ain.az bildirir, Oxu.az portalına istinadən.
Bu gün Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür.
Oxu.Az xatırladır ki, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR Əməkdar artisti Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçərişəhərdə doğulub.
Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür
Atasının ölümündən sonra anası Vaqifin tərbiyəsi ilə tək məşğul olmağa başlayır. O, məktəbdə musiqi müəllimi olub.
Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib və Bakı Musiqi Akademiyasına daxil olub. O, burada kiçik konsertlər verib, klublarda çıxışları olub.
V.Mustafazadə əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi. Onun məşhurlaşması da elə həmin zamandan başlayır.
O, 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib.
Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir: şərtlərə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı imiş. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum şəxs içindən Vaqif Mustafazadənin adı çəkilir. O, Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır.
Bəstəkar fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 1982-ci ildə, ölümündən sonra isə Dövlət Mükafatına layiq görülüb.
Dahi bəstəkar, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək çatışmazlığından vəfat edib, Bakıda dəfn olunub.
Qeyd edək ki, Vaqif Mustafazadənin həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanda peşəkar caz-muğam tərzində oxuyan ilk qadındır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.