az

2Mənbələr