AZ

Zaur İbrahimli: “İranın regionda hərbi və siyasi təsir imkanları ciddi şəkildə məhdudlaşa bilər”

Press Klub TV-də yayımlanan gündəm müzakirəsində İran ətrafında baş verən hadisələr və regiondakı geosiyasi vəziyyət müzakirə olunub. Verilişin qonağı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli olub.

QHT.az xəbər verir ki, Zaur İbrahimli bildirib ki, İsrail və ABŞ perspektivindən baxdıqda, İsrailin əsas strateji hədəflərindən biri İranın hərbi imkanlarının zəiflədilməsi olub. Onun sözlərinə görə, hazırkı vəziyyət İranın İsrailə qarşı hərbi və strateji təhdid imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər:

"İranın regionda raket təhdidi ilə təzyiq göstərmək, həmçinin Fars körfəzi ətrafında müxtəlif qüvvələr şəbəkəsi formalaşdırmaq və onları maliyyələşdirmək imkanları da zəifləyə bilər. Yaxın illərdə mümkün atəşkəs olsa belə, İranın hərbi potensialının böyük hissəsi zəifləyə və hərbi infrastrukturunun əhəmiyyətli hissəsi zərər görə bilər. Proseslərin yalnız hərbi deyil, həm də siyasi nəticələri ola bilər. Regionda Çin və Hindistan kimi böyük dövlətlərin mövqeyi də İranın siyasi kursunun dəyişməsinə təsir göstərə bilər".

Ekspert həmçinin İran daxilində baş verən etirazlara da diqqət çəkərək qeyd edib ki, ölkə əhalisinin böyük hissəsi mövcud idarəetmə sistemindən narazıdır. Onun sözlərinə görə, İranın siyasi sistemində daxili ziddiyyətlər və idarəetmə problemləri də açıq şəkildə müşahidə olunur.

Zaur İbrahimli hesab edir ki, bütün bu proseslər İranın regiondakı roluna və gələcək siyasi inkişafına ciddi təsir göstərə bilər.

 

Pərvanə Fərhadqızı

Seçilən
4
qht.az

1Mənbələr