"Təbii artımın dəstəklənməsi ilə bağlı bir sıra təkliflərimiz var. Təkliflərin bir qismi Milli Məclisin iclaslarında da təqdim olunub. Bizim Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə üçün təqdim etdiyimiz təkliflərdən biri də çoxuşaqlı ailə anlayışına baxılması və bunun mərhələli şəkildə beşdən üçə endirilməsidir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov əhalinin təbii artımının artırılması yollarından danışarkən bildirdi.
""Əmək pensiyaları haqqında" qanunda beş və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab olunur. "Sosial müavinətlər haqqında" qanunda isə beşdən çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur. Baxmayaraq ki, beş uşağı olan ailələrdə analar, bir sıra hallarda isə atalar daha tez pensiyaya çıxırlar, amma həmin ailələr müavinət ala bilmirlər. Çünki müavinətlərin verilməsi zamanı "beşdən çox" ifadəsi qeyd olunduğu üçün bu, altı və daha çox uşaqlı ailələrə şamil olunur.
Ona görə bizim təklif ondan ibarətdir ki, çoxuşaqlı ailə anlayışına baxılsın və üçə endirilsin. Nəticə etibarilə bu halda üç və daha çox uşağı olan ailələr həm dövlət büdcəsindən aylıq müavinət ala biləcəklər, həm də bu, imkan verəcək ki, həmin ailələrdə valideynlər uşaqların sayına uyğun olaraq daha tez pensiyaya çıxmaq hüququ əldə etsinlər.
Düşünürəm ki, çoxuşaqlı ailə anlayışına baxılması, bu istiqamətdə məhz dəyişikliklər təbii artıma təsir göstərə bilər. Xüsusən də nəzərə alsaq ki, hazırda beş və daha çox uşağı olan ailələrin sayı çox deyil, hazırda iki və bir uşaqlı ailələrin sayı çoxdur. Amma biz mərhələli şəkildə üçuşaqlı ailələrin sayının çoxalmasını və təbii artımın daha yaxından dəstəklənməsini müşahidə edə bilərik".
Aytəkin TOFİQQIZI