AZ

Süni intellektə həddindən artıq güvən düşünmə və seçim bacarığını ZƏİFLƏDƏ BİLƏR - Psixoloq

İnsanların gündəlik və hətta xırda qərarlarla bağlı süni intellektə müraciət etməsi zamanla fərdin öz düşünmə və seçim etmə bacarığının passivləşməsinə səbəb ola bilər. Psixoloji baxımdan qərarvermə prosesi insanın özünəinamını və məsuliyyət hissini formalaşdıran əsas mexanizmlərdən biridir.

Bu fikirləri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “İki sahil”ə özəl müsahibəsində söyləyib.

Psixoloqun sözlərinə görə, əgər insan bu funksiyanı texnologiyaya həvalə etməyə alışarsa, öz mühakiməsinə güvən azalır və “kənar dəstəyə bağlı qərarvermə” modeli yaranır. Sosial aspektdə isə bu, fərdlərin təşəbbüskarlığının və risk götürmə bacarığının zəifləməsi ilə nəticələnə bilər. Uzunmüddətli perspektivdə insanlar qərarın nəticəsinə görə məsuliyyəti öz üzərindən götürərək texnologiyaya yönəltməyə meyilli ola bilərlər. Bu da şəxsi məsuliyyət hissinin zəifləməsinə və passiv mövqeyə gətirib çıxara bilər. Ona görə süni intellektdən məsləhət vasitəsi kimi istifadə etmək, amma son qərarı insanın özü verməsi psixoloji balans üçün daha sağlam yanaşmadır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
8
ikisahil.az

1Mənbələr