AZ

DİM-abituriyent davası BÖYÜDÜ – Kim haqlıdır?

Son günlər sosial şəbəkələrdə buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı geniş müzakirələr aparılır. İmtahanda iştirak edən bəzi abituriyentlər və valideynlər sualların tərtibatı ilə bağlı narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, bir sıra test tapşırıqları proqram çərçivəsindən kənara çıxıb.

DİM tələbə qəbulu Qaydalarında edilən dəyişiklikləri AÇIQLADI | Modern.az

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə isə bildirib ki, bu iddialar əsassızdır:

"Təəssüf edirəm ki, bu iddianı son zamanlar ictimaiyyət arasında yaymağa çalışırlar. Dövlət İmtahan Mərkəzi hər il sentyabr ayında imtahan proqramlarını ictimaiyyətə təqdim edir. Artıq bir neçə ildir ki, sual kitabçalarını da iştirakçılara təqdim edirik. Yəni uşaqlar imtahandan sonra kitabçaları özləri ilə aparırlar. Bu bir növ bizim ictimai imtahanımızdır. Onu da qeyd edim ki, bu, çox nadir təcrübədir və demək olar ki, digər ölkələrin praktikasında bunu görmürük. Həmçinin, imtahandan dərhal sonra nəinki tapşırıqları, hətta onların izahını, hansı alt-standartı yoxlamaq üçün tərtib olunduğunu belə öz saytımıza yerləşdiririk. İmtahan başa çatan kimi, DİM-in "YouTube" kanalında ekspertlərimiz imtahanda istifadə olunan tapşırıqları izah edirlər, mənbəni göstərirlər.

Bu iddianı səsləndirənlər hələ də ortaya konkret bir fakt qoya bilməyiblər. Buyurun göstərin, deyin ki, bax bu test proqrama və ya dərsliyə uyğun deyil. Belə fakt mövcud deyil. Sentyabr ayından etibarən ayda bir dəfə olmaqla təhsil və pedaqoji ictimaiyyət nümayəndələri ilə açıq görüşlərə start vermişik. Həmin vaxt proqramları, sonrakı görüşlərin birində isə test modellərini müzakirəyə çıxarmışdıq ki, ekspertlər, pedaqoji ictimaiyyət nümayəndələri öz fikirlərini bildirsinlər. Çox təəssüf ki, bu görüşlərə gələn çox az adam olur. Ancaq sosial şəbəkələrdə bəzi insanlar heç bir əsas olmadan proqram və testlərin ona uyğun olmaması fikrini tirajlayıb insanlar arasında çaşqınlıq yaratmağa cəhd göstərirlər. Halbuki bunlar hamısı əsassız fikirlərdir".

Bu il ötən ildən nə ilə fərqlənir ki, insanlar narazılıq bildirirlər? Abbaszadə haqlıdırmı?

News365.az-ın məlumatına görə, təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a deyib ki, 9 mart tarixində keçirilən buraxılış imtahanından sonra müəyyən ajiotaj yarandı:

“15 mart tarixində keçirilmiş növbəti imtahanda isə əvvəlki imtahanla müqayisədə o qədər də çətin və ya fərqli tipli sualların olması ilə bağlı ciddi narazılıq müşahidə edilmədi. Lakin 9 mart tarixli imtahandan sonra həm repetitor müəllimlər, həm valideynlər, həm də abituriyentlərin özləri tərəfindən müxtəlif fikirlər səsləndirildi və müzakirələr geniş vüsət aldı”.

Elçin Əfəndinin fikrincə, yaranmış narazılıqların bir neçə səbəbi var:

“DİM hər il sentyabr ayında Elm və Təhsil Nazirliyinin tam orta təhsil müəssisələri üçün müəyyən etdiyi tədris proqramına uyğun olaraq imtahan proqramını hazırlayır və onu “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edir. Məqsəd ondan ibarətdir ki, abituriyentlər, müəllimlər və valideynlər növbəti il üçün hansı mövzular üzrə imtahan suallarının veriləcəyini əvvəlcədən bilsinlər. Həm 9 mart, həm də 15 mart tarixində keçirilmiş imtahanlarda təqdim olunan sual tapşırıqlarının hər hansı birinin proqramdan və ya mövzudan kənar olduğunu iddia etmək mümkün deyil. Sualların demək olar ki, hamısı proqramda nəzərdə tutulan mövzuları əhatə edib”.

“Bəs bu qədər ajiotajın yaranmasına səbəb nə idi? Əsas səbəblərdən biri abituriyentlərin uzun müddət daha sadə tipli suallara öyrəşdirilməsi və onların daha mürəkkəb tipli imtahan tapşırıqları ilə kifayət qədər üzləşməməsi ilə bağlıdır. Bir çox abituriyent belə düşünürdü ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında da əsasən sadə suallar təqdim olunacaq. Onlar müxtəlif təşkilatların keçirdiyi sınaq imtahanlarında iştirak edir, həmin imtahanlarda yüksək nəticə əldə etdikdə isə eyni nəticəni rəsmi imtahanda da gözləyirdilər”,_ deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu iki imtahan formatı eyni deyil:

“Sınaq imtahanlarını təşkil edən qurumlar adətən mövzu üzrə və daha sadə tipli suallara üstünlük verirlər. Həmin imtahanlar çox vaxt müəyyən mövzu üzrə keçirilir və abituriyentlər hər ay həmin mövzular üzərində öz biliklərini yoxlayırlar. Buraxılış imtahanı isə ümumi xarakter daşıyır və müxtəlif mövzuları eyni anda əhatə edir. Bu isə bir çox abituriyentləri, müəllimləri və valideynləri çaşdırır”.

Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur Ekspert | Icma.az

Elçin Əfəndi qeyd edib ki, digər mühüm səbəb isə buraxılış imtahanına bəzən qeyri-ciddi yanaşılmasıdır:

“Halbuki bu imtahan həm qəbul imtahanı, həm də qəbul imtahanının birinci mərhələsi hesab olunur. Qəbul imtahanı sayılır ona görə ki, həm 5-ci ixtisas qrupu üzrə, həm də 11 illik baza əsasında kolleclərə qəbul məhz bu imtahan nəticələri əsasında həyata keçirilir. Eyni zamanda, bu imtahan ali məktəblərə qəbul prosesinin birinci mərhələsidir. Çünki 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qrupları üzrə qəbul zamanı bu imtahanda toplanan ballar nəzərə alınır. Buraxılış imtahanı strateji əhəmiyyət daşıyır. Ümumilikdə 700 balın 300 balı məhz bu imtahan nəticəsində toplanır. Buna görə də abituriyentlər bu imtahana son dərəcə məsuliyyətlə yanaşmalıdırlar. İmtahanlarda hər hansı elmi və ya texniki xətanın olması ilə bağlı iddialara gəldikdə isə qeyd etmək lazımdır ki, hər iki imtahan ümumilikdə normal keçib və ciddi elmi və texniki səhvlərdən söhbət gedə bilməz. Bəzi hallarda dinləmə mətni ilə bağlı səs problemləri yarana bilər ki, bu da texniki məsələlər sırasına daxildir və tamamilə istisna olunmur”.

Mütəxəssis həmçinin bildirib ki, digər müzakirə olunan məsələ Azərbaycan dili üzrə tapşırıqlarda mətnlərin həcminin böyük olması ilə bağlıdır:

“Böyük mətnlər abituriyentləri daha çox oxumağa və düşünməyə vadar edir ki, bu da əlavə vaxt tələb edir. Əgər bu amil nəzərə alınsaydı, bəlkə də narazılıqların bir qismi aradan qalxa bilərdi. Ümumilikdə isə nəzərə almaq lazımdır ki, buraxılış imtahanı qəbul imtahanıdır və hər bir abituriyent bu imtahana ciddi və məsuliyyətli yanaşmalıdır.Məleykə Abbaszadənin səsləndirdiyi fikirlər də əsasən bu məqamlarla üst-üstə düşür. Burada xüsusilə diqqət yetirilməli məsələ abituriyentlərin vaxt bölgüsünü düzgün aparmasıdır. Əgər abituriyentlər üç saat ərzində tapşırıqları yerinə yetirməyə çatdıra bilmirlərsə və bu, mətnlərin həcmi ilə bağlıdırsa, o zaman iki variant nəzərdən keçirilə bilər: ya imtahan müddəti uzadılmalıdır, ya da mətnlərin həcmi müəyyən qədər azaldılmalıdır”.

Seçilən
20
1
news365.az

2Mənbələr