BAKI, 16 mart. TELEQRAF
“Tarix” dərslikləri ilə bağlı dəyişiklik gözlənilir.
Bunu Teleqraf-a müsahibəsində Təhsil İnstitutunun (ARTİ) Tədris resursları şöbəsinin baş mütəxəssisi Gülnar Aşurova deyib.
İnstitutun rəsmisi qeyd edib ki, hazırda növbəti tədris ilində təqdim ediləcək “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin qiymətləndirilməsi davam edir.
G.Aşurova sosial şəbəkələrdə dərsliklərdə dəyişikliklə bağlı fikirlər səslənsə də, rəsmi onlayn platformada aktivliyin aşağı səviyyədə olduğunu vurğulayıb:
"Bir daha xatırlatmaq istərdik ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir. Maraqlı tərəflər sayt vasitəsilə müzakirəyə çıxarılmış dərslik komplektlərinin məzmunu ilə tanış ola, xüsusi bölmədə rəy və təkliflərini bildirə bilərlər. Ayrıca [email protected] elektron poçt ünvanına gələn rəyləri də dəyərləndiririk.
Biz alimləri, təhsil işçilərini, valideynləri, pedaqoji ictimaiyyəti və uyğun təhsil müəssisələrini, ictimai birlikləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərsliklərlə bağlı rəy və təkliflərini bildirməyə dəvət edirik. Müxtəlif sosial şəbəkələrdəki aktiv müzakirələri daha faydalı məcraya yönəltmək və doğru nəticələr əldə etmək üçün bütün təklifləri dinləməyə hazırıq".