AZ

“Yaxın səkkiz ildə Azərbaycan özünü ətlə təmin edə biləcək” - Eyyub Hüseynov

Azərbaycanda son aylarda ətin qiymətində durmadan artımlar baş verir. Artıq bu məsələ Milli Məclisin deputatları tərəfindən də narahatlıqla qeyd edilməkdədir. Belə ki, parlamentin sonuncu iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ətin bahalaşmasının qarşısını almaq üçün hökuməti müəyyən addımlar atmağa çağırıb. 

Bəs ətin bahalaşmasının qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Tahir Rzayev ölkədə kənd təsərrüfatı siyasətini həyata keçirən məsul şəxslərdən biridir. Ekspert hesab edir ki, ölkədə effektiv kənd təsərrüfatı siyasəti həyata keçirilməlidir:

"Vaxtaşırı mənə Perudan, uzaq bir ölkədən Malik adlı bir nəfər zəng çalır. Deyir ki, biz Azərbaycanda kənd təsərrüfatı siyasətini, ət siyasətini diqqətlə izləyirik. Hökumətin gözəl qərarları, gözəl kənd təsərrüfatı planları, kənd təsərrüfatının inkişafına dair çoxsaylı sənədləri var. Lakin onlar yerinə yetirilmir. Hətta Perudan da bildirirlər ki, ora böyük heyvandarlıq ölkəsidir və qeyd edirlər ki, neçə ildir qarşıya qoyulan məqsəd və hədəflərə nail olunmayıb, meqafermalar hələ də yaradılmayıb, yaradılan fermalar isə kiçikdir və sair. Ətin bahalaşmasına səbəb, əlbəttə, yerli ət qıtlığıdır. Bu qıtlıq fərdi fermer təsərrüfatlarında mövcud problemlərdən qaynaqlanır: suvarma sistemlərinə əlçatmazlıq, yemin bahalaşması, torpaqların heyvandarlıqdan ayrılıb pambıqçılığa verilməsi, bazarın üçüncü subyektlərinin meydana çıxması və əhalinin ümumiyyətlə heyvan saxlamaqdan uzaqlaşması. Belə səbəblər çoxdur".

Eyyub Hüseynov bildirdi ki, Azad İstehlakçılar Birliyi optimistdir, gözləyirlər ki, işğaldan azad olunmuş torpaqlarda böyük heyvandarlıq fermaları yaradılacaq:

"Xüsusilə Kəlbəcər zonası bunun üçün əlverişli bir yerdir. Yaxın səkkiz ildə düşünürük ki, Azərbaycan özünü ətlə təmin edə biləcək. Hazırda bir ildən çoxdur ki, ölkədə süd defisiti mövcuddur, bu da süd məhsullarının və ətin qiymətinin bahalaşmasına səbəb olur. Şübhəsiz ki, Azərbaycan bazarı belə vəziyyətlərdə xarici bazardan asılı olur. Ona görə hökumət daha prinsipial işlər görməlidir, mümkün güzəştlər edilməlidir. Yəqin Tahir Rzayev də məndən yaxşı bilir ki, nə işlər görmək lazımdır. Yalnız yerli kənd təsərrüfatını inkişaf etdirmək qarşıya qoyulmalıdır və insanlar bu işlə məşğul olmağa yönəldilməlidir. Məsələn, ölkədə baytar çatışmazlığı var. Təzə təhsil alıb qurtarmış insanların bir yerdə təcrübə keçməsi üçün yerlər mövcud deyil. Dəfələrlə mənə bir rayondan, bu il Lənkərandan, keçən illər Lənkəran Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və baytar ixtisası almış Əkrəm Həsənov adlı gənc müraciət edib. O deyir ki, qurtarmışam, atam da baytardır, işi yaxşı bilirəm, lakin heç yerdə işə götürmürlər. Məndən xahiş edir ki, ağsaqqal kimi ona kömək edim. Hara gedirlər, deyirlər sənin stajın yoxdur. Hökumət elə bir iş aparmalıdır ki, kənd təsərrüfatının inkişafında, heyvandarlığın inkişafında mühüm rol oynayan baytarlar yaxşı işlə təmin olunsun və keyfiyyətli xidmət göstərsinlər. Bütün bunlar kompleks işlərdir və yerinə yetirilməlidir. Ölkədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bütün addımlar atılmalıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
37
1
redaktor.az

2Mənbələr