Ermənistanın Baş naziri Nikol Paşinyanın Mehri ilə bağlı səsləndirdiyi “xəritədən çıxarılıb” ifadəsi regionda yeni müzakirələrə səbəb olub. Xüsusilə, bu açıqlamanın Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı davam edən danışıqlara mümkün təsiri diqqət mərkəzinə düşüb.
Bəs Paşinyanın bu açıqlaması gələcəkdə Azərbaycan–Ermənistan sərhədinin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Paşinyanın Mehri ilə bağlı səsləndirdiyi fikir seçkiqabağı kampaniya çərçivəsində, Ermənistanın Mehri rayonunun Ağarak qəsəbəsində keçirilən görüş zamanı yerli sakinlərdən birinin sualına cavab olaraq səsləndirilib.
Ekspertin sözlərinə görə, Paşinyanın sinəsinə taxdığı nişanda indiki Ermənistanın xəritəsi əks olunub və bu xəritədə ölkənin bütün inzibati əraziləri göstərilib:
“Mehrinin xəritədə olmaması ilə bağlı deyilənlər isə sadəcə sual verən şəxsə yönəlmiş ironik cavab idi. Paşinyan deyib ki, əgər Mehri xəritədə yoxdursa, bəs sən harada dayanmısan? Bu baxımdan həmin açıqlamanın gələcəkdə Azərbaycan–Ermənistan sərhədinin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə ciddi təsir göstərəcəyi düşünülmür”.
O. Qasımov hesab edir ki, bu məsələ daha çox Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı fəaliyyət göstərən revanşist qüvvələrin apardığı təxribat kampaniyası çərçivəsində qiymətləndirilməlidir.
“Paşinyan seçkilərə müəyyən şüarlarla gedir. “Tarixi Ermənistan” ritorikasına qarşı “real Ermənistan” ideologiyasını önə çəkir. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, sülh prosesinin davam etdirilməsi onun əsas siyasi tezislərindən biridir. Bu baxımdan səslənən fikirlərdə xüsusi siyasi məna axtarmaq düzgün deyil. Daha çox revanşist qüvvələrə ünvanlanmış mesaj kimi qiymətləndirilə bilər”, – deyə siyasi şərhçi vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az